Siyasət

Tehran Azərbaycana mane olmaq istəyir - İrandan KRİTİK QƏRAR

12 Avqust 2022 11:24
Baxış: 6 549

Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərdən sonra keçən il sentyabrın 12-dən Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İran maşınlarını yoxlamağa başlaması İranın yuxusunu növbəti dəfə qarışdıran məsələ kimi gündəmi zəbt etdi. Bundan qısa müddət sonra Xankəndiyə yük daşıyan iranlı sürücülər aşkar olunaraq həbs edildi ki, bu da özbaşına Azərbaycan ərazisindəki separatçılara yardım göndərən Tehranın narahatlığı ilə hiss edildi. 

Qarşılıqlı ittihamlar fonunda pisləşən münasibətlər bir müddət sonra Tehranın təşəbbüsü ilə normallaşmağa başlasa da, bu proses heç də rəvan getmədi və bütün bu xoşagəlməz proseslərin ardınca İran idmançılarının Xankəndiyə qanunsuz səfər edərək orada cinayətkar rejimin keçirdiyi yarışda iştirak etməsi Bakıda növbəti haqlı suallara yol açdı.

Azərbaycanla sərhəddə, Zəngəzur ərazisində konsulluq açmaq qərarını da bu qəbildən olan addımlardan saymaq olar.

Təbii ki, İranın hansısa şəhərdə konsulluq açması onun müstəsna suveren hüququdur və rəsmi Bakı da bunu çox anlayışla qəbul edə bilər. Amma bir istisna var: Azərbaycan İrandan fərqli olaraq, heç vaxt bu ölkənin daxili işlərinə qarışmır, amma təəssüf ki, bir müddət əvvəl İran Azərbaycanın suveren xarici siyasətindən narahat olaraq müxtəlif açıqlamalar verirdi. Doğrudur, bu proses artıq arxada qalıb. İndi Azərbaycan-İran münasibətləri nisbətən normallaşma mərhələsindədir. 

Buna misal olaraq Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan üçtərəfli qaz sazişi imzalamasını göstərə bilərik. Bundan əlavə, Prezident İlham Əliyev tərəfindən irəli sürülən 3+3 platforması həm də İran üçün siyasi-iqtisadi üstünlüklər vəd edir. Ona görə də, İranın Qafanda səfirlik açması iki ölkənin münasibətlərinə xələl gətirməyəcəyini düşünə bilərik.

Amma əslində Qərbi Zəngəzurda təcili olaraq rəsmi Tehranın belə bir konsulluq açması hansı məqsədi güdür?

Qafan şəhəri Ermənistandan keçən Zəngəzur dəhlizinin əsas strateji nöqtələrdən biridir. Qafanda sovet dövründən qalan dəmir yolu vağzalı var. Bu şəhər Azərbaycanın Zəngilan rayonu ilə də sərhəddir. Eyni zamanda, İrana da yaxın şəhərdir. Qafan Qərbi Zəngəzur, yəni Ermənistanın Sünik vilayətinin mərkəzidir. Qafandan Gorusa və oradan da İrəvana yol gedir. Qafan-Gorus yolu isə Azərbaycan ərazisindən keçir. Bundan başqa, yaxın gələcəkdə Qafanı Zəngəzur dəhlizi ilə dəmir və avtomobil yolu xətlərinin birləşdirəcəyini nəzərə alsaq İranın belə bir addımın heç də təsadüfü və sıradan bir qərarı olduğunu düşünmək sadəlövlük olar. 

İranın Qafan şəhərində konsulluq açmasının arxasında bir sıra ehtimalların olduğu diqqətdən yayınmır:

⚫️ Rəsmi Tehran Qafan şəhərində konsulluq açmasında əsas məqsədi Zəngəzur dəhlizi ilə bağlı proqramlarını və planlarını asanlıqla həyata keçirməkdir. Bunun üçün ona Sünik vilayətində nümayəndə lazımdır.

⚫️ İsrailin Ermənistanda ticarət varlığının güclənməsi də, İran rəhbərliyini narahat edir. İsrail Qərbi Zəngəzurda - Ermənistanın Sünik vilayətində ticarət obyektləri tikməyi planlaşdırır. İran Qafanda konsulluq açmaqla İsrailin bu regionda iqtisadi və ticarət fəaliyyətinə nəzarət etmək niyyətindədir. Digər bir məsələ İranın Qafandakı Baş konsulluğu vasitəsi ilə Azərbaycan ərazisindən keçən Qafan-Gorus yolunda öz ticarət maraqlarını yönləndirmək istəyidir. İran hökuməti bu yoldan istifadə edən tacirlərinin işini asanlaşdırmağa çalışacaq.

