Siyasət

Putin nüvə savaşına qərar vermək üzrədir: O, hər an düyməyə basmağa hazır görünür

22 Sentyabr 2022 12:12
Baxış: 2 418

Rusiya böyük fəlakət qarşısında qaldığını anlayaraq, əlindəki son vasitələri də işə salmaq niyyətinə düşüb... Kreml ölkədaxili və hərbi kataklizmlərlə üzləşəcəyi təqdirdə, Rusiyanın nüvə silahından istifadə etməyəcəyinə indi artıq heç kim təminat verə bilməz...

Ukraynanın savaş məkanında başladılan yeni mərhələ dərinləşməyə başlayıb. Rusiya savaşın davam etdiyi son yeddi ay ərzində əldə etdiyi hərbi-strateji üstünlüyü böyük sürətlə itirməyə başlayıb. Ukrayna ordusunun müdafiə taktikasını hücum strategiyası ilə əvəzləməsi Rusiyanı olduqca ağır vəziyyətə salıb.

Məsələ ondadır ki, Ukrayna ordusu Rusiya hərbi birləşmələrinin döyüş mövqelərinə aramsız ağır zərbələr endirir. Rusiya ordusu panik vəziyyətdə geri çəkilmək məcburiyyətində qalıb. Ukrayna ordusu Rusiyanın yeddi ay ərzində işğal etdiyi əraziləri bir neçə həftəyə azad etməyə başlayıb. Və son günlər Rusiya ordusu savaş meydanında biabırçı məğlubiyyətə sürətlə yaxınlaşırdı.

Təbii ki, Kremldə Rusiya dövlətçiliyinin böyük təhlükə qarşısında qaldığını anlamamış deyildilər. Təxirəsalınmaz və daha effektiv addımlar atılmazsa, Rusiyanın süqutu qaçılmaz ola bilərdi. Və belə bir situasiyada Kreml uzunmüddətdən bəri qərar verməyə ehtiyatlandığı addımlara məcbur idi.

Ancaq qərarlar vaxtında verilməyəndə, əksər hallarda əks effekt də verir. Bu baxımdan, Kremlin verdiyi son qərarların Rusiyanın əleyhinə çevrilə biləcəyi də qətiyyən istisna deyil. Üstəlik, bunun ilkin əlamətləri də artıq dərhal müşahidə edilməyə başlayıb.

Rusiya prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsi siyasi-ictimai ajiotaj yaradıb. Belə ki, Kreml sahibi ordu üçün önəm daşıyan hərbi ixtisaslar üzrə təcrübəsi olan Rusiya vətəndaşılarının səfərbərliyə cəlb edilməsi ilə bağlı qərar verib. O, bu qərarını Rusiyanın bütün dünya ilə savaş vəziyyətində qalması ilə izah etməyə çalışıb.

Təbii ki, Ukrayna savaşında məğlub duruma düşən, öz hərbi potensialının əhəmiyyətli bir hissəsini tükəndirən Rusiya üçün bu addım müəyyən mənada, sonuncu xilas variantı kimi görünür. Ancaq bu qərar çox gecikdirildiyindən Kremlin növbəti strateji səhvi də hesab oluna bilər. Və Rusiya indi "səfərbərlik kampaniyasının təsiri altına düşməyə başlayıb.

Kreml sahibinin bu qərarına qədər Rusiya cəmiyyəti Ukrayna savaşına müşahidəçi mövqeyindən yanaşırdı. Düzdür, Rusiya cəmiyyətinin biganəliyi və susqunluğunda savaşa qarşı çıxanlara münasibətdə sərt cəzaların tətbiq olunması da birbaşa rol oynayırdı. Ancaq indi bu vəziyyət böyük sürətlə dəyişmək üzrədir.

Məsələ ondadır ki, Rusiya əhalisi artıq Ukrayna savaşının biganə tamaşaçısından birbaşa iştirakçısına çevrilib. İndi səfərbərliyə cəlb olunma ehtimalı olan istənilən Rusiya vətəndaşı Ukrayna savaşının psixoloji təsirini öz üzərində hiss edir. Və bu səbəbdən də Rusiya cəmiyyətinin buna verdiyi reaksiya o qədər də gözlənilməz deyil.

Son məlumatlara görə, Rusiya əhalisi savaşmaq istəmir. Artıq "Vesna" Gənclər Hərəkatı ümumxalq etiraz mitinqi elan edib. Müxtrəlif vətəndaşlar, o cümlədən də ictimai xadimlər səfərbərlik qərarına qarşı sərt reaksiya verməyə başlayıblar. Üstəlik, səfərbərliyə cəlb olunma ehtimalı olan vətəndaşların kütləvi şəkildə ölkəni tərk etməyə çalışdıqları barədə də məlumatlar mövcuddur.

Maraqlıdır ki, Rusiyadan İstanbul, Daşkənd, Tiflis, Bakı, İrəvan və s. istiqamətlərə aviareyslər üzrə biletlər hətta bir neçə gün sonraya belə, tükənib. Ona görə də, Rusiya hökuməti 18-65 yaş arası kişi cinsindən olan vətəndaşlarının ölkəni tərk etməsini də qadağan etməyə başlayıb. Bu isə ictimai narazılıqları daha da artırır.

Bütün bunları nəzərə aldıqda, Kremlin Ukrayna savaşına başlamaqla, etdiyi səhvə qismən səfərbərliyi də əlavə etməsi Rusiyada ölkədaxili narazılığı artıracağı qətiyyən şübhə doğurmur. Silah-sursat çatışmazlığı ilə üzləşmiş Rusiya ordusunun itkiləri artdıqca, bu narazılığın kütləvi etiraz dalğasına, hətta iğtişaşlara çevrilə biləcəyi də qətiyyən istisna deyil. Yəni, prezident V.Putinin də dediyi kimi, Rusiya cəmiyyəti daha uzunmüddətli ağır dövrə hazır olmaq məcburiyyətindədir.

Digər tərəfdən, Kremlin qismən səfərbərlik elan etməsinə Rusiyanın beynəlxalq düşmənləri də reaksiya verməyə başlayıblar. Həmin reaksiyalarsa, daha çox Kreml sahibinin "Rusiyanın ərazi bütövlüyü təhdid altına düşərsə, biz sahib olduğumuz bütün vasitələrdən istifadə edəcəyik və bunu heç kim blef hesab etməsin" xəbərdarlığı üzərində indeksləşib. Və Kreml sahibinin bu xəbərdarlığına münasibət birmənalı deyil.

Böyük Britaniya prezident V.Putinin mesajını nüvə müharibəsi təhdidi kimi qəbul etdiyini bəyanlayıb. Rəsmi London hesab edir ki, bu təhdidi ciddiyə almayıb, blef kimi dəyərləndirmək dəhşətli nəticələr verə bilər. Ona görə də, bütün dünya məhz nüvə müharibəsi təhlükəsinə qarşı indidən hazırlaşmaqla, Kreml sahibinin təhdidlərini vaxtında zərərsizləşdirmək barədə düşünməlidir.

Ukrayna prezidenti Volodimir Zelenski isə Kremls sahibinin təhdidlərini blef kimi dəyərkəndirdiyinə eyham vurub. Onun fikrincə, Rusiya nüvə müharibəsinə başlamağa cəsarət etməz. Əgər, buna cəhd edərsə, Rusiya daha çox ziyan çəkə bilər.

Ancaq NATO-da Rusiyanın nüvə təhdidinə Ukrayna prezidentindən fərqli olaraq, daha proqmatik yanaşırlar. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, prezident V.Putinin səfərbərlik qərarı Kremlin Rusiyanın düşdüyü durumla bağlı çarəsiz qalmasından qaynaqlanır: "Ona görə də, prezident V.Putin çox təhlükəli ritorikadan istifadə etməyə başlayıb. Ancaq Kremldə nəzərə almalıdırlar ki, Rusiya nüvə savaşında qalib gələ bilməz".

Göründüyü kimi, Rusiya böyük fəlakət qarşısında qaldığını anlayaraq, əlindəki son vasitələri də işə salmaq niyyətinə düşüb. Kremlin maksimum aqressivliyə meyl göstərməsi bir tərəfdən, Rusiyanın daxilində ictimai etiraz dalğasına, hətta iğtişaşlara yol aça bilər. Və bu, Putin hakimiyyəti üçün ən real təhlükələrdən biridir.

Digər tərəfdənsə, dünya indi nüvə savaşına heç vaxt olmadığı qədər yaxınlaşmış kimi görünür. Hər halda, Rusiya daxili və hərbi kataklizmlərlə üzləşəcəyi təqdirdə, Kremlin nüvə silahından istifadə etməyəcəyinə indi heç kim təminat verə bilməz. Bu baxımdan, dünyanın nüvə savaşı ilə üz-üzə olduğu qətiyyən şübhə doğurmamalıdır. "Yeni Müsavat"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics