Siyasət

Hindistanın Azərbaycana qarşı çirkin planı aşkarlandı, İsrail oyunu pozmağa başlayır - DETALLAR

29 Noyabr 2022 13:50
Baxış: 7 492

44 günlük İkinci Qarabağ Müharibəsinin ən qızğın dönəmində Hindistan Ermənistana təcili, təxirəsalınmaz yardımlar təklif edibmiş.

Hindistan Müdafiə Nazirliyi ölkənin İrəvandakı səfirliyi vasitəsilə oktyabrın 4-də Ermənistan Müdafiə Nazirliyinə təklif yollayıb.

Təklifdə rəsmi Dehli ermənilərə artilleriya qurğuları, minaatanlar, mərmilər, tank əleyhinə idarə olunan raket qurğuları, rabitə vasitələri, müxtəlif çaplı atıcı silahlar, patronlar, minalar, gecəgörmə cihazları, habelə radiolokasiya qurğuları və s. yer almışdı.

Üstəlik, Hindistan ermənilərə verəcəyi silah, sursat və texnikanın ödənişini "təxirə salınacaq rejimdə" edilməsinə də razı olduğunu bəyan etmişdi.

Ermənistanın müdafiə naziri David Tonoyan təkliflə dərhal razılaşmış və Hindistandan təcili rejimdə silah-sursat alınmasının təmin edilməsinə göstəriş vermişdi.

Lakin ermənilər Hindistandan Ermənistana hərbi yüklərin daşınmasını təmin edə bilməmişdilər.

Səbəb trivialdı: Ermənistan Hərbi-Hava Qüvvələrində sadəcə, sovet dövründən qalmış iki İl-76 hərbi-nəqliyyat təyyarəsinin olması idi. Onlardan da Hindistandan hərbi yüklərin daşınması üçün istifadə olunmayıb.

Rəsmi Dehli müharibə dönəmində təklifini bir daha təkrarlayıb və hətta o dönəmdə Hindistanın İrəvandakı səfiri olmuş Rina Pandey Ermənistan XİN mənsubları ilə söhbətində "Bu müharibədə Azərbaycanın qalib gəlməsinə əsla yol vermək olmaz" deyibmiş.

Hindistan XİN-nin Avrasiya departamentinin əməkdaşı Çarancit Sinqh iki il əvvəlki sözügedən hadisələrlə bağlı sualı cavablamaqdan boyun qaçıraraq "Hindistanla Ermənistan arasındakı münasibətlər fasiləsiz olaraq dərinləşir və inkişaf edir" söyləyib.

Hindistanın Azərbaycana düşmən münasibətinin bir neçə səbəbi var.

2020-ci ildəki 44 günlük İkinci Qarabağ müharibəsini Hindistanın hakimiyyət dairələri Cənubi Qafqazda geosiyasi qüvvələr nisbətini Azərbaycanla Türkiyənin xeyrinə dəyişmiş əsas amil hesab edirlər.

Azərbaycanın cənub-qərb bölgələrini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi isə rəsmi Dehli üçün regionda əsas "məhv olunmalı hədəf" sayılır.

Rəsmi Dehlinin fikrincə, Hindistanın dəniz limanlarını Rusiya və Avropa İttifaqı ilə birlşədirəcək "Şimal-Cənub dəhlizi" layihəsi (İnternational North-South Transport Corridor, İNSTC) üçün Zəngəzur dəhlizi "potensial və real təhlükə"dir.

"Bundan başqa, Ankara ilə Bakının İslamabadla çox sıx və hətta əla əlaqələrini, habelə 2020-ci ildə Azərbaycanla Ermənistan arasındakı müharibə zamanı Pakistanın Bakını tam dəstəklədiyini nəzərə alsaq, Azərbaycanın regionda mövqelərinin möhkəmlənməsi ilə Türkiyənin regional proseslərə təsir imkanlarını artması maraqlarımıza qətiyyən cavab vermir", - Hindistan XİN-dəki mənbə bildirib.

Məhz bu səbəbdən Hindistanın Ermənistanı çox fəal dəstəkləməsi prosesi hələ üç il əvvəl başlamışdı.