⚫️ İran işıq sürəti ilə Qafanda konsulluq açdı, özü də bunu düz Zəngilana bitişik bölgədə etdi. Halbuki İrana daha yaxın və sərhəd olan Mehri rayonu da var. Onlarla üzbəüzdə Zəngilanda İsrailin camış ferması fəaliyyət göstərəcəyini nəzərə alsaq, əslində İranın konsulluq məsələsində belə bir strateji yeri seçməsinin səbəbini anlamaq çətin deyil. 

Burada məsələ təkcə Ermənistanı "qırmızı xətti" elan edən Tehranın İrəvana "qardaşlıq zəngi" yox, həm də son proseslər, xüsusilə dünən Rəisi və Paşinyan arasında telefon söhbəti və Rusiyanın Mehri-Əkərək yolunda yeni postlar qurması fonunda diqqət çəkir.

Bu məsələyə "ənənəvi" İran-Ermənistan dostluğu kontekstindən yanaşsaq, daha doğru olar. Çünki 30 il Azərbaycan torpaqları işğal altında olanda sərhəd toxunulmazlığını "qırmızı xətt" adlandırmayan İran indi bəyan edir ki, sərhədlərin dəyişdirilməsi onun üçün "qırmızı xəttdir". Öz aləmində İran Ermənistanın qeydinə qalır. 

Konsulluq mövzusuna Moldovada yaşayan erməni politoloq Ernest Vardaneanın mövqeyi də olduqca maraqlı olub. Erməni politoloq bildirib ki, bu telefon danışığından dərhal sonra Qafanda baş konsulluğun fəaliyyətə başlaması simvolik xarakter daşıyır:

"Baş nazir Paşinyanla prezident Rəisi arasında telefon danışığından bir gün sonra İran Ermənistanın Sünik (Zəngəzur) bölgəsindəki Kapan (Qafan) şəhərinə baş konsulunu təyin etdi. 

Bu təyinat hazırda diplomatik deyil, simvolik xarakter daşıyır. Ona görə yox ki, bu, əlaqələrin möhkəmlənməsinə töhfə vermir - əksinə, ona görə ki, hazırda və məhz Sünikdə (Zəngəzur) bütün regionun gələcəyi həll olunur.

İndi Tehran eyni vaxtda Moskvaya və Bakıya, onun vasitəsilə də Ankaraya cavab verir ki, Sünik (Zəngəzur) indi rəsmi olaraq İranın həyati maraqları sferasıdır".

İranın Ermənistan sevdasını istər 30 illik işğal dövründə, istərsə də postkonflikt dövründə çox aydın şəkildə hiss etdik. Xüsusən də son proseslər fars diplomaiyasının Ermənistan sevgisini qənşərə çıxarmağa başlayıb. İranın Ermənistandakı keçmiş səfiri Kazem Səccadinin bu ölkə ilə bağlı "Gözəl Ermənistan. Bizim çox yaxşı qonşumuz yoxdur, amma Ermənistan bizim yaxşı qonşularımızdan biridir", - fikirləri bir daha düşünməyə əsas verir ki, Tehran üçün İrəvan regionda xüsusi yerə sahibdir. 

İranlı diplomatın bu yaxınlarda Türkiyə və Azərbaycan əleyhinə sərsəm bəyanatından da bir daha anlamaq olur ki, rəsmi Tehranda Ermənistana qarşı "dostumun düşməni mənim düşmənimdir" deyimi olduqca aktualdır.

Keçmiş səfir Kazem Səccadi Türkiyə və Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirməsi deyilənlərin növbəti təsdiqidir. Ermənidən çox erməni olmağa çalışan keçmiş diplomat Tvitterdə yalan məlumat paylaşaraq iddia edib ki, guya Türkiyə Yaxın Şərqdəki terrorçuları Azərbaycanın İranla sərhəd ərazilərinə yerləşdirir. Bu cür dezinformasiya ilə münasibətlərin normallaşadırılması istiqamətində olduqca əhəmiyyətli addımlar atan rəsmi Ankara və Bakının cəhdlərini korlamağı hədəfləyən diplomat, bununla da regionda uzunmüddətli sülhə mane olmaq üçün əlindən gələni əsirgəməməsi ilə diqqət çəkir. 

Amma rəsmi İrəvan yaxşı anlayır ki, regionda bundan sonrakı mövcudluğu indi Tehrandan daha çox məhz Ankara və Bakıdan asılıdır. Belə olan halda isə Ermənistanın kənar müdaxilələrlə sülhdən, bəyanatlarla üzərinə götürdüyü öhdəliklərdən yayınma cəhdinin nə ilə nəticələnəcəyini Azərbaycan Ordusu son Buzdux yüksəkliklərində nəzarəti ələ keçirməklə göstərdi. Bundan sonra hadisələrin necə cərəyan edəcəyi isə yenə də Ermənistan tərəfinin at(may)acağı addıma bağlıdır. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics