Siyasət

Rusiya Qarabağı bufer zona etmək istəyir? - Kremldən TƏHLÜKƏLİ SEÇİM

28 Noyabr 2022 12:36
Baxış: 5 190

Rusiya regionda mövqe uğrunda KTMT kartından istifadə etməkdə israrlı görünür. Praqa görüşü zamanı Ermənistanın birtərəfli şəkildə Avropa İttifaqının mülki missiyasının Azərbaycanla sərhəddə fəaliyyətinə razılıq verməsi, ardınca ATƏT-in də eyni qurumunun həmin ərazilərə gəlməsinə müsbət baxması, Kremldə bir həyəcan siqanalı effekti yaradıb.

Rusiya bu yolla Qərbin Ermənistan sərhədlərinə yerləşməsini Moskvanın bölgədə sonunu yaxınlaşdıran növbəti amil olduğunun yaxşı fərqindədir. Nikol Paşinyan Qərbdən aldığı tapşırığı icra etmək üçün Kremlin KTMT işinə kölgə salmaq üçün əlindən gələni edir. Bunu qurumun İrəvanda baş tutan son sammiti də təsdiqlədi. 

Lakin Moskva geri çəkilmək, mövcud vəziyyətlə razılaşmaq fikrində deyil. Bunun üçün Rusiyaya ilk növbədə bölgədə gərgin vəziyyət, eskalasiya riskinin maksimum artması çox önəmlidir. Son bir aya nəzər salsaq açıq şəkildə görə bilərik ki, istər sülhməramlıların müvəqqəti nəzarət zonasındakı qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən, istərsə də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimiz mütəmadi atəşə məruz qalır, hər ötən gün bu hərbi təxribatların sayı daha da artır. 

Vladimir Putinin KTMT iclasından sonra Paşinyanın asanlıqla ipə-sapa yatmayacağı, erməni baş nazirin ram edilməyin artıq gec olduğunu anlamasından sonra sanki Qarabağ ətrafında gərgin vəziyyət artıq daha çox qırmızı çizgini keçməyə başladı.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından edilən son açıqlama sərhəddəki gərgin durumun hansı səbəbdən qaynaqlandığını anlamaq baxımından çox əhəmiyyətli oldu: "Ermənistanla Azərbaycan sərhədində demək olar ki, hər gün atışmalar olur". Bəli, hər kəsə məlumdur ki, KTMT İrəvanda Ermənsitana sərhədə missiya göndərməyi təklif edib.

Məsələ tam aydındır:

Rusiya Aİ va ATƏT missiyasına cavab olaraq KTMT-ni sərhədə gətirmək niyyətindədir. Hər gun demək olar sərhəddə baş verən atışma da elə Rusiyanın planıdir. Bununla Rusiya növbəti dəfə Ermənistana "sənin təhlükəsizliyinə bu şəkildə, bu şərtlə cavabdehlik daşıya bilərəm" mesajı verdi. 

Bu yolla KTMT qoşunlarını Ermənistanın Azərbaycanla sərhədi boyunca yerləşdirmək niyyəti güdən Rusiya istəyinə çatmayana kimi demək ki, sərhəddə təxribatlarin sayı daha da artacaq və yeni lokal toqquşmalara kimi gedib çıxa bilər. Rusiya eyni zamanda İrəvana demək istəyir ki, "sən məndən ərazinə Azərbaycan təhdid yaratdığını deməklə ona qarşı tədbir gorməyimi istəyirsənsə, o ərazilərə biz yerləşməliyik".

Göründüyü kimi, Kreml rəhbəri bölgədə təşəbbüsü yenidən ələ almağa çalışır. Onun İlham Əliyevə son telefon zənginin əsasında da məhz bu amil dayanır. Emmanuel Makronun özünü Avropa İttifaqının vasitəçiliyinə dürtmək istəyi Brüsselin fəallığını heçə endirdiyi bir vaxtda bu yaranan boşluğu doldurmaq niyyətinə düşən Moskvanın istəyi daha təhlükəli hal almağa başlayır. Rusiya da artıq yaxşı bilir ki, Əliyev doğru olaraq Makronun vasitəçilik eşqinə düşməsini son sərsəm, ermənipərəst bəyanatları və Senatın qərəzli qətnaməsindən sonra qəbul edən deyil.

