Siyasət

Dünya nüvə müharibəsinin astanasında - Rusiyadan QORXUNC AÇIQLAMA

26 Sentyabr 2022 12:12
Baxış: 7 774

Regionda vəziyyət gərginliyin pik həddinə çatıb. Azərbaycanın şimal və cənub qonşuları dərin böhrana yuvarlanmaqdadır. Rusiya əgər Ukrayna ilə müharibənin ağır bədəlini ödəməkdə davam edirsə, Tehran rejimi illərdir qoyduğu yasaqlar və azərbaycanlı əhaliyə qarşı qeyri-insani davranışlarına görə cavab verəcək kimi görünür. 

Cənubumuzdakı proseslər deməyə əsas verir ki, demokratik, sosial hüquq dövləti bərqərar olmasa, insanların gələcəyə ümidi cücərməsə, kəskin sosial bərabərsizlik aradan qaldırılmasa, İranın ümidli gələcəyi mümkün olmayacaq.

Çoxlarına elə gələ bilər ki, İrandakı soydaşlarımız və əksər İran əhalisi "Azadlıq, Ədalət" şüarını sırf yaxşı qafiyələndiyi üçün qışqırırlar, amma onlar bu dəyərlərin önəmini çox yaxşı qavrayırlar. Azadlıq insanın hava və su kimi zəruri ehtiyacıdır. Buna bəlkə də hazırda ən çox onlar ehtiyac duyurlar. Necə ki, bəşər tarixi bu ehtiyacların təmin olunması uğrunda mübarizələrdən ibarətdir.

Artıq uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsində isə hər şey Kremlin əksinə cərəyan etməyə başladı. Gözlənilirdimi? - Gözlənilirdi! Artıq Kollektiv Qərb və ABŞ saysız-hesabsız sanksiyalar paketlərini ictimaiyyətə təqdim edəndə məlum idi ki, sözügedən güc mərkəzləri Rusiyanı diz çökdürmək üçün bu fürsətdən axıra kimi yararlanmaq niyyətindədir. Çünki ortada Qərbin də maraqlarına xidmət edən - döyüşən bir Ukrayna xalqı var. 

Xüsusən də Ukrayna ordusunun uğurlu Xarkov əməliyyatından sonra Rusiya üçün ən ağır dönəmin astanası göründü. Hər kəs, xüsusən Rusiya ictimaiyyəti Moskvanın buna necə və hansı şəkildə cavab verəcəyini, ümumilikdə vəziyyətdən necə çıxacağını gözləyirdi. Tükəndiyi üçün cəbhəyə yeni hərbi birləşmələr göndərmək imkanında olmayan Rusiya gözləntilərin əksinə olaraq Ukraynaya hərb meydanında cavab verə bilmədi. Amma rəsmi Moskva çox yaxşı anlayırdı ki, daxili narazılıqların küçələrdə böyük etiraz aksiyaları ilə əvəz edilməməsi üçün cavab mütləq olmalıdır.

Rusiya Ukraynanın səs-küylü Xarkov əməliyyatına cavab olaraq referendum və ilhaq yolunu seçdi. Kreml belə bir qərar verməklə, çox güman, düşünüb ki, həmin əraziləri Rusiya torpağı elan etdikdən sonra Ukraynanın ora hücumları Rusiyanın ərazisinə müdaxilə sabitliyi və suverenliyinə təhdid kimi dəyərləndirərək nüvə düyməsini sıxmaq üçün zəmin yaratmış olacaq. Çünki rəsmi Moskva bir şeyi dəqiq bilir ki, bu gün Kollektiv Qərbin və ABŞ-ın dəstəyini arxasına alaraq, ona verilən milyardlıq ən son texnoloji silahlarla təchiz olunan Ukrayna müharibəni istədiyi şəkildə yekunlaşdırmayana kimi Rusiyanın qarşısından çəkilməyəcək. 

Belə olan təqdirdə isə şübhə yoxdur ki, Ukrayna ordusu Rusiya ərazisi elan olunan ərazilərdə hücumlarını davam etdirəcək və o əraziləri geri almağa çalışacaq. Rusiya da Ukraynanın sona qədər davam etmək niyyətini bildiyi üçün belə bir qərara getdi.

Əslində isə belə bir qərarı verən Kreml nəinki böyük riskə getmiş sayılır, eyni zamanda müharibənin gedişatında istər beynəlxalq münasibətlərinə əl gəzdirmək üçün düşə biləcək mümkün fürsətlərdən özünü məhrum edir, həm də manevr imkanlarını xeyli daraltmış olur. 

Nəzərə alsaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov artıq Rusiyanın ilhaq edilən Ukrayna torpaqlarını müdafiə etmək üçün nüvə silahından istifadəyə hazır olacağını (S.Lavrovdan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev anoloji xəbərdarlıqla çıxış edib) bəyan edib, demək ki, artıq Moskva başqa çıxış yolunun qalmadığını, "ölmək-ölməkdir, xırıldamaq nə deməkdir?!" ifadəsindən yola çıxmağı gözə alıb.

Rusiya dövlət rəsmilərinin bir-birinin ardınca bu kritik açıqlamalarından sonra Avropa və ABŞ siyasətçiləri Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə fövqəladə vəziyyət planları hazırlamağa başlayıblar. Artıq ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, "nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli olacaq. ABŞ və müttəfiqlərimiz buna sərt cavab verəcəklər və bunun nə ilə nəticələnəcəyini aydın və konkret şəkildə bəyan etmişik".

ABŞ dövlət katibi Entoni Blinken də Rusiyanın nüvə xəbərdarlığına etinasız qala bilməyib. Amerikanın xarici siyasət departamentinin rəhbərinin sözlərinə görə, Amerikanın planı var... ABŞ münaqişənin böyüməsini və genişlənməsinə qarşıdır. Dövlət katibi Moskva ilə birbaşa qarşılıqlı əlaqənin vacibliyini də qeyd edib: "Moskvanın bizi eşitməsi və nəticələrin dəhşətli olacağını öyrənməsi vacibdir".

Blinkenin səsləndirdiyi bəyantdan anlamaq çətin deyil ki, ABŞ Rusiyanın istənilən an nüvə silahını işə salacağına zərrə qədər də şübhə etmir. Dövlət katibinin digər diplomatlardan, səlahiyyətlilərdən fərqli olaraq bu məsələdə Rusiyaya qarşı ehtiyyatlı cümlələr qurması, ifadələrə həssaslıqla yanaşması belə deməyə əsas verir. 

Proseslərin bu cür cərəyan etməsi ən çox Ruisyanın ziyanına olacaq, müharibə daha da şiddətli xarakter alacaq. Artıq nüvə xəbərdarlığının daxil olduğu bu savaşın qarşısını almaq üçün bundan sonra mümkün danışıqların əhəmiyyəti də qalmayacaq. Çünki nə Kreml "referendumla" Rusiyaya biləşdirdiyi əraziləri geri qaytarmağı düşünür, nə də Ukrayna bununla barışaraq hücumlardan əl çəkəcək.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.