Siyasət

Avropa İttifaqında pul alıb pul verənlər - ARAŞDIRMA

20 Dekabr 2022 08:19
Baxış: 1 151

Dekabrın əvvəlində Belçika hüquq-mühafizə orqanları Avroparlamentin (AP) sabiq deputatı P.Panseri, İtaliyanın nüfuzlu QHT rəhbəri N.Fiqa-Talamankanı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası sədri L.Visentini və Aİ parlamentinin 14 vitse-prezidentindən biri Y.Kaylini çirkli pulların yuyulması və korrupsiya ittihamı ilə həbs etdi.

Adı çəkilən şəxslər pul müqabilində Qətərin dünya çempionatı öncəsi beynəlxalq imicinin yaxşılaşdırılması ilə məşğul idilər. Axtarış nəticəsində şəxslərdə ümumilikdə €1,5 mln.-dan çox pul aşkarlandı. Dünya çempionatının keçirilməsi məqsədilə Qətər yeni tikililərə $20 mlrd.-dan artıq sərmaye qoymuşdur. Guardian və Amnesty International-a görə kasıb Asiya ölkələrindən səfərbər edilən 6 mindən çox miqrant tikinti zamanı yerli iqlim və dözülməz əmək şərtləri səbəblərindən dünyasını dəyişmişdi. Bu Qətərin jurnalist, həmkarlar ittifaqları və hüquq müdafiəçiləri tərəfindən sərt tənqid edilməsinə gətirdi.

Milli.Az Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, noyabrda AP-ın vitse-prezidenti və korrupsiya istintaqları üzrə iqtisadi komitənin üzvü Y.Kayli Dohada Qətərin əmək naziri ilə görüşdü. Bu görüşdən sonra Kayli bu ölkəni Aİ-nin yaxşı qonşusu və tərəfdaşı kimi təqdim etməyə başladı. 24 noyabrda AP Qətərdə minlərlə işçinin ölməsi haqqında qətnamə qəbul edəndə Kayli söz götürüb, Qətərin miqrantların hüquqlarının inkarından tutmuş onların müdafiəsinə qədər tarixi transformasiya keçdiyini bildirmişdir. Dekabrda Kayli Qətər və Küveyt sakinləri üçün Aİ ilə viza rejiminin yumşaldılması təklifləri ilə çıxış edirdi.

Korrupsiya faktı ortaya çıxdıqdan sonra AP Kaylini 625 leyhinə səs çoxluğu ilə vəzifədən, Yunanıstanın Sosialist partiyası isə sıralarından çıxartdı. Yunanıstan rəsmiləri onun həyat yoldaşının və yaxın qohumlarının aktivlərini dondurdu.

Korrupsiya ümumbəşəri bir problemdir və Aİ burda istisna hal deyil. Pew Research Center-in 2020-ci il sorğusuna əsasən Fransada 46%, Almaniyada isə 29% insan ölkə siyasətçilərini rüşvətxor hesab edirdilər. Global Corruption Barometer-in 2021-ci il sorğusuna əsasən, Aİ vətəndaşlarının 62%-i korrupsiyanı öz ölkələri üçün böyük problem sayır. Sorğu nəticələrinə görə vətəndaşlar Aİ-də korrupsiyanın daha geniş vüsət aldığını, biznesin hökumətlə həddən artıq sıx əlaqələri olduğunu və məmurların nadir hallarda korrupsiyaya görə cəzalandırıldığını düşünürlər. Avropa Komissiyasının 2022-ci il tarixli iki Avrobarometr hesabatı bu nəticələri bir daha təsdiqlədi. Aİ vətəndaşlarının 58%-i hökumətin korrupsiya ilə mübarizə səylərini effektiv hesab etmir. Aİ şirkətlərinin 34%-i korrupsiyanı ciddi problem olaraq görür. Ən yüksək göstəricilər Rumıniya (70%), Yunanıstan (75%) və Kiprdə (78%), ən aşağı isə Danimarka (7%), İrlandiya (8%) və Estoniyada (9%) müşahidə edilir. Sorğuda iştirak edən şirkətlərin 79%-i biznes və siyasətin çox sıx əlaqəsinin korrupsiyaya səbəb olduğunu qeyd edirlər. Aİ vətəndaşlarının cəmi 31%-i milli hökümətlərin korrupsiyaya qarşı mübarizəsini effektiv, 37%-i isə qərəzsiz sayır.

Avropa İttifaqı qurumları içərisində lobbiçilik və rüşvətə ən həssas qurum AP hesab olunur. Təkcə Brüsseldə 12,500 lobbiçi var. Aİ rəsmiləri ilə ən çox ünsiyyət quran qurumlar Microsoft, Google, Facebook, Amerika Ticarət Palatası, Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Avtomobil İstehsalçıları Assosiasiyasıdır. AP üzvlərinin təxminən ¼-i onlara əlavə gəlir gətirən və maraqların toqquşmasına səbəb ola biləcək işlərlə məşğuldur. AP üzvlərinin daxili davranış kodeksinə görə, €150-dan baha hədiyyələri qəbul etmək qadağan olunsa da, bu qaydanın icrasına nəzarət olduqca zəifdir.

Transparency İnternational-ın  sədr müavini N.Ayossa görə AP-da korrupsiya halları həddən artıq geniş yayılıb: "Bu fəaliyyətdə neçə deputatın, işçi heyətinin və digər maraqlı tərəflərin iştirak etdiyini nəzərə alsaq, bu cür faktların yalnız indi üzə çıxması təəcüblüdür". Ümumən götürdükdə aşkarlanan korrupsiya qalmaqalı AP-da baş verən hüquq pozuntuları aysberqinin sadəcə görünən hissəsidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.