Ancaq Makron kimi Putinin də "fəallığının" rəsmi Bakıya heç bir faydası yoxdur. Çünki Ruben Vardanyanı Qarabağa göndərərək separatçılıq meyillərini daha çox alovlandıran da, Ermənistanın keçmiş Xarici işlər naziri Vardan Oskanyanı qondarma rejimin "xarici işlər naziri" təyin edilməsinə səy göstərən də elə kremldir. Bu vaxta kimi üzərindən 2 il keçməsinə baxmayaraq kontingentin müvəqqəti nəzarət zonasındakı separatçıların tərksilah olunmamasında da Rusiyanın marağı böyükdür.

Hələ son hadisələr Rusiyanın revanşistləri cəsarətləndirmək, Azərbaycana qarşı yenidən ərazi iddialarını alovlandırmaq məqsədi daşıdığından xəbər verir. Rusiyalı hərbçilər Qarabağda - Ağdərə və Xocavəndi qanunu adı ilə çağımaq əvəzinə "Mardakert", "Martuni" ifadələrindən istifadə etməklə ermənilərə onlar üçün Rusiyanın əhəmiyyətini, onların maraqlarını müdafiə edəcəkləri təəssüratını yaratmaq məqsədilə atılan növbəti addımdır. 

Rusiya risk edir

26 noyabr gecədən 27 noyabr səhər saatlarına qədər atəşin davam etməsi təxribatın bu dəfə daha genişmiqyaslı və kəskin xarakterli olduğundan xəbər verir. Hətta vəziyyət o həddə çatıb ki, bir neçə gündür Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz duelinə şahidlik edirik. O cümlədən, Qarabağ iqtisadi rayonunu "Dağlıq Qarabağ ərazisi" kimi qeyd edən Rusiya bu addımı ilə özü 10 noyabr üçtərəfli bəyanatına qarşı çıxmış olur, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir. Biz görürük ki, qarşı tərəf hətta Azərbaycanın haqlı etirazına rəğmən mövqelərini dəyişmir və iddialarını "əllərindəki xəritələrlə" əsaslandırırlar.

Burada bir maraqlı məqam ön plana çıxır: Belə ki, Rusiyanın əlində olan xəritə 31 il əvvələ qədər (1991-ci ilə qədər) olan xəritədir. Belə görünür ki, sülhməramlı kontingent bölgəyə gələndə ona görə özləri ilə bu xəritəni gətiriblər ki, qondarma "DQR"in mövcudluğunu saxlamaq, bunun üzərindən bölgədə varlıqlarını davam etdirməyə çalışsınlar. 

Qarabağda separatçı rejimə "humanitar yardım" adı ilə silah daşınması faktı da deməyə əsas verir ki, Rusiyanın bölgədə mövcudluğu Qarabağdakı sabitliyin daimi olmayacağını təsdiq edir. Son günlərdə separatçıların davamlı təxribatlar törətməsinə görə bütün məsuliyyəti bölgəyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları daşıyırlar. Çünki artıq hər kəsə gün kimi aydındır ki, bütün bu təxribatlara, vəziyyətin gərginləşməsinə Rusiya tərəfi şərait yaradır, hətta təşkilatçısı rolunda çıxış edir.

Hazırda situasiya Rusiya ilə yanaşı Ermənistanın da xeyirinə inkişaf edir. Gərginlik Ermənistanla Azərbaycan arasında imzalanacaq sülhə ciddi maneə yaradır, İrəvan tərəfindən danışıqların manipulyasiya imkanlarını artırır. Zamanın uzanması isə sözsüz ki, Azərbaycanın ziyanınadır. Çünki geosiyasi şərtlərin dəyişməsi regiondakı proseslərə də təsirsiz ötüşməyəcək. Belə olan halda isə vəziyyət rəsmi Bakının müəyyən addımlar atmasını zərurətə çevirir, daha adekvat tədbirlər görməsi məcburiyyətində buraxır. 

Laçın dəhlizinin qeyri-humanitar məqsədlər üçün istifadə edildiyi ilə bağlı artıq Bakının əlində xeyli dəlil-sübutlar mövcuddur. Bununla bağlı Bakı tərəfindən istər Ermənistan, istərsə də Rusiyaya qarşı bir çox tələb və xəbərdarlıqlar səsləndirilsə də, belə görünür ki, ona məhəl qoyan tapılmadı. Bu proseslər diplomatiyanın praktiki nəticələrə gətirib çıxarmadığının təsdiqidir. Belə olan halda məhz lazımı tədbirləri görmək üçün Azərbaycan özü artıq lazımı addımları nəzərdən keçirməlidir. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.