Siyasət

Ermənistan yenidən Azərbaycanla TƏKBƏTƏK QALACAQ - Bu tarixdə: 3 aylıq...

21 Sentyabr 2022 18:06
Baxış: 10 655

ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 19-da Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş təşkil etdi.

Bu görüşdən sonra Blinken tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırdı. Görünən odur ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında aktivlik nümayiş etdirərək əsas moderatora çevrilmək üçün yaranan fürsətdən istifadə etmək niyyətindədir. 

Hansı fürsət?

Çoxdandır başı Ukrayna-Rusiya müharibəsinə qarışan Amerikanın birdən-birə İrəvanla Bakı arasında moderatorluq istəyinin səbəbləri müxtəlif ola bilər. Ermənistanda anti-Rusiya meyillərinin gücləndiyi bir vaxtda (bunu istər Ermənistanın siyasət adamlarının etdikləri açıqlamalarda, istərsə də sosial medianın erməni seqmentindəki paylaşımlardan görmək mümkündür - red.) ABŞ Konqresinin Nümayədələr Palatasının spikeri Nensi Pelosinin İrəvan səfəri zamanı qarşı tərəfin Azərbaycanla sərhəddə törətdiyi təxribatlara Ordumuzun adekvat, tutarlı cavabı sonrası Moskvanın rəhbərlik etdiyi KTMT-nin Nikol Paşinyanın müraciətlərini cavabsız qoyması, Azərbaycana qarşı qoşun yeritmək istəyini qəbul etməməsi fonunda Pelosinin Azərbaycanı "işğalçı" adlandırması, heç bir əsas, dəlil-sübut olmadan Ermənistan ərazisinə təcavüzdə suçlaması ermənilərin Qərbmeyilliliyini daha da gücləndirən səbəb oldu.

Bunun dərhal ardınca Blinkenin Nyu-Yorkda Ermənistan və Azərbaycan XİN rəhbərlərini bir araya gətirməsi bir növ ABŞ-ın Rusiyanı bu proseslərin içindən çəkib çıxarmaq, prosesin onun müdaxiləsi daxilində inkişaf etməsinə hesablandığından xəbər verir. 

Çox güman ki, 10 noyabr üçtərəfli bəyanatından bu tərəfə 2 ilə yaxın bir müddət keçməsinə baxmayaraq nə Rusiyanın, nə də Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlarda ciddi bir irəliləyiş nəzərə çarpmadığını, - Ermənistan tərəfi nə Zəngəzur dəhlizi ilə bağlı götürdüyü öhdəliyi yerinə yetirməkdə qərarklı görünür, nə də delimitasiya-demarkasiya məsələsində irəliləyişə şahidik, - görən ABŞ bu prosesdə yeni nəfəs kimi fəallıq nümayiş etdirərək, Bakı və İrəvanı bir araya gətirərək həlli məsələsi uzanan sülhü regiona gətirmək perspektivinə malik tək qüvvə olduğunu inandırmağa çalışa bilər. Xüsusilə sərhəddəki 12-13 sentyabr gərginliyi ABŞ-ın bu proseslərə daha fəal qoşulması üçün bir fürsət oldu. 

Pelosinin İrəvan səfəri zamanı isə Azərbaycanı hədəf bəyanatlarından sonra ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına vasitəçilikdə səmimi görünəcəyi və effektiv ola biləcəyi inandırıcı səslənmir.

Amma bir şey də aydındır ki, Vaşinqton Pelosinin İrəvana səfərində maraqlı tərəfdir, onun etdiyi açıqlamalar da ABŞ dövləti tərəfindən düşünülmüş planın ssenarisinə uyğundur. Çünki bildiyimiz kimi Amerika artıq bir neçə aydır Minsk Qrupu formatının dirildilməsi istiqamətində Fransa ilə birgə canfəşanlığıyla diqqət mərkəzindədir.

O da istisna edilmir ki, Qarabağın "statusu" məsələsini gündəlikdə saxlamaq üçün ABŞ-ın müəyyən dairələri danışıqların kritik mərhələsində yenidən Minsk Qrupu formatını ortaya atmaq üçün əlindən gələni edəcək. Amma nəzər yetirsək görərik ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Amerika prezidenti Co Bayden İlham Əliyevə müxtəlif vaxtlarda 3 məktub ünvanladı. O məktubların hər birinin mətninə baxsaq şahidi olarıq ki, ABŞ lideri orada Azərbaycanın enerji təhlükəsizliyindəki əhəmiyyəti, Azərbaycanın qlobal enerji təhlükəszliyindəki sabitləşdirici rolu ilə bağlı ifadələrə xüsusi yer verib.

İndi ABŞ-ın fərdi şəkildə (Minsk Qrupu formatında deyil) sülhə töhfə vermək cəhdinin arxasında da məhz Rusiyanın Cənubi Qafqazdakı təsirini azaltmaq məqsədi daşıyır. ABŞ Ruisyanın geridə qalan 2 il ərzində edə bilmədiyini - regiona sülhümü gətirəcək? İnandırıcı deyil. Vaşinqton sadəcə Rusiyanın Cənubi Qafqazda proseslərə təsir düyməsi hesab edilən erməni amilini öz çevrəsinə salmaq barədə düşünür.

Söhbət sülh və onu gətirəcək təkliflərdən gedirsə, Avropa İttifaqının vasitəçiliyi ilə Brüssel görüşlərinin Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketi çərçivəsində keçirildiyi hər kəsə bəllidir. 

Özünü yeni sülh "quşu" kimi göstərmək istəyən ABŞ üçün də rəsmi Bakının təqdim etdiyi həmin sülh paketinin keçərli olub olmadığı hələ ki qaranlıq olaraq qalır.

Azərbaycanın gündəliyində olan məsələlər (sülh müqaviləsi, ərazi bütövlüyünün qarşılıqlı tanınması, kommunikasiya yollarının açılması, sərhədlərin delimitasiya-demarkasiyası - red.) Birləşmiş Ştatların trekti ilə üst-üstə düşəcəyi bir o qədər inandırıcı gəlmir. 

Ona görə ki, ABŞ-ın üçüncü şəxsi olan Nümayədələr Palatasının spikeri Nensi Pelosi İrəvana səfər edir və orada Azərbaycanın ünvanına olmazın ittihamlarını yağdırır. Nəzərə alsaq ki, Pelosi və Bayden eyni partiyanın nümayəndələridir və bir komandanın üzvüdür, o zaman ABŞ-ın vasitəçilik, sülh missiyasının göründüyü qədər obyektiv qərarlar üzərindən həllindəki fəallığı sadəlöhvlük olar. 

İstənilən halda bir dövlətin rəsmi mövqeyini Adminstrasiya ortaya qoymaq səlahiyyətinə sahibdir. Amma buna rəğmən Pelosinin Azərbaycan əleyhinə qeyri-obyektiv fikirlərinə görə Birləşmiş Ştatların Dövlət Departamentindən Nensi Pelosinin İrəvanda səsləndirdiyi ittihamların rəsmi Vaşinqtonun fikirləri olub-olmadığı ilə bağlı hər hansı bir açıqlamaya rast gəlinməməsi deyilənləri iddiadan çıxarır. Çünki əslində belə hallarda açıqlama verilir ki, Pelosi Nümayədələr Palatasının sədridir, Nümayədələr Palatası dövlətin xartici siyasətinə görə cavabdeh deyil, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və s. 

Buradan belə nəticə çıxır ki, ABŞ danışıqlar prosesinə yeni çalarlar qatmağa çalışacaq. Xüsusilə də Ermənistanın lehinə olan məsələlər ön planda görünə bilər. Ona görə ki, ABŞ-ın indi bu məsələni qaldırmasının səbəblərindən biri də qarşıdan (noyabrda) gələn Konqres seçkiləridir. Çünki bir az keçmişə nəzər salsaq görərik ki, 2020-ci ildə Donald Tramp dəvət edəndə də o zaman seçki kampaniyası ərəfəsi idi. Erməni lobbisi o zaman da çox fəal şəkildə təzyiq edirdi. Onu nəzərə alsaq ki, seçkilərdə ermənilərin səsləri çox mühüm rol oynayır, o zaman Pelosi təxribatının və Blinken səylərinin nədən, hansı səbəbdən qaynaqlandığını anlamaq çətin olmaz. Buradan belə anlaşılır ki, Ermənistanın ABŞ-dan gözləntilərinin müddəti ən çoxu 3 ay davam edəcək. 

Bundan sonra isə indi Rusiyaya olan nifrətin ABŞ-a qarşı təkrarlanıb-təkrarlanmayacağı böyük sual doğura bilər. Çünki Fransa Rusiya və ABŞ qədər Ermənistanın maraqlarını təmin edəcək beynəlxalq güc sayılmır. Artıq o müddətdən sonra Ermənistana havadarlıq edib, Azərbaycanla təkbətək qalmaqdan xilas edəcək aparıcı aktorun tapılacağı inandırıcı görünmür. Olsa da Ermənistan daha ağır şərtlər altında hansısa gücün qanadları altında qorunmaq üçün "xidmətə" davam etmək məcburiyyətində qalacaq. 

Çox güman ki, indi yenidən ABŞ rəsmiləri ermənilərə göstərmək üçün ki, nəsə edirlər, belə bir ssenarini ortaya ataraq növbəti dəfə işlərini aşırmağa çalışırlar. Ona görə də, hətta Vaşinqton bilə-bilə ki, Minsk Qrupu sözü "status" məsələsi kimi Azərbaycanı ən çox qıcıqlandıran məsələlərdən biridir, bunun bahasına belə olsa ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Filip Riker vəzifəyə təyin olunanda bu ifadədən istifadə etdi. 

ABŞ əgər təktərəfli şəkildə Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq niyyətindədirsə, Bakı qarşısına əlavə şərtlər, Qarabağın gələcəyi, "statusu" kimi mövzulardan uzaq durmalıdır. Vaşinqton bir şeyi bilməlidir ki, əks halda Bakı onun masasında yer almayacaq. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.