Siyasət

Kəlbəcərdə əsgərimizin ayaq səsi İrəvanı silkələdi - Paşinyan tələsik efirə çıxdı

28 İyun 2022 14:00
Baxış: 15 317

Prezident İlham Əliyev Kəlbəcərdə yeni komando hərbi hissəsinin açılışında iştirak etdi, məhz həmin çıxışı zamanı eyni addımın Laçında atılacağı mesajını da verdi. Dövlət başçımız Kəlbəcərdən revanşistlərə Azərbaycanın ərazi bütövlüyünə təhdid olacaq istənilən addımına qarşı sərt reaksiya veriləcəyi xəbərdarlığını etməyi də unutmadı.

Ali Baş Komandanın çox aydın, ünvanı açıq bəlli olan mesajları anında hədəfə çatdı. İlham Əliyevin hərbi hissədəki çıxışından dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyanın onlayn formatda keçirdiyi mətbuat konfransı deyilənlərin əyani təsdiqidir. Qaldı ki, Paşinyanın səsləndirdiyi bəyanatlara... Bu bəyanatlara diqqət yerirəndə açıq görmək mümkündür ki, baş nazir çox cəhd göstərib ki, regionda Azərbaycan Prezidentinin geosiyasi reallığı əks etdirən açıqlamalarını xalqına təhrif edərək, daha yumşaq şəkildə izah etməyə çalışsın. 

Azərbaycan Prezidentinin mesajlarını, görünür Paşinyan özünə, hakimiyyətinə növbəti ciddi təhdid kimi qəbul etdiyi üçün daxili auditoriyanı Köçəryan-Sarksiyan cütlüyündən fərqli olaraq "dovşan" olmadığına inandırmaq məqsədilə kamera önündə cəsarətli olduğu təəssüratı yaratmaq istəyib.

Ermənistan baş naziri bu açıqlama ilə eyni zamanda öz destruktiv hərəkətlərini də pərdələməyə çalışır. N.Paşinyan növbəti dəfə Azərbaycana qarşı yaxın gələcəkdə silahlı insidentlər, təxribatlar törədəcəkləri ehtimalını gizlədə bilmir. Belə ki, o, növbəti təxribatlara zəmin hazırlamaq niyyətlərini bəlli edir.

Xüsusilə aydın görünür ki, Paşinyan İlham Əliyevin "Yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın" ifadələrindən əməlli-başlı qorxuya düşüb. Onun nə qədər həyəcanlı olduğu efir zamanı bədən dilindən, simasından açıq sezilirdi. Bu azmış kimi fikirlərini ifadə edərkən Paşinyanın masanın üzərindəki qələmə əli ilə toxunaraq yerə düşdüyü də diqqətdən yayınmır. 

Kəlbəcərdə Komando hərbi hissəsinin açılışı və Prezident İlham Əliyevin sözügedən bəyanatlarına cavab olaraq, o, açıqlamasında bildirib ki, "Azərbaycan yeni müharibəyə hazırlaşır, bu, qaçılmaz görünür. Azərbaycan tərəfi vəziyyəti legitimləşdirməyə çalışır".

Paşinyanın bu açıqlamasının iki səbəbi var:

◼️ Nikol Paşinyan bu bəyanatla qabaqdangəlmişlik edərək beynəlxalq ictimaiyyətə mesaj ötürərək özlərini sığortalamaq məqsədi daşıyır. Bununla da törədəcəkləri təhdid qarşılığında Azərbaycan ordusunun istənilən adekvat cavabını dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara hay çəkərək "Gördünüz, sizə demişdim axı Azərbaycan müharibəyə, bizə təcavüz etməyə hazırlaşır" deyə sırısın. Beləcə, Azərbaycanı böyük dövlətlər, beynəlxalq təşkilat və təhsisatlar, beyin mərkəzləri ilə üz-üzə qoysun və bir az da burada vaxt udsun.

◼️ Ermənistan baş nazirinin belə bir fikir səsləndirməsinə vadar edən digər məsələ isə İlham Əliyevin Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə növbəti dəfə manipulyasiya cəhdləri edəcəyi təqdirdə, növbəti insidentlərə səbəb olacaq hərbi və siyasi qərarlar qəbul edəcəkləri təqdirdə Azərbaycanın verəcəyi sərt reaksiyası ilə bağlı xəbərdarığına görədir. Çünki bu xəbərdarlıq Ermənistanın danışıqlar prosesini pozmaq üçün manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırmış olur. 

Qaldı ki, Paşinyanın Lavrovun Bakıda səsləndirdiyi (Lavrov Bakıya son səfərində (23-24 iyunda) "ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı iştirakçıların təşəbbüsü ilə fəaliyyətini dayandırdığını" açıq şəkildə elan etmişdi - red.) fikrə "Rusiya XİN rəhbəri Sergey Lavrovun ATƏT-in Minsk Qrupu ilə bağlı Bakıda səsləndirdiyi bəyanat, yumşaq desəm, çox qəribədir" sözləri ilə narazılığını bildirməsi məsələsinə, əslində, mənə elə gəlir ki, bu məsələdə hər şey göründüyü kimi deyil. Yəni bunun Paşinyan tərəfindən Moskva ilə öncədən razılaşdırılmış bir ssenarinin davamı da olmaq ehtimalı yüksəkdir. Sırf daxili audiotoriyaya hesablanan Paşinyanın bu açıqlaması öz reytinqini artırmaq, divident qazanmaq üçündür. 

Səbəbi isə gün kimi aydındır: Rusiya Paşinyan əleyhdarlarının Ermənistandakı son etiraz aksiyaları qarşılığında Paşinyana belə bir meydan verərək, erməni baş naziri daxili audtoriyasına oynamaq üçün imkan yaratmaqla rəsmi İrəvanı Moskvanın tapşırıqlarından kənar regionla bağlı hər hansı bir addım atması məsələsini bloklamış olur. Nəticədə Paşinyan Moskvadan, Moskva da Paşinyandan istədiyini alacağını düşünür. 

Bu iki tərəfin birgə gizli iş biriyi isə heç şübhəsiz ki, tamamilə delimitasiya və uzunmüddətli sülh prosesinə zərbə ola bilər. Rəsmi Bakı bunun çox yaxşı fərqində olduğundan Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına ermənilərin burnunun ucundan bir daha xatırlatdı ki, "Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq".

Rəsmi Bakı işğal faktoru ilə barışmadığı kimi müharibə nəticəsində yaradılmış reallıqların hamı tərəfindən, xüsusilə də məğlub Ermənistan tərəfindən qəbul edilməməsi ilə barışa bilməz. Heç şübhəsiz ki, dövlət başçısının bu sözlərinin hədəfi təkcə Ermənistan deyil, eyni zamanda müharibə sonrası yaranan reallıqlarla barışmaq istəməyən regionda marağı olan qüvvələrə də aiddir.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.