Siyasət

Putin Ukraynaya atom bombası atsa, ABŞ Krımı vuracaq! - İnanılmaz xəbərdarlıq

24 Sentyabr 2022 11:08
Baxış: 3 386

Ukraynadakı müharibə bu gün 8-ci aya keçdi; Kreml axırıncı "patronlarını" atır...; Elxan Şahinoğlu: "Bunlara elə gəlir ki, nüvə silahı atsalar, təxribatları cavabsız qalacaq, başlarını itiriblər..."

Bu gün Rusiya-Ukrayna müharibəsi 8-ci aya keçir. Lakin hələ ki, tunelin sonundakı "işıq" görünmür. Əksinə, hərbi eskalasiya daha təhlükəli fazaya adlayıb.

Milli.Az "Yeni Müsavat"a istinadən yada salır ki, Ukraynada adi silahlarla öz hədəflərinə çata bilməyən prezident V.Putin ilk dəfə nüvə zərbəsi ilə ciddi şəkildə təhdid ritorikası sərgiləyib. Paralel surətdə işğal altındakı Ukrayna torpaqlarında saxta referendumlara qərar verilib.

Beləcə, fevralın 24-də Ukraynaya girən rus ordusu, sentyabrın 24-dür və səkkiz aydır ki, savaşır. Necə deyərlər, Rusiya rəhbərliyi axırıncı "patronlarını" atır. Artıq ölkənin özündə siyasi-hərbi rəhbərliyə qarşı etirazlar artmaqdadır. İnsanlar küçələrə çıxır, hətta hərbi komissarlıqları yandırır, çağırışçılar pəncərələrdən tullanıb qaçırlar. Sonuncuların bir çoxu həmçinin ölkəni tərk edərək "yaxın xaric"ə, Türkiyəyə axışıb.

Britaniya kəşfiyyatı yazıb ki, bu minvalla Rusiyada 300 minlik səfərbərlik baş tutmayacaq. Odur ki, sual yaranır: görəsən Putin öz 70 illik yubileyinə (7 oktyabr) nə ilə gedir?

Yeri gəlmişkən, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, general Ben Hodces deyib ki, Rusiya Ukraynaya nüvə hücumu edərsə, ABŞ ilhaq edilmiş Krımdakı rus hərbi bazalarına zərbələr endirə bilər. "Ola bilsin ki, ABŞ-ın cavabı nüvə xarakterli olmayacaq, amma məsələn, Rusiyanın Qara dəniz donanmasını və ya ilhaq edilmiş Krımda Rusiya bazalarını məhv etmək üçün kifayət qədər dağıdıcı olacaq", - deyə general bildirib.

Lakin Hodces Ukraynaya nüvə zərbəsi endirilməsi təhlükəsini olduqca qəliz hesab edir. Bununla belə, onun sözlərinə görə, kütləvi qırğın silahlarından istənilən istifadə ABŞ prezidenti Co Baydenin sürətli və sərt cavabına səbəb olacaq. "Buna görə də hesab edirəm ki, Putin və onun ətrafı ABŞ-la birbaşa toqquşmaq istəməz", - Hodces əlavə edib.

Bəs hadisələrin amerikalı generalın dediyi yöndə təhlükəli inkişafı mümkündürmü?

Bəllidir ki, Rusiya Krımı öz qanuni ərazisi sayır. Krıma hücumu özünə hücum və "qırmızı xətt" hesab edir. O zaman yarımadaya ABŞ zərbəsi avtomatik Rusiyanın NATO-ya, ABŞ-a hücumuna, həm də nüvə silahı ilə hücumuna gətirə bilərmi?

Daha bir maraqlı məqam: ABŞ-ın Türkiyədəki İncirlik bazasında 60-a yaxın nüvə başlığı saxlanılır. ABŞ oradan Rusiyaya nüvə zərbəsi endirsə, qardaş ölkə böyük risk altına düşməzmi? Belə məsələlər yuridik olaraq necə tənzimlənir, Türkiyənin buna razılığı tələb olunurmu?

Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, hazırda cəmi bir neçə günün ərzində başda Putin olmaqla onun yaxın dostu və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi nüvə silahıyla hədələyiblər: "Bunlara elə gəlir ki, hansısa ölkəyə nüvə silahı atsalar, təxribatları cavabsız qalacaq. Bunlar başlarını itiriblər, şəxsi maraqlarını Rusiyanın maraqlarından üstün tutaraq dünyanı qaranlığa qərq etmək istəyirlər. Rusiya hakimiyyətində hamının Putinin və Medvedev kimi düşündüyünü zənn etmirəm, ümid onlaradır".

Analitikin fikrincə, Vaşinqtonla Moskva arasındakı münasibətlərdə gərginlik SSRİ-nin dağılmasına qədər uzansa da, liderlər heç zaman bir-birlərini nüvə silahıyla hədələməmişdilər: "İkinci Dünya müharibəsi zamanı nüvə silahına maraq göstərən ilk ölkə faşist Almaniyası oldu. Adolf Hitler alimlərinin ideyalarına maraq göstərsə də, müharibədə qazandığı uğurlar onun nüvə silahına marağını azaltdı, çünki bu çalışmalara xeyli maliyyə xərclənməli idi. Hitler bu silaha bir də müharibənin sonuna yaxın maraq göstərməyə başladı, ancaq gec idi, müttəfiq qoşunlar Berlinə yaxınlaşmışdılar. Estafet daha sonra ABŞ-a keçdi, alman alimlərinin bir hissəsi Amerikaya köçdü və "Manhetten layihəsi" adlanan çalışmalar uğurla nəticələndi. ABŞ-ın o zamankı prezidenti Trumen 1945-ci ildə ölkəsinin nüvə silahına yiyənləndiyi xəbərini Potsdam konfransında hələ müttəfiqi olduğu SSRİ-nin diktatoru Stalinə bildirdi. Trumenin məqsədi gələcək rəqibi Stalini qorxutmaq idi. Ancaq bu xəbər Stalin üçün yeni deyildi. "Manhetten layihəsində" çalışan bir qrup alim nüvə sirlərini Moskvaya ötürmüşdülər və bir neçə il sonra SSRİ də nüvə silahına malik oldu".

Siyasi şərhçi Ramiyə Məmmədova hesab etmir ki, nüvə müharibəsi olacaq: "Sadəcə, hibrid savaşdır, əzələ nümayişi davam edir, müharibənin şiddətli dövründə əsəblər tarıma çəkilib və qarşılıqlı təhdidlər səslənməkdədir. Nüvə silahından istifadə böyük fəlakətə yola açar və Putin bunu gözəl başa düşür. Bəşəriyyətin sonu kimi bir dəhşət yaşana bilər. Sadəcə, Kreml başçısı "xox" gəlir, göz qorxudur ki, Qərb blokunu geri addım atmağa vadar etsin. Anti-Putin koalisiyasında müəyyən ehtiyatlılıq var ki, Rusiya ən azı nüvə başlıqlarından bir-ikisini istifadə edə bilər. Rusiya lideri də təhdid edir ki, Ukrayna meydanında istəklərini reallaşdıra bilsin. Amma Britaniya bu məsələdə çox sərtdir və Boris Conson da Rusiya ilə təkbaşına nüvə savaşı aparmağa hazır olduqlarını söyləmişdi. Üstəlik, Qərbdə texnoloji üstünlük var və Rusiyanı nüvədən istifadədə iki dəqiqə qabaqlaya bilir. Bu baxımdan Putin blef hesab etməsə də, zənnimcə, elə blefdir".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics