Saxta kosmetoloq həbs edilib.
Milli.Az dailymail-ə istinadla xəbər verir ki, lüks həyat tərzi sürən saxta kosmetoloq Olena Malaşeyç evində insanlara "Botoks" vurduğu üçün həbs edilib.
Ukrayna vətəndaşı Olena Malaşeyçin ABŞ-nin Florida ştatında lisenziyasız şəkildə evində insanlara saxta botoks və dolğu inyeksiyaları etdiyi ortaya çıxıb.
Florida Hüquq-Mühafizə İdarəsinin məlumatına görə o, internetdən sifariş etdiyi naməlum maddələri insanlara vururmuş və bu işlər üçün heç bir tibbi lisenziyası olmayıb.
Hələlik Malasheychin müştərilərinə hansı maddələri vurduğu dəqiq məlum deyil, amma ekspertlər bu maddələrin təhlükəli ola biləcəyini bildirirlər.
Naples şəhərindəki Yag-Howard Kosmetik Dəri Klinikası sahibəsi Dr. Cyndi Yag-Howard Fox 13-ə verdiyi müsahibədə, "Bu, müxtəlif maddələr ola bilər" deyib. O, insanların xaricdən onlayn olaraq öz neurotoksinlərini və dolğularını sifariş etməsinin mümkün olduğunu qeyd edib.
Yag-Howardın sözlərinə görə, bu cür maddələr görmə itirilməsi, insult və üz əzələlərinin daimi zədələnməsinə səbəb ola bilər. ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) da saxta inyeksiyaların bulanıq görmə və nəfəs alma problemlərinə yol aça biləcəyini xəbərdarlıq edib.
Ekspertlər bu cür prosedurların yalnız peşəkar klinikalarda aparılmasını tövsiyə edirlər, çünki həmin yerlərdə təcili yardım vasitələri mövcuddur.
İsmayıl
Milli.Az