Siyasət

Bakıda ICAPP-ın xüsusi konfransı keçirilib, bəyanat qəbul edilib

22 Noyabr 2022 13:22
Baxış: 306

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə açılış nitqi ilə çıxış edib.

T.Budaqov qeyd edib ki, qlobal dünyada təhdidlər artır və belə bir zamanda dialoqa, əməkdaşlığa daha çox ehtiyac var: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə sabitliyin bərpa edilməsi, sülhə və əməkdaşlığa nail olunması üçün bir çox işlər görülüb və görülməkdədir. Azərbaycanda müxtəlif etnik, dini qrupların tolerantlıq şəraitində yaşaması xalqımızın milli sərvəti hesab olunur. Ambisiyalardan, cılız hislərdən uzaqlaşa və qarşılıqlı hörmətlə dünyanı saflaşdıra bilərik".

YAP Mərkəzi Aparat rəhbəri qeyd edib ki, 30 ilə qədər Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb: "Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə cəhdləri müsbət nəticələnməyib, Ermənistan yeni torpaq iddiaları ilə çıxış edib. Buna görə də 2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücuma başlayaraq torpaqlarını azad edib, bununla BMT-nin 4 məlum qətnaməsini də icra edib"

T.Budaqov vurğulayıb ki, Ermənistan hələ də 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə yetirməkdən imtina edir: "İnanıram ki, ümumilikdə Asiyanın 370-dən çox partiyasını birləşdirən ICAPP-ın Bakıda keçirilən bu konfransı yaddaqalan olacaq", - deyə o əlavə edib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

ICAPP-ın Daimi Komitəsinin həmsədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri, Milli Assambleyanın ofisinin keçmiş direktoru Chunq Eui-yong konfrans iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini söyləyən Chunq Eui-yong dünyanın COVID-19 pandemiyası dövründə üzləşdiyi çağırışlar, təhlükəsizliyə təhdidlərdən söz açıb. Onun sözlərinə görə, bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır.

Türkiyə Böyük Millət Məclisinin deputatı Afif Demirkıran deyib ki, siyasi partiyalar təhlükəsizliyi təşviq edə, bu sahədə dialoq apara bilərlər: "Münaqişələr ümumən dünyaya təsir göstərir. Rusiya-Ukrayna müharibəsini də bu xüsusda qeyd etmək lazımdır".

A.Demirkıran Türkiyənin Qara dənizdə taxıl dəhlizinin yaradılması istiqamətində gördüyü işlərdən də danışıb: "Türkiyə strateji bir mövqedə yerləşir və Asiyada mühüm rol oynayır. Biz regional və qlobal təhlükəsizliyə mühüm töhfə veririk. Bu gün Türkiyə təhlükəsizlik, ticarət və enerji problemlərinin həll olunmasına öz dəstəyini verir", - türkiyəli millət vəkili bildirib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Ermənistana sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladıb: "Ərazi iddialarından əl çəkilməli, sərhədlərin delimitasiya və demarksiyası həyata keçirilməli, kommunikasiyalar açılmalıdır. Azərbaycanda siyasi partiyalar bununla razıdır, Ermənistanda da siyasi partiyaların buna razı olacağına ümid edirik. Azərbaycan regiona sülh gətirmək niyyətindədir".

Rusiyanın "Yedinaya Rossiya" Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib, ICAPP-ın qəbul etdiyi sənədlərdəki prinsiplərin yerinə yetirilməsini vacib sayıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan Azərbaycan və Ermənistan arasında sülh sazişinin ərazi bütövlüyü əsasında imzalanacağına əmin olduğunu və regionda davamlı sülh və sabitliyin təmini üçün tarixi bir şərait yarandığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan həmrəyliyi bu gün hər zamankından daha güclüdür, Şuşa Bəyannaməsini imzalamaqla münasibətlər ən yüksək səviyyəyə çatıb.

Azərbaycanın torpaqlarını işğaldan azad etdiyini söyləyən YAP İdarə Heyətinin üzvü Aynur Sofiyeva nəzərə çatdırıb ki, müharibə bitəndən sonra da Azərbaycan vətəndaşları mina problemindən əziyyət çəkib: "Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 30 il və 25 milyard dollar lazımdır. İnanıram ki, konfransda iştirak edən partiyalar günümüzün aktual problemlərinin həllinə mühüm töhfə verəcək. Azərbaycan da qlobal təhlükəsizliyə töhfə verməklə siyasətini həyata keçirəcək".

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) baş katibi Ço Byunq-cae bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev konfransa çox mühüm mesajlar göndərib. O, qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb.

Daha sonra Ço Byunq-cae konfransın Bəyanatı barədə məlumat verib. Bəyanatda qeyd edilib ki, konfransda regional və qlobal təhlükəsizlik müzakirə olunub: "Qlobal təhlükəsizliyin təmini üçün siyasi partiyaların imkanından istifadə olunması vacibdir. Siyasi partiyalar müxtəlif ölkələri və cəmiyyətləri, tolerantlığı təmsil olunur. İdeoloji fərqlərə rəğmən, bütün partiyaların təhlükəsizlik, sabitlik və əməkdaşlıq kimi ümumi dəyərləri var. Qlobal təhlükəsizliyi təmin etmək üçün siyasi partiyalar arasında əməkdaşlığı keçirmək, mütəmadi görüşlərin keçirilməsi önəmlidir".

Bəyanatda vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat Azərbaycan və Ermənistan arasında, Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün geniş imkanlar yaradıb: "Eyni zamanda üçtərəfli bəyanat regionda davamlı təhlükəsizlik üçün zəmin yaradır".

YAP sədrinin müavini Əli Əhmədov çıxışında ICAPP-ın bundan sonra da Asiyada sülh və təhlükəsizliyə böyük töhfə verəcəyinə əmin olduğunu vurğulayıb: "Asiya Təhlükəsizlik Konfransının yaradılması təşəbbüsü ilə çıxış edə, 1-2 ildən bir təhlükəsizlikə bağlı konfranslar keçirilə bilər".

Ə.Əhmədov Azərbaycanın torpaqlarını işğaldan azad etməsini də qlobal təhlükəsizliyə bir töhfə kimi qiymətləndirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics