Siyasət

Pelosinin İrəvanda yaratdığı şou və revanşist ermənilərlə müvəqqəti “dostluğu”

19 Sentyabr 2022 12:39
Baxış: 677

Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan gərginliklər fonunda ABŞ konqresinin Nümayəmdələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri, ermənilərə verdiyi qeyri-səmimi vədlər və Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar geniş müzakirələrə səbəb olur. Pelosinin sərsəm açıqlamalarını yenidən xatırlamağa ehtiyac yoxdur. Çünki hər kəs bütün detalları mediadan izləyib.

Fitnəkar Pelosinin İrəvanda yaratdığı şou və revanşist ermənilərlə müvəqqəti "dostluğu"

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda cəmiyyətin əsas müzakirə mövzusu isə Pelosinin Azərbaycana qarşı belə sərsəm və ədalətsiz bəyanatlar verməyə təhrik edən səbəblərdir.

Səbəblərə keçməmişdən əvvəl ABŞ rəsmisin təkcə Ermənistandakı separatçılara, revanşistlərə qarşı deyil, bütün dünyadakı bölücü rejimlərə simpatiyasını qeyd etmək yerinə düşər. Məsələn, Pelosi Çinlə ABŞ arasında əsas mübahisə, hətta hərbi gərginlik mövzularından biri olan Tayvana səfər etməklə münaqişənin alovlanmasına rəvac vermiş, bölgədə hərbi gərginliyi artırmışdı. Çin Tayvanı özünün bir parçası hesab etsə də, Tayvan ABŞ-ın və maraqlı güclərin köməyi ilə özünü müstəqil dövlət elan edib. Bu səbəbdən, Pekin ABŞ rəsmisinin Tayvana səfər etməsini pisləyən bəyanatlarla çıxış etmişdi, hətta bölgədə genişmiqyaslı hərbi təlimlər keçirməklə Vaşinqtona Tayvana olan iddialarından əl çəkməyəcəyi ilə bağlı mesajlar göndərmişdi.

Təbii ki, ABŞ-ın Çinin iddia etdiyi bölgəyə qarşı belə maraqlı olmasının xüsusi səbəbləri var. Məlumdur ki, Çin iqtisadiyyatı sürətlə böyüyür. Çinin böyüməsi ABŞ-ın dünyadakı iqtisadi hakimliyinin sonlanması ilə nəticələnə bilər. Ekspertlərin fikirincə, ABŞ öz maraqları üçün Tayvandakı separatçılara dəstək olur və Çini hərbi münaqişəyə çəkməklə Pekinin iqtisadi cəhətdən böyüməsinin sürətini azaltmağı planlaşdırır. Çin isə Pelosinin təxribatçı səfərinə həm hərbi güc göstərməklə, həm də təmkin nümayiş etdirməklə cavab verərək vəziyyətin daha da gərginləşməsinə, Vaşinqtonun öz məqsədlərinə çatmasına şərait yaratmadı.

Pelosinin İrəvan səfərinin təfərrüatlarından aydın olur ki, Pelosi üçün öz maraqları xalqların milli maraqlarından, təhlükəsizliklərindən və inkişafından daha önəmlidir.

ABŞ rəsmisinin İrəvanda Azərbaycan əleyhinə verdiyi ədalətsiz bəyanatlara da, onun səbəblərinə də "xüsusi maraqlar" kontekstində yanaşmaq lazımdır. Çünki Pelosinin siyasi keçmişi və bu günü onun hansı maraqlara xidmət etdiyini bütün çılpaqlığı ilə ortaya qoyur. Bir sözlə, Pelosi dünyada erməni maraqlarının əsas müdafiəçilərindən biridir. Məsələn, Pelosi Türkiyə ilə bağlı erməni diasporunun dəstəklədiyi qətnaməyə dəstək verən ABŞ-lı rəsmilərdən biridir. Həmçinin Nensi Pelosinin ermənilərə yaxınlaşdıran əsas səbəblərdən biri də bu yaxınlarda ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdir. Onun Azərbaycanın Ermənistan ordusuna vurduğu sarsıdıcı zərbədən sonra şok keçirən erməni cəmiyyətinin yanında olması ilə bağlı yaratdığı şounun da məqsədi revanşist ermənilərin dəstəyini qazanmaqdır. Gələcəkdəki siyasi, iqtisadi və hərbi proseslər göstərəcək ki, Pelosinin İrəvanda ermənilərə verdiyi vədlər, fitnəkar bəyanatlar boş sözdən başqa bir şey deyil və yaradılan şou da, "erməni soyqırımı" abidəsində tökülən göz yaşları da ABŞ-ın daxili siyasətinə, erməni lobbisinin, təşkilatlarının səslərini qazanmağa hesablanıb.

Pelosinin İrəvanda səsləndirdiyi qeyri-səmimi və hiddət yaradacaq bəyanatları

Pelosi İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanın təhlükəsizliyindən, sərhədlərin toxnulmazlığına diqqət çəkib. Deyib ki, Ermənistanın təhlükəsizliyindən narahatdırlar. Sual yaranır ki, ABŞ dövlətlərin təhlükəsizliyi məsələsinə bu qədər önəm verirsə, 30 ilə yaxın müddətdə Azərbaycanın sərhədlərinin təhdid edən, torpaqlarımızı işğal altında saxlayan İrəvana niyə təzyiqlər göstərmirdi, sanskiyalar tətbiq etmirdi? Sərhədlərin təhlükəsizliyi məsələsi yalnız Ermənistana aiddir?

ABŞ rəmisinin çıxışı zamanı diqqətçəkən və qeyri-səmimi, hətta hiddət yaradacaq məqamlardan biri də onun Azərbaycanın Qarabağda erməni əhaliyə qarşı vandalizm aktı törətməsi, həmçinin tarixi abidələri dağıtması ilə bağlıdır. Maraqlıdır ki, 30 ilə yaxın müddətdə nə Pelosi, nə də digər ABŞ rəsmiləri Qarabağın işğalını, işğal dövründə şəhərlərimizin yer üzündən silinməsini, abidələrimizin dağıdılmasını, 1 milyon qaçıqınımızı görmədi, erməni vəhşiliyi ilə bağlı hər hansı bəyanat vermədi, indi heç bir sübut olmadan Azərbaycanı vandalıqda, tarixi abidələri dağıtmaqda ittiham edir. Bu qədər qeyri-səmimilik olmaz. Görünən odur ki, Pelosi seçkiqabağı ermənilərin gözünə girmək üçün sözün həqiqi mənasında İrəvanda ağzına nə gəldi danışıb.

ABŞ rəsmisinin İrəvana səfərinin Azərbaycan və Ermənistan üçün siyasi və iqtisadi nəticələri

Ermənistan dövlətinin siyasi və iqtisadi quruluşuna, ölkəni idarə edənlərin diplomatik hədəflərinə nəzər salsaq görərik ki, İrəvanın əsas məqsədi düşdüyü çətin iqtisadi və siyasi fəlakətdən minimum itki ilə çıxmaqdır. İrəvan isə çıxış yolu, ümid yeri kimi okeanın o tərəfində yerləşən ABŞ-ı görür. ABŞ-ın strateji hədəflərini nəzərə alsaq, Ermənistan onun üçün heç bir əhəmiyyət kəsb etmir və Vaşinqton İrəvana verdiyi vədlərin hər hansı birinə əməl edəcəyi real görünmür. İtirən reallıqları dərk etməyən erməni cəmiyyəti və siyasi hakimiyyət olacaq. Çünki Ermənistanın iqtisadiyyatının, hərbi və siyasi sisteminin hansı dövlətin əlində olduğu hər kəsə məlumdur. Təbii ki, Ermənistanın sahiblərinə qarşı yürütdüyü xəyanətkar siyasətin ağır nəticələri olacaq və biz buna şahidlik edəcəyik.

Pelosinin İrəvanda Azərbaycanın əleyhinə səsləndirdiyi bəyanatların isə Bakıya nə iqtisadi, nə də siyasi təsiri olacaq. Çünki rəsmi Bakı siyasi baxımdan həm Ermənistanla, həm də Qarabağla bağlı qəti mövqe ortaya qoyub və Azərbaycanı heç bir güc bu mövqeyindən çəkindirə bilməz, haqlı tərəf bizik.

Azərbaycanın Cənubi Qafqazın açar dövləti olduğunu, Avropanın enerji təhlükəsizliyindəki rolunu Pelosi də yaxşı bilir, amma görünən odur ki, o, ABŞ-ın qlobal maraqlarına qarşı çıxmaqdan, ermənilərin dəstəyini qazanmaq üçün bölgədə gələcək sülhə və sabitliyə təhdid yaradacaq bəyanatlar səsləndirməkdən çəkinmir. Pelosi də anlayır ki, ABŞ-ın Azərbaycana iqtisadi cəhətdən təsir gücü çox azdır, hətta Vaşinqtonun Bakıdan böyük iqtisadi gözləntiləri var desək, yanılmarıq.

Məsələn, ABŞ prezidenti Co Baydenin Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı göndərdiyi məktubundan bir hissəni xatırlatmaq kifayət edər ki, Vaşinqton üçün Bakının nə qədər önəmli olduğunu bir daha aydın olsun.

Co Baydenin məktubundan sitat: "Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır. Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir".

Sadalanan məqamlardan bird daha aydın olur ki, Pelosinin İrəvana səfəri bölgədə sülhün və sabitliyin bərqərar olması üçün atılan addımlara və ABŞ-ın siyasi-iqtisadi maraqlarına xidmət etmir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics