Siyasət

Səfərbərlik gedişi: cəbhədən cəbhəyə niyə keçildi?

22 Sentyabr 2022 13:53
Baxış: 6 066

Rusiyanın Buryatiya bölgəsinin paytaxtı Ulan-Udedə yaşayan Natalya Semyonovanın dediyinə görə, bu gün hərbi komissarlıqdan onun qardaşının arxasınca gəliblər.

Səfərbərlik elan olunduğundan, Natalyanın qardaşını orduya çağırıblar.

Lakin N.Semyonovanın qardaşı iki il əvvəl vəfat edib.

... Ukraynanın Xarkov vilayətində Rusiya ordusunun məğlub olaraq bölgəni tələsik tərk etməyə başlaması nəticəsində Kreml müharibədəki strategiyasına könüllü dəyişikliklər etmək məcburiyyətində qaldı. Ümumi uzunluğu 1000 kilometrdən artıq olan cəbhə xəttində rusiyalılar aktiv fəaliyyət göstərə bilmirdilər, amma Moskva bu problemi ən məntiqi və adi üsulla - səfərbərliklə - həll etməyə tələsmirdi.

Ukrayna ordusunun uğurlu və sürətli əks-hücumundan sonra aşkar oldu ki, Rusiyanın ordu qruplaşması hətta effektiv müdafiə olunmaq iqtidarında da deyil.

Beləcə, yarım illik gecikmə ilə Rusiyada "qismən səfərbərlik" elan olundu.

Nə baş verir?

Dünən səhər Rusiya Federasiyasının prezidenti Vladimir Putin millətə müraciətində ölkədə qismən səfərbərlik elan etdi. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dediyinə görə, "hələlik ehtiyatda olan 300 min rusiyalının ordu sıralarına cəlb olunması" nəzərdə tutulur.

Təsadüfi deyil ki, qismən səfərbərliyin elanı "səfərbərlik", "hərbi vəziyyət" və "hərbi zaman" anlayışlarının Cinayət Məcəlləsinə daxil edilməsi ilə bağlı Rusiya Dövlət Dumasında qanun layihəsinin təsdiqlənməsinin ertəsi günü oldu.

İndi Rusiyanın CM-də yeni maddələr var. Məsələn, könüllü əsir düşənləri 10 ilədək həbs cəzası gözləyir. Çağırışdan sonra hərbi xidmətə bir ay ərzində qatılmayanlar 5 ildən 10 ilədək həbs cəzası ala bilərlər.

Və elə həmin gün Ukraynanın Donetsk ilə Luqansk vilayətlərindəki separatçı rejimlər, habelə Rusiya qoşunlarının işğal etdikləri Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməklə bağlı referendumun keçiriləcəyi bəyan edildi.

"Refendum" 23-27 sentyabr günləri üçün nəzərdə tutulub.

Rusiyada qismən səfərbərlik elan olunsa da, ordu sıralarına çağırışla bağlı xüsusi seçimin olmayacağı bəllidir.

Rusiyalılar Ukraynada vuruşmaq istəmirlər

Putinin müraciəti translyasiya edilən kimi aviabiletlərin satış qiymətləri dəfələrlə artdı.

Moskvadan İstanbula, Bakıya, Tbilisiyə, Belqrada olan aviareyslərə biletlər iki saata tamamən satıldı.

Ukraynada müharibədə qarşısına qoyduğu heç bir məqsədə çatmayan və faktiki olaraq uduzan Rusiya səfərbərliklə problemləri həll etməyə çalışır.

Fəqət, alınmayacaq.

Çünki

İqlim amili. Qış gəlir, loqistika və kommunikasiyada çox ciddi problemlər yaranacaq

Təminat problemi. Söhbət sursatdan yox, qıdadan, yanacaq-sürtgü materiallarından və geyimdən gedir

İdarəetmə problemi. Rusiyanın Ukraynaya yeritdiyi ordu birliklərində idarəetmə sistemi qərargah səviyyəsində ifrat dərəcədə zəifləyib. İdarəetmə komandanlığı parçalanıb

Təcrübəli zabit problemi. Ordunu döyüşdə idarə edəcək zabitlərin 80 %-i zərərsizləşdirilib. (Ölüb və ya yaralıdır, pis ehtimalla əsirdir)

Motivasiya problemi. Kadrlı hərbçilərdən fərqli olaraq, səfərbərlik nəticəsində Ukraynaya göndəriləcək rusiyalılarda döyüşmək üçün konkret məqsəd və həvəs olmayacaq.

Əslində

Rusiyada qapalı, gizli səfərbərlik çoxdan başlanmışdı: hələ aprel ayında Rusiyanın Müdafiə Nazirliyi bir sıra hərbi ixtisaslar üzrə müqavilə əsasında orduda xidmət üzrə minlərlə vakansiya elan etmişdi.

Həmin "iş elanları"nda "Ukrayna" və "xüsusi silahlı əməliyyat" sözləri olmasa da, bölgələrdəki hərbi komissarlıqlarda təfərrüatlardan həvəslə danışılırdı.

Ukraynada vuruşmaq istəyənlərə deyilirdi ki, onlar cəmi bir neçə aylıq gedirlər, hər ay da 200 min rubla qədər maaş alacaqlar.

Söz yox, təbii, müharibədə həlak da ola bilərlər.

Amma Kreml çox tez başa düşdü ki, Ukraynadakı müharibəyə yollamaq üçün adam yığmaq istəyirsə, ənənəvi "əlavə heç nə demirik, hərbi formanı isə istənilən hərbi geyim dükanında almaq olar" taktikasından əl çəkmək gərəkdir.

Yayın ortalarında isə Ukraynada vuruşmaq üçün könüllülər toplanması barədə Rusiyada artıq açıq danışırdılar.

İş o yerə çatdı ki, Ukraynadakı müharibəyə qatılmaq üçün şirnikləndirici elanlar uşaq bağçalarında, psixonevroloji dispanserlərdə və ruhi-əsəb klinikalarında da peyda oldu.

Daha sonra "Vaqner" özəl hərbi şirkətinin sahibi İosif Priqojin Ukraynada döyüşmək üçün "könüllülər" qismində minlərlə məşbusu dilə tutmağa başladı.

Məhbuslara vəd edildi ki, müharibəyə getsələr, bəraət və ya əfv alacaqlar.

Beləcə, 30 min "könüllü" yığmaq nəzərdə tutulmuşdu. Amma vur-tut 15 min nəfər yığıb hər tipdə insanın yer aldığı 3-cü Ordu Korpusunu formalaşdıra bildilər.

Sosial şəbəkələrdə Ukraynadakı müharibəni dəstəkləyən, divanda uzanıb ukraynalılara qarşı "virtual savaş" aparanların total əksəriyyəti indi səfərbərlikdən yayınır.

Səbəblər

Ukraynadakı hərbi əməliyyatlarda Rusiyanın Müdafiə Nazirliyinin başlıca məqsədi Xerson vilayətindəki əks-hücumun qarşısını almaqdı.

Xarkov vilayətində, İzyum istiqamətində isə rusiyalılar aylardan bəri Slavyansk və Kramatorsk şəhərlərini ələ keçirməyə çalışsalar da, heç nəyə nail ola bilməyiblər.

Ukraynalılar məhz bu istiqamətdə hücuma keçəndə rusiyalılar müdafiə üçün gərəkli əlavə, ehtiyat qüvvə tapa bilməyərək geri çəkildilər.

Səfərbərlik nəticəsində formalaşacaq yeni hərbi hissələrin cəbhəyə qısa zamanda göndərilməsi mümkün deyil. Səfərbər edilmişlərin yüksək döyüş hazırlığından danışmağa dəyməz. Belə ki, Donetsk və Luqanskda son vaxtlarda "könüllülər"dən və səfərbər edilmişlərdən yaradılmış hərbi hissələr Ukrayna ordusu ilə döyüşlərdə çox pis nəticələr göstərdilər.

Yeni hərbi hissələrin formalaşmasına və heç olmasa, minimal hazırlıq keçməsinə ən azı 3 ay vaxt gərəkdir.

Kremlinsə belə vaxtı yoxdur, çünki İzyum və Kupyansk bölgələrindəki məğlubiyyətlərdən sonra yaranmış böhran aradan qaldırılmayıb. Ukraynalıların səngiməyən əks-hücumu indiki sürətlə davam edərsə, rusiyalılar Luqansk və Donetsk vilayətlərinə nəzarəti də itirə bilərlər.

Müharibə davam edəcək

Ukraynada hərbi əməliyyatlar dalana dirənsə də, qarşıdurmanın indiki vəziyyətdə dondurulması nə Kiyevə, nə də Moskvaya sərf edir. Siyasi məqsədlərlə hədəflər hər iki tərəfi genişmiqyaslı döyüşlərə sövq edir.

Amma Rusiya səfərbərliklə bağlı ciddi problemlərlə üzləşəcək. İş ondadır ki, Ukraynadakı müharibəyə göndəriləcək on minlərlə rusiyalı üçün bu, məcburi "seçim"dir.

Rusiya Silahlı Qüvvələrinin başlıca problemi isə müasir savaş bilikləri və təcrübəsi olan zabitlərin yoxluğudur.

"Qismən səfərbərlik" qərarına uyğun olaraq ordu sıralarına çağırılan sabiq zabitlərin özlərinin hazırlığa və təlimə ehtiyacı olduğundan onlar sıravi şəxsi heyətə nə isə öyrədə bilməyəcəklər.

Peşəkar zabitlərin tam əksəriyyəti Ukraynadadır və döyüş təcrübəsini rekrutlarla bölüşmək üçün kütləvi şəkildə geri çağırıla bilməzlər.

Silah, sursat və hərbi texnika ilə bağlı ciddi problemlər var.

Ukraynadakı müharibənin 7 ayı ərzində Rusiya ordusu minlərlə texnika itirib. Bazalarda və anbarlarda qalan köhnə, müasir hərb tələblərinə qətiyyən cavab verməyən paslı silahlarla texnika vasitəsilə yeni "hərbçi"lər Ukraynada HİMARS-lara, "Javelin"lərə, Qərb ölkələrində istehsal edilmiş ən müasir silahlara və texnikaya qarşı duruş gətirə biləcəklərmi?

Çətin.

Ukraynadakı müharibə göstərdi ki, Rusiyanın Müdafiə Nazirliyi 150 min nəfərlik qruplaşmanı belə, effektiv idarə edə bilmir. Müharibəyə göndərilmiş rusiyalı hərbçilərin və hərbi birləşmələrin sayının artması isə problemləri daha da kəskinləşdirəcək.

Təminatla bağlı problemlər də ağırdır. Rusiyanın Ukraynadakı qoşunlarının komandanlığı yük maşınları və xüsusi texnikanın çatışmazlığını hələ də çözə bilməyib. Ukrayna ordusunun cəbhə xəttindən onlarla kilometr aralıdakı sursat anbarlarına, qərargahlara və s.-yə HİMARS-lar vasitəsilə dağıdıcı zərbələr endirdiyi vəziyyətdə bu qruplaşmanın təminatının necə reallaşacağı suallar doğurur. Müşkülləri həll etmək üçün sadəcə, əsgərlərlə zabitləri yox, həm də avtomobil nəqliyyatını səfərbər etmək gərəkdir.

"Kalaşnikov" avtomatı verilən, cəbhəyə göndərilən, amma yetərli hazırlığı və motivasiyası olmayan on minlərlə insan çıxış yolu deyil.

Qələbə üçün operativ kəşfiyyat məlumatları, ən müasir texnologiyalar, motivasiya və döyüş ruhu, əhalinin siyasi səfərbərliyi və qələbəyə köklənməsi gərəkdir.

Rusiyada isə bunlar yoxdur.

... Rusiyanın rəsmi təbliğatındakı Solovyovlar, Kiselyovlar, Baqdasarovlar, Simonyanlar, Keosoyanlar və s. "danışan marionet"lər indiyədək deyirdilər ki, "Ukraynadakı xüsusi silahlı əməliyyatın məqsədlərinə istənilən halda" çatacaqlar.

Bu ifadənin rahatlığı ondadır ki, "məqsədlər" çox mücərrəd və yayğın olduğundan onları istənilən zaman dəyişmək olar. Əgər Ukraynanı bütünlüklə işğal etmək alınmasa - ölkənin cənubunu və şərqini ələ keçirməklə kifayətlənmək mümkündür.

Bu da alınmasa - Donetsk və Luqansk vilayətlərinin işğalı "möhtəşəm zəfər" kimi qələmə veriləcək.

İşğal və tam nəzarət indiki kimi baş tutmasa, hazırda ələ keçirilənlərlə kifayətlənərək şikarın statusunu "Rusiyanın yeni regionları" səviyyəsinədək qaldırmaq olar.

Axı əsas məqsəd şikarın özü yox, onu əldə etmək imkanı və qətiyyətinin varığını göstərməkdir.

Yəni "Rusiya ilə zarafatın sonu pisdir", "Rusiyanın hüququ var" və s.

Son iki gündə bu virtual "üstünlük" də əldən verildiyindən, Kreml itiriləni qaytarmaq üçün risk səviyyəsini qaldıraraq qarşı tərəfin vəziyyəti daha da ağırlaşdırmayacağına ümid edir.

Ukrayna ordusu bunu etməsə, əks-hücumu indiki templə davam etdirsə, Kreml sübut etməli olacaq ki, "oyun oynamır" və sonucda daha dağıdıcı, fəlakətli qərarlar verəcək.

Rusiyadakı səfərbərlik qərarının Qərbdə doğurduğu kəskin reaksiya və nəticədə Moskvaya qarşı yeni sanksiyaların tətbiqi, habelə Ukraynaya daha çox hərbi texnika ilə silahların göndəriləcəyi də faktdır.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.