Siyasət

Bakıdan Türk Dünyasına Zəngəzur MESAJI - Qərb narahatdır, Rusiya qorxur...

18 Mart 2023 12:08
Baxış: 2 106

Bu aralar Azərbaycan və region üçün xüssusilə əlamətdar proseslərlə yadda qalmaqdadır. 

13 mart tarixində dövlət başçısı İlham Əliyevin Almaniyaya işgüzar səfəri və orada Prezident Frank-Valter Ştaynmayerlə, eləcə də Kansler Olaf Şoltsla görüşü, verilən bəyanatlar müzakirələrin leytmotivinin strateji dialoq xarakteri daşıdığını göstərdi.

İndiki qarışıq mənzərədə Azərbaycanla Almaniyanın tərəfdaşlığı qarşılıqlı ehtiyacların nəzərə alınması ilə daha da yüksəyə qalxa bilər ki, bunun da Azərbaycan Prezidenti mümkünlüyünü Kanslerlə fikir mübadiləsi zamanı inandırdığını deyə bilərik. Bu səfərin ən əhəmiyyətli və rəsmi Bakı üçün əlamətdar hissəsi isə Ermənistanın dezinformasiya siyasətinin Almaniya hökumətinin, ictimiayyətinin gözü qarşısında ifşası oldu.

İlham Əliyev etdiyi çıxışlarla isbatladı ki, Ermənistanın bölgədəki proseslərlə bağlı dedikləri başdan-ayağa cəfəngiyat, heç bir əsası olmayan saxta məlumat toplusudur. Demək olar ki, bununla da Azərbaycan tərəfi Almaniyanın Bakı-İrəvan münasibətlərinə baxış bucağında xeyli dəyişikliyə nail olmağı bacardı. Dövlət başçısının Nikol Paşinyan rejiminin Azərbaycan əleyhinə dediklərini ağyalan olduğunu açıq şəkildə qətiyyətlə Şoltsun diqqətinə çatdırması Almaniyanın böyük mənada Cənubi Qafqazdakı kodlarının dəyişilməsinə səbəb olacaq.

Bakının Berlindən istəyi və gözləntisi böyükdür. Ən əsası, Almaniya Avropa İttifaqının aparıcı üzvü kimi Azərbaycanla Ermənistan liderlərinin Brüssel formatındakı görüşünün nəticələrinə diqqət etməli və onu İrəvanın balansına yönəltməməlidir. Çox güman ki, Azərbaycan bunun müqabilində Almaniya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iştirakı üçün lazım olan mexanizmləri gücləndirmək barədə düşünür. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçiriməsi də geridə qalan həftənin əsas siyasi hadisələrindən biri kimi yadda qaldı. 

Prezident çıxışı zamanı Türkiyə ilə imzalanan Şuşa Bəyannaəməsini xatərladaraq bildirib ki, "2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır".

İlham Əliyev çıxışı zamanı eyni zamanda onu da qeyd edib ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər hələ də qalmaqdadır.

Dövlət başçısı bu fikirləri qeyd etməklə TDT-nin və dünyanın diqqətinə çatdırıb ki, Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qalması faktiki olaraq rəsmi İrəvanın Praqa və Soçi görüşlərində üzərinə götürdüyü öhdəliklərdən imtina etməsi və 10 noyabr üçtərəfli bəyanatının pozulması deməkdir. Nisbətən konkretləşdirsək, İlham Əliyev bu və bu kimi digər məsələləri diqqətə çatdırmaqla faktiki olaraq rəsmi Bakının separatçılara qarşı antiterror, Ermənistana qarşı isə sülhəməcburetmə əməliyyatına başlaması üçün artıq zəmin yarandığı mesajını verib.

Qərbi Zəngəzura QAYIDIŞ...

Prezident çıxışı zamanı onu da qeyd edib ki, "Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur".

Düşünürəm ki, məhz öz təşəbbüsü ilə Ankarada təşkil edilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə ölkə başçısının bu məsələni bir daha qabartması təsadüfi deyil.

Dövlət başçısının "Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulmuşdur", - çıxışı Azərbaycan xalqının iradəsi xaricində qanunsuz şəkildə törədilən bir işğalın xatırladılması adına olduqca önəmli idi. 

İlham Əliyev bu fikirlərlə əslində növbəti dəfə dünya türklərinə, Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinə Türk Dünyasının parçalanmasının məhz Zəngəzurun ermənilərə verilməsi ilə baş verdiyini diqqətə çatdırmaqla, bu millətin yenidən birləşməsi, bütövlüyü üçün məhz Zəngəzurun əhəmiyyətinə diqqəti yönəltmiş olub.

Yəni İlham Əliyev Zəngəzur dəhlizini qabartmaqla dünya türklərinə növbəti mesajı verərək bu ayrılığın yalnız Zəngəzur dəhlizi açılacağı təqdirdə tam olaraq sonlanacağına diqqəti yönəltmiş olub. Dövlət başçımızın bu sözlərindən çıxan nəticə isə belədir ki, Zəngəzur dəhlizi Azərbaycanın təklifi olsa da, türk dünyasının ortaq marağı olmalı və bu istiqamətdə Ermənistana TDT səviyyəsində təzyiqlər artırılmalıdır. 

Azərbaycan liderinin çıxışından aydın sezildi ki, hazırda tək Azərbaycan üçün yox, bütün türk dünyası üçün çox önəmli proseslərin astanasındayıq. Həmin proseslərin Türk Dünyasınınü zünü güldürüb-güldürməyəcəyi isə Azərbaycanın göstərdiyi istiqamət üzrə birgə fəaliyyətin effektivliyinin yüksəldilməsinə bağlıdır. 

TDT liderlərinin Fövqəladə Zirvə görüşündən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyevə zəng etməsi qlobal miqyasda bu Zirvə görüşünün çox diqqətlə izlənildiyindən xəbər verməklə yanaşı, toqquşan maraqların da az olmadığını növbəti dəfə göstərmiş olur.

1 ildən çoxdur Ukraynada apardığı işğalçı müharibəsi ilə bütün siyasi, iqtisadi və hərbi imkanlarını tükətməyə doğru gedən Rusiyanın TDT kimi bir təşkilatda müşahidəçi qismində təmsilçiliyi məsələsi çox güman ki, Moskva üçün indiki situasiyada hava-su kimi önəmlidir. 

Rusiya başda olmaqla Qərbi də ən çox narahat edən məsələlərdən biri Azərbaycanla Türkiyənin birgə alternativ hərbi blok yaradılmasına can atması prosesidir ki, Moskva bu prosesdən kənarda qalmaqdan narahatdır, Qərb isə özünə yeni bir hərbi blok olaraq rəqibin meydana atılmasından narahatlıq duya bilər. Bu da Şərq-Qərb qarşıdurmasını daha da artması ilə nəticələnə bilər.

Amma Prezident İlham Əliyevin təklif etdiyi yeni düzən Azərbaycanı hədəflərinə daha da sürətli şəkildə çatdırmağa hesablanmaqla paralel, Türk Dövlətlərinin də müxtəlif küncdə-bucaqda sıxışdırılıb, müstəqilliklərinə, suverenliklərinə zərbə vurulmasının qarşısını almaq üçün nərəzdə tutulan ən effektiv seçimdir. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.