Siyasət

Kilsə arxiyepiskopu Quranı yandırır, diplomatik etirazlar səslənir, cəmiyyət isə...

24 Yanvar 2023 08:52
Baxış: 1 451

Dünyanın bir sıra ölkələri və təşkilatları İsveçin paytaxtı Stokholmda aksiya zamanı Qurani-Kərimin yandırılmasını pisləsə də, İsveç cəmiyyəti Qurani-Kərimin yandırılmasına ciddi reaksiya vermir, çünki belə hallara ciddi yanaşmır. Buna görə də bir neçə gün keçsə də, kəskin ictimai qınaq müşahidə olunmadı.

Milli.Az musavat.com-a istinadən bildirir ki, İsveçdə yaşayan həmyerlimiz, diaspor fəalı Kənan Rüstəmov "Yeni Müsavat"a bildirdi ki, aksiyalarda müqəddəs kitabın yandırılması ondan xəbər verir ki, ona sadəcə kağız parçası kimi yanaşırlar. K.Rüstəmov hesab edir ki, "Quran"ın yandırılması yolverilməzdir: "Ermənilər Azərbaycan bayrağını yandırırlar. Düşməndən bunu gözləmək olar. Rasmus Paludan bundan öncə də bir neçə dəfə Quran ı yandırıb. O, özünü demokrat kimi təqdim edir. Paludan kitaba elmi mənbə kimi yox, kağız parçası kimi yanaşır".

K.Rüstəmov qeyd etdi ki, sadə isveçlilər bu hadisəyə heç bir reaksiya vermədilər, çünki Paludana fikir verən yoxdur: "İsveçlilər düşünürlər ki, onun işi budur, bitdi. Kütləvi ciddi hadisə baş verməyib. Bir nəfər polis nəzarətində aksiya keçirib. Quranı oxuyan İncili də, Tövratı da qəbul edir. Əgər Quranı dindən başı çıxan katolik yandırsa idi, o zaman böyük rezonans yaranardı".

Stokholm Universitetinin dosenti Səadət Kərimi isə hadisəni belə şərh edib:

"Quranı yandıran axmaq məxluq!

Başqasının əziz tutduğu simvolu yandırmaq təxribatçılıq və son dərəcə düşmənçilikdir. Bu, nifrətin təzahürüdür. Nə qədər istəyir nifrət püskürsün! Bu onun işidir. Bu onun sorunu! Quranın nüsxəsin yandırmaqla heç nəyə nail ola bilməz. Eləcə də İsveç bayrağını yandıran da! Axmaqlığa axmaqlıqla cavab vermək? Təhqir etmək pis şeydirsə nədən eyni hərəkəti təkrar etmək? Bu, ikiüzlülük olur!

Rasmus Paludan, 2 yanvar 1982-ci ildə Danimarkanın Nordsjalland əyalətində anadan olub. Orada böyüyüb, orada təhsil alıb. Danimarka əsilli İsveçli hüquqşünas kimi təqdim olunur Azərbaycan mətbuatında, amma İsveçdə çox yenidir, sayılan biri deyildir. Bloger olmaqla bir az radikallar arasında tanındı, radikal sağçı siyasətə gəldi. O, 2017-ci ildə qurulan "Stram Kurs" ("Straight Course" or "Hard Line") adlı Danimarka partiyasının sədri olub. İsveçə yeni gəlib, 2021-ci ildə həmin partiyanın bir qolunu yaradıb. 5-10 nəfər özü ilə axmaq gətirib. İndiyə kimi o partiyanın adını belə İsveç xalqı eşitməmişdi. Dostlar, demokratiyadır, mən də partiya aça bilərəm, söz azadlığıdır, nə istəsəm deyə bilərəm. "Qalıb insanın tərbiyəsi, vicdanına və məsuliyyət düşüncəsinə" deyir isveçlilər. Ondan ötrü kimsəni tutmuruq deyirlər, amma dost da olmuruq. Psixi xəstədirlər. Normal insan niyə ekstrem hərəkət etsin ki! Bunun axı heç nəyə xeyri yoxdur!

2020-ci ildən bəri Paludan, özü tərəfindən qurulan Müqəddəs Yakob kilsəsinin özünün təyin etdiyi arxiyepiskopudur.

