Siyasət

Ermənistan "mif"i DAĞITMAQ İSTƏYİR - Növbəti saxtakarlıq üçün çirmələndi

26 May 2022 17:18
Baxış: 2 248

"Öz gözündə tiri görməyən başqasının gözündə tük axtarar" - Bu atalar sözünü boş yerə səsləndirmədim. Uzun illər boyu əsl tarixi həqiqətlərlə üzləşmək yerinə müxtəlif ölkələrin qərarverici mexanizmlərinə nüfuz etməyə çalışan diaspora təşkilatlarıyla birlikdə heç bir tarixi, hüququ təməli olmayan soyqırım yalanına sarılmaqdan yorulmayan Ermənistan dövlətinin nəhayət manipulyasiya və yalan siyasətinə son vermək üçün bütün arxiv sənədləri, rəsmi statistik rəqəmləri araşdırmaq, yenidən göz gəzdirməyə ehtiyac var.

Əsrlər boyu o torpaqlarda yaşayan, dövlət quran, maddi-mənəvi mədəniyyət abidələri inşa edən çoxluq həmin ərazilərdən buxarlandımı? Təbii ki, bu mümkünsüz idi. Onu həyata keçirməyin bir yolu var idi ki, bunu da ermənilər dünyada ən yaxşı bacaran tərəfdir. Tarixdə bənzərinə az rast gəlinən bir vəhşilik və qəddarlıqla qətliam və deportasiyaya məruz qalan azərbaycanlılar öz tarixi dədə-baba yurdlarından didərgin düşdülər. 

Nəticə etibarilə də bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Cənubi Qafqazdakı bu danılmaz tarixi həqiqət və demoqrafiq mənzərənin fonunda soyqırıma məruz qaldıqlarını iddia etdikləri  Anadolu torpaqlarında və İstanbulda yaşayan yüzminlərlə erməninin kilsələrində rahatca ibadət edib erməni məktəblərində təhsil almalarını, qəzet nəşr etmələrini, millət vəkili, bürokrat, iş adamı, jurnalist kimi fəaliyyətlərinə sərbəst şəkildə davam etmələrini də bir kəlmə ilə izah etmək olar - həyasızlıq! Bu gün eyni mənzərəni biz Azərbaycanda da müşahidə edirik. Təkcə Bakıda 30 mindən çox erməninin yaşaması, Azərbaycanın paytaxtının düz mərkəzində erməni kilsəsinin qorunub saxlanılması deyilənlərin əyani sübutudur.

44 günlük Vətən müharibəsi də bir daha dünyaya göstərdi ki, ermənilər hazırda da Azərbaycanda yaşayırlar. Hətta Ermənistan Gəncəni ballistik raketlərlə bombardman edəndə bombalardan biri erməni qadının evinə düşdü. Ermənistanın keçmiş müdafiə nazirinin doğma bacısı (Mikael Arutyunyanın Kürdəmirdə yaşayan bacısı Zoya Arutyunovan) hazırda Kürdəmirdə yaşayır. 

Lakin ermənilərin düşmənçiliyi Azərbaycan, Türkiyə ilə yekunlaşmır. Bu gün eyni zamanda monoetnik Ermənistanda hələ tarixi kökləri olan neonasist