Siyasət

Rusiya Xankəndini ermənilərə "SATDI" - ABŞ dərhal Bakıya adam göndərdi

2 Fevral 2023 15:19
Baxış: 10 484

53 gündür Xankəndi-Laçın yolunda Qarabağdakı qanunsuzluqlara qarşı aksiyamız davam edərkən, yeni canlanmanın şahidi oluruq. Son bir həftədə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı bir sıra istiqamətlərdə reaksiyalara şahid olduq. Rusiyadan açıqlamalar, ABŞ-dan regionla bağlı yeni qərar, Avropa Parlamentindən isə Azərbaycana qarşı qərəzli qərar gəldi.

2022-ci ilin sonuna iki ay qalmışa kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı gözləntilərin çox yüksək olduğu bir vaxtda Ermənistan tərəfinin Fransa və İranın xüsusilə fəallığı fonunda hər vəchlə danışıqları dalana dirmək üçün atdığı addımlardan artıq 100 günə yaxın bir müddət keçsə də belə görünür ki, sülh üçün vasitəçilik savaşı yenidən qızışmağa başlayır.

Avropa İttifaqının Azərbaycana qarşı son qərəzli addımlarından sonra moderatorluq funksiyasını deaktivləşdirən Qərb fonunda Rusiya və ABŞ bu mübarizədə yeni meydan axtarışını sürətləndirib. Son bir həftəyə nəzər salsaq aydın görə bilərik ki, Bakı ilə İrəvan arasında sülh üçün istər Moskvadan, istərsə də Vaşinqtondan cəhdlər getdikcə atır. İki fövqəl güc yenidən Cənubi Qafqazda mövqe savaşı uğrunda siyasi manevr imkanlarını işə salıb, fayda götürmək qərarına düşüblər.

Ermənistanın baş naziri Nikol Paşinyanın bu həftənin 2-ci günü Vladimir Putinə zəng edərək Kreml rəhbəri ilə Laçın yolundakı vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə etməsi İrəvanın yenidən quyruğunun qapı arasında qaldığını, bacısı Fransadan istənilən dəstəyi görmədiyindən xəbər verir.  

Böyük ehtimalla Haaqa Tribunalında Ermənistana qapını göstərdi. Hətta Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Avropa Parlamentinin ermənipərəst deputatı Asita Kankonun sualına cavablandırarkən "Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmasını nəzərdə tutmur" deməsi görünür, İrəvanı bərk küsdürüb.

Dünənə kimi "Ermənistan KTMT təlimlərində iştirak etməyəcək", "Rusiyanın Ermənistandakı hərbi varlığı təhdiddir" kimi bəyanatlarla anti-Rusiya siyasəti aparan Ermənistan baş nazirinin telefona sarılaraq yenidən Rusiya prezidentini aramasının başqa adı yoxdur.

Elə həmin ərəfədə Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ceyhun Bayramovla telefon əlaqəsi də Moskvanın bölgəyə Avropa İttifaqı və onun kimi digər qüvvələrin müdaxiləsinə imkan verməyəcəyinin siqnallarından növbətisi idi. Belə ki, 2 gün əvvəl (31 yanvar) Sergey Lavrov Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib ki, Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırdır.

Bu o deməkdir ki, Rusiya Ermənistanın bütün cəhdlərinə rəğmən bölgəni tərk edib, proseslərdən qəti kənar qalmaq fikrində deyil. Hələ günlər öncə Rusiya XİN sözçüsü Maria Zaxarovanın Ermənistana dəstək göstərməyə çalışan beynəlxalq qurumlara ironiya ilə "Rusiya tərəfi digərlərindən fərqli olaraq, birbaşa "yerdə" həll yollarını axtarır və humanitar yardım göstərir" fikirləri də Moskvanın Ermənistan-Azərbauycan münasibətlərinin tənzimlənməsi istiqamətində əsas aktor rolunu itirmək fikrində olmadığına bir işarə idi. 

Burdan eyni zamanda belə nəticə çıxır ki, Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsini kənar aktorlara güzəştə gedəcəyi inandırıcı alternativ deyil. Burada hansısa aktor müəyyən xidmət və divident əldə etməyə çalışsa da Rusiya bu məsələdəki marağından kənarlaşmaq niyyətində deyil. 

Amma Cənubi Qafqazda, xüsusilə də bölgədəki vəziyyəti kontrolda saxlamaq adına Rusiya ilə yanaşı ATƏT-in Misnk Qrupunun keçmiş həmsədr üzvü ABŞ da olduqca fəallığı ilə seçilir. Artıq ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında bəyan etdi ki, ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib: "Bu gün mən Luis L. Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək".

Qafqaz danışıqlarında ABŞ-ın yeni baş məsləhətçisi kimdir?

Bono ABŞ-ın Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və BMT Təşkilatları yanında nümayəndəsi, dövlət katibinin birinci müavininin müşaviri və dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə müavini vəzifələrində çalışıb. O, bu vəzifədə Filip Rikouru əvəzləyib. 

ABŞ-ın bu təyinatı faktiki olaraq, Brüsseldə başladılan, Praqada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə nəticələnən prosesin davam etdirilməsi, uğursuz Minsk Qrupu platformasına əbədi "əlvida" deməsindən başqa bir şey deyil.

Minsk qrupunun sabiq həmsədrlərinin statusunda baş verən son dəyişikliklər, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranmış reallıqların qəbul edilməsi ilə yanaşı, həm də ABŞ və Rusiyanın (Fransanın hazırda sədrlik etdiyi Avropa İttifaqı ilə bağlı məsələ son qərəzli addımlardan sonra Bakının qəti mövqeyi sayəsində sülh prosesinə töhfə vermək iqtidarında deyil) Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinə yanaşmalarını da ortaya qoyur. 

Bu amil həm də Vaşinqton üçün "münaqişə", "Dağlıq Qarabağ", "status" kimi 44 günlük müharibə nəticəsində məhv edilmiş, gorbagor olmuş bu anlayış və iddiaların artıq keçmiş olduğunu nümayiş etdirir. 

Xüsusilə də ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etməsinin ardından ABŞ Dövlət katibinin nümayəndəsinin Bakıya səfər edərək İlham Əliyev ilə görüşməsi ABŞ-ın regiondakı proseslərə müdaxilə imkanını əldən verməmək üçün atdığı addımların ardıdır. 

Rusiya ilə bağlı məsələ də aydındır. Bu ölkə də sabiq həmsədr-təmsilçisi üçün status müəyyənləşdirib və Moskvanın "xüsusi nümayəndəsi" də digər sabiq həmsədrlər kimi hər hansı bir beynəlxalq mandata sahib deyil. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinin bundan sonra beynəlxalq vasitəçilərin iştirakı olmadan, birbaşa təmaslar vasitəsilə davam etdiriləcəyini təsdiqləyir. 

Lakin ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etməsinin ardından ABŞ Dövlət katibinin nümayəndəsinin Bakıya səfər etməsi belə görünür ki, Moskvanı biraz da yerindən tərpədərək proseslərdən kənar qalmamaq üçün "mən də varam" deməyə sövq etdi. Sergey Lavrovun təxminən 1 saat öncəki açıqlamalarının başqa adı yoxdur. 

Rusiyanın Xarici işlər naziri bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, "Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan ərazilərini geri qaytardı"

Lavrov bu açıqlama ilə 44 günlük müharibəyə kimi 5 rayonun (Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli) geri qaytarılmasından danışırdısa, indi görürük ki, onların sırasına artıq Kəlbəcər və Laçını da qatmaq məcburiyyətində qalıb. Çünki Azərbaycan Vətən müharibəsi nəticəsində bu reallığı yaratdı, onun olanı düşməndən söküb aldı.

Lakin Rusiya XİN başçısının bu bəyanatı ABŞ-ın regiona son təmasları fonunda eyni zamanda o mənanı verir ki, rəsmi Moskva adı çəkilən 7 rayon xaricində olan ərazilərin - hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti fəaliyyət göstərdiyi əraziləri birmənalı şəkildə Azərbaycan ərazisi kimi təqdim etmək, qələmə vermək fikrində deyil. Biz bunu elə Laçın yolundakı aksiyadan öncə Rusiya müdafiə nazirliyinin Qarabağdakı toponimləri erməni adları ilə qeyd etməsi zamanı da açıq gördük ki, sülhməramlıların yerləşdikləri yaşayış məntəqələrimizin adları məhz erməni toponimləri ilə qeyd edilirdi.

Rəsmi Bakının ardıcıl etirazları sonrası kontingentin komandanı azərbaycanlı jurnalistlərə açıqlamasında açıq etiraf etdi ki, "bu məsələ Moskvadan tənzimlənir. Moskvada necə istəyirlərsə, o əraziləri elə o adla da qeyd edirlər. Bizim bu məsələyə heç bir aidiyyatımız yoxdur".

Lavrovun bu günki açıqlaması məhz həmin hadisələri xatırlamağa vadar etdi. Demək ki, Volkovun sözündə həqiqət var imiş. Cənab Lavrov, Ermənistan Azərbaycanın təkcə 7 rayonunu işğal etməyib. Bəs sizin hazırda Qarabağın dağlıq hissəsində müvəqqəti nəzarət etdiyiniz ərazilər kimə məxsusdur o zaman?

Rusiya bununla da həm Ermənistan hakimiyyətindən, həm də cəmiyyətdən divident qazanmaq fikrindədir. Bununla Rusiya eyni zamanda Ermənistanı əmin etmək istəyir ki, bizim sülhməramlılar əgər bölgədə qalacaqsa, Xankəndi, Ağdərə, Xocavənd və digər nəzarətimizdəki ərazilər separatçıların rəhbərliyi altında öz toxunulmazlığını qoruyub saxlayacaq. 

Lavrov növbəti "Qarabağ müharibəsinin tarixi onilliklərlə dərinə gedir. Həmin dövrlərdə Rusiya çoxsaylı variantlar təklif etmişdi ki, əvvəlki Ermənistan rəhbərliyi bunu çox müsbət qarşılamamışdı, həmin əraziləri, hansı ki, onlar heç vaxt iddia etmirdilər, əllərində saxlamağı arzulayırdılar" açıqlaması ilə eyni zamanda uzun müddət Rusiyanın maşası olan, Moskvadan gələn əmrlər əsasında hərəkət edən Robert Köçəryan və Serj Sarkisyanı Ermənistanın ağır məğlubiyyətində əsas günahkar kimi təqdim etmiş oldu. Bununla da Moskva Nikol Paşinyanın əlini gücləndirərək, onun Vətən müharibəsindən bəri səsləndirdiyi eyni fikri təkrarlamaqla Ermənistan baş nazirinə əlavə dividentlər qazandırmış oldu. 

Gedişat deməyə əsas verir ki, Rusiya sülh, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi adı altında bölgədəki mövcudluğunu qoruyub saxlamaq məqsədi ilə separatçıların Qarabağdan çıxarılmasına mane olmaq üçün bundan sonra daha böyük təxribat planları qurub, Bakıya qarşı təzyiq metodu kii istifadə edə bilər. Rusiya XİN bşaçısının açıqlaması ermənilərə "Əgər Rusiya sülhməramlılarının bölgədə qalmasını təmin etmək üçün bizi dəstəkləsəniz, kontingentin hazırda mövcud olduğu ərazilər erməni torpağı olaraq da qalacaq"

Artıq aydın görünür ki, Bakının İrəvana təklif etdiyi 5 maddəlik sülh paketinin İrəvan tərəfindən qəbul edilməsi dinc yolla mümkün görünmür. Bu isə faktiki olaraq Bakının Brüsseldə olduğu kimi, Rusiya variantından da imtinasına gətirib çıxaracaq. Vaşinqton variantı isə Bakı üçün indiki reallığa görə ən ideal seçimdir. Çünki ABŞ Azərbaycanın təklif paketinə bundan öncə mərhələdə də dəstəyini nümayiş etdirmişdi. 

Amma istənilən halda bu gün Rusiyanın bölgədə əsas aktorlardan biri kimi qalmaq istiqamətindəki son müdaxilələri danışıq masası arxasında sülhün əldə olunmasına imkan verməsə də Azərbaycan üçün heç də pis gələcək vəd etmir. İkinci Qarabağ müharibəsindən sonra postkonflikt mərhələsində də aydın gördük ki, Ermənistan tərəfi Azərbaycanın təklifindən yayınmaq üçün nə qədər manipulyasiyalar etsə, təxribatlar törətsə Azərbaycan Ordusunun ön plana çıxması üçün zəmin yaratmış olacaq. 

Biz bunu elə Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındak ərazilərdə Ordumuzun həyata keçirdiyi sürətli Sarıbaba, Buzlux, Qırxqız əməliyyatları, o cümlədən "Qisas" əməliyyatları zamanı gördük. Həmin əməliyyatlarla Azərbaycan çox önəmli yüksəkliklərdə qərarlaşdı ki, bu da hazırda Ermənistanın böyük hissəsinin çox rahatlıqla Azərbaycan əsgərinin nişangahında saxlamasına səbəb oldu.

Nəzərə alsaq ki, Rusiya bu əməliyyatlar zamanı heç bir müdaxilə fikrinə düşmədi, heç buna cəhd də etmədi. Çünki Azərbaycan sözügedən əməliyyatları məhz öz tarixi ərazilərində apardı, çünki Azərbaycan əsgəri qanunsuz silahlı birləşmələri zərəsizləşdirdi, çünki Azərbaycan sabitliyinə təhdid olan silahlıları zərərsiləşdirməklə, ərazidən çıxamaqla öz təhülkəsizliyini təmin etdi. 

Heç şübhə edilmir ki, sabah da Ermənistan anoloji addımlar atacağı təqdirdə Azərbaycan əsgəri yenidən lazımı tapşırıq əsasında hərəkət edərək, dövlətinin, xalqının mənafeyi, milli maraqları çərçivəsində öz qəhrəmanlığını nümayiş etdirəcək. İlham Əliyevin də qeyd etdiyi kimi "bu gün Azərbaycan ordusu 44 günlük müharibədəki ordudan daha güclüdür". Rusiya Ukrayna ilə ölüm-qalım savaşı apardığı bir zamanda regionda ən əsas müttəfiqlərindən biri olan Azərbaycanı qarşısına alacaq hər hansı bir qərar verəcəyi də ən azı yaxın perespektivdə inandırıcı deyil.

Odur ki, İrəvan yaxşısı budur Qərbə, Rusiyaya, ABŞ-a, İrana arxalanmaq əvəzinə konstruktivlik nümayiş etdirib rəsmi Bakının təkliflərinə "hə" deyərək, özünü xilas etsin. Çünki onu bu vəziyyətdən başqa heç kim, heç bir siyasətçi, heç bir dövlət xilas edə bilməyəcək. Axı artıq 2023-cü ildir və rəsmi İərvanın cəmi 11 ayı qalır...

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.