Səadət Kərimi: "Biz birləşib, güclü və qətiyyətli olanda Tehranın da,  Kremlin də polemikası dəyişir"

Dostlar, onu İsveçdə nə tanıyan vardı, nə sevən! Bu ona bənzəyər ki, İranın göndərdiyi zibillər bəzən Azərbaycanda aranı qatmaq istəyirlər. İsveçdə universitetdə işləyən insanam, toplumun içindəyəm, mətbuatı izləyirəm. Eyni bizdəki misala bənzər bir misal çəkirlər, "Bir dəli daş atdı..." Burada İsveçin düşmənlərinin əli var. Əksər isveçlilər çox üzgün və mahcum durumdadırlar, O axmağa baş qoşmağa dəyməz. Danimarkada məhkum olunmuşdu, indi də bura gəlib axmaq. Bunlar da bir az olayalıb, salarlar psixiatriya filan. Nəhlət olsun, şiddətlə qınayıram! Ancaq Müqəddəs Kitabımız hər axmaqla gözdən düşsəydi, ya millətlər arası qiyamət qopsaydı gərək bəşəriyyət indiyə heç qalmayaydı. Axmaqların istədiyi qarışıqlığı onlara verməyəlim".

Sağçı ekstremist "Stram Kurs" partiyasının lideri Rasmus Paludan açıqlama verərək Quranı yandırdığına görə peşman olmadığını bildirib: "Düşünürdüm ki, Türkiyəyə münasibətimi göstərərəm, bununla da bitər, amma hər şey başqa cür oldu. Hərəkətimə görə peşman deyiləm, çünki mühüm siyasi səbəblər var idi. Buna baxmayaraq, bu qədər adamın məni öldürməklə hədələməsindən kədərlənirəm. Mən konkret təhdidlər alıram. Sosial şəbəkələrdə dəqiqədə iyirmi mesaj alıram, onlardan beşi təhdiddir".

Hacı Şahin Həsənli: "Quranın yandırılmasını azadlıqla əsaslandırmaq tamamilə yanlışdır"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli də mövzunu "Yeni Müsavat"a şərh etdi. O, dövlət qurumlarının belə aksiyalara razılıq verməsini, bunu söz azadlığı kimi təqdim etməsini kökündən yanlış hesab edir: "Söz azadlığı 2 milyarddan artıq insanın inancını təhqir etmə şəklində təzahür etməməlidir. İstənilən azadlıq, Avropanın özündə də hər hansı çərçivə ilə məhdudlaşdırılır. Hətta bəzi Avropa ölkələrində "erməni soyqırımı"nın inkar edilməsi qanunvericiliklə qadağandır. Bu baxımdan, Quranın yandırılmasını azadlıqla əsaslandırmaq tamamilə yanlışdır. İsveç vətəndaşları belə aksiyalara, bu aksiyanı keçirənlərə önəm verməyə bilər, amma bu, əslində İslam dünyasına qarşı yönəlmiş addımdır. Önəmli insan olmasa da, mətbuatda haqqında yazılır və bu da islamofobiyanın genişlənməsinə səbəb olur". İlahiyyatçı həmçinin özünü müsəlman kimi qələmə verən radikal qrupların yanlış addımlarının  İslam dünyası haqqında mənfi rəy yaratdığına diqqət çəkdi: "Hesab edirəm ki, müsəlmanlar bu cür yanlış addımlara sivil formada münasibət göstərməlidirlər. Digər səmavi dinlərin kitablarına, dəyərlərinə hörməti ifadə edən tədbirlər həyata keçirməlidirlər. Dinc aksiyalarla, Quranın mahiyyətini izah etməklə mövqeyimizi ortaya qoymalıyıq. Müsəlman dövlətləri mövqelərini bildiriblər. Güman edirəm ki, Qafqaz Müsəlmanları İdarəsində də bu məsələ müzakirə olunar".

Qeyd edək ki, şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Rasmus Paludan NATO, Türkiyə və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı tənqid edib, Məhəmməd peyğəmbərin karikaturasını da göstərib və Quranı yandırıb. Bir sıra ərəb ölkələri və təşkilatları hadisəni pisləyib.

Paludan "Stram Kurs" partiyasını 2017-ci ildə yaradıb. O, "YouTube"da çoxsaylı anti-İslam videoları ilə tanınır. Dəfələrlə Quranı açıq şəkildə yandıraraq, bunu söz azadlığına hörmət adlandırıb. Onun partiyası İslama qadağa qoyulmasını və bütün "qeyri-qərbli sığınacaq axtaranların" deportasiyasını tələb edir.

Xatırladaq ki,  Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçin paytaxtı Stokholmda aksiya zamanı Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pisləyib: "Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq".

İsveçin baş naziri Ulf Kristersson isə Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb. Baş nazir müqəddəs qəbul edilən kitabların yandırılmasını böyük sayğısızlıq olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu də müqəddəs Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyib. Nazir bunu İslam əleyhinə alçaq və irqçi hərəkət adlandırıb: "Nifrət, ksenofobiya və irqçiliyin təzahürünün söz azadlığı ilə heç bir əlaqəsi yoxdur! Ümid edirəm ki, İsveç hakimiyyəti lazımi tədbirləri görəcək. Əks halda, aksiyaya bütün dünyada kəskin mənfi reaksiya nümayiş etdiriləcək", - Çavuşoğlu bildirib.

Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın isə bunu "müasir barbarlıq" adlandırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.