44 günlük İkinci Qarabağ Müharibəsi zamanı rəsmi Dehli dəfələrlə Bakıya sərt diplomatik bəyanatlar ünvanlamışdı. Hətta Hindistan dəfələrlə Azərbaycana müraciət edərək "hərbi əməliyyatların dərhal dayandırılmasını" istəmişdi.

2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında isə Ermənistanın Azərbaycana qarşı silahlı təxribatları zamanı Hindistan XİN tamamən absurd mövqe tutaraq Azərbaycandan "Ermənistan ərazisinə yeritdiyi hərbi birləşmələrin dərhal çıxarılmasını" tələb etmişdi.

Hindistan XİN-nin mətbuat katibi Arindam Baqçi təkidlə "Cənubi Qafqazda sülh və stabillik regional təhlükəsizlik baxımından bizim üçün çox önəmlidir: Azərbaycan bunu nəzərə almalıdır" cümləsini refren kimi təkrarlamaqdadır.

Bu ilin sentyabrın 15-də Dehli absurd tələblərində bir qədər də irəli getmişdi. Belə ki, Hindistanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Azərbaycanı "işğalçı dövlət" adlandıraraq "hərbi əməliyyatların dərhal dayandırılmasını" tələb etmişdi.

Hazırda Ermənistan Hindistandan 4 SWATHİ radarı, PUA-lar, hava hücumundan müdafiə sistemləri, "Pinaka" reaktiv yaylım atəşi sistemləri və raket qurğuları almağa hazırlaşır.

Dehli sakitləşmir, Ermənistana əlavə olaraq "Brahmos" və "Akash" raketləri satmaq niyyətini açıqlayır.

Lakin Ermənistanla Hindistanın ölkəmizə qarşı yeni, çirkin oyununu pozacaq bir qüvvə də var.

Həmin qüvvə İsraildir.

Hindistan silahlı qüvvələrinin və xüsusilə də yeni inkişaf etməkdə olan hərbi-sənaye kompleksinin ən müasir silahlarla hərbi texnologiyalar təminatı baxımından ciddi asıllıılıq hiss etdiyi İsrail Dehli-İrəvan anlaşmalarını maraqlarına uyğun hesab etmir.

Hindistandakı siyasi analitiklərin və ekspertlərin dediklərinə görə, hazırda rəsmi Təl-Əviv Dehlinin İrəvana silahla hərbi texnika satışı planlarına "zəruri dəyişikliklər" edilməsini tələb edir.

Bu isə Hindistanın planlarını poza bilər.

İstənilən halda, regionda vəziyyət gərgin olaraq qalır. Hindistanın Ermənistanla aktivləşən əlaqələrinin İsraillə yanaşı, Dehlinin geosiyasi, hərbi və iqtisadi rəqibi Çini də ciddi narahat etdiyini unutmayaq.

"Bir kəmər, bir yol təşəbbüsü" (Belt and Road Initiative) (BRI) dəhlizi vasitəsilə Avropa bazarlarına yeni çıxış əldə etməyə hazırlaşan Çinin hakimiyyət dairələri Hindistan, İran, Rusiya və Ermənistanın İNSTC marşrutunun avantüra olduğunu anladığından diplomatik və siyasi fəaliyyətini aktivləşdirib.

Həddən ziyadə bərbad nəqliyyat-kommunikasiya infarstrukturu olan və ən başlıcası, regional layihələrdən tam kənarda qalan Ermənistan Çin üçün maraqlı deyil.

Pekin eyni zamanda onu da görür ki, Ermənistan "Bir kəmər, bir yol" layihəsinə qoşula bilmədiyi üçün alternativ qismində İNSTC-yə üz tutaraq İran və Hindistanla əlaqələri fəallaşdırır.

Təbi ki, Çin ermənilərin Hindistan və İranla əlbir olaraq Transxəzər Nəqliyyat Dəhlizinə (Trans-Caspian International Transport Route, TITR) maneələr yaratmaq cəhdlərini laqeyd seyr etmir.

Rusiyadan yan keçərək Avropa İttifaqına yükləri yollamağa imkan verəcək TİTR marşrutunda Azərbaycan çox önəmli nəqliyyat qovşağı rolunu oynayacaq.

Pekin əhəmiyyətli marşut hesab etdiyi TİTR üçün problemlərin yaradılmasına imkan verməmək niyyətindədir və bu məqsədlə Cənubi Qafqazda fəallaşmaq planları hazırlayır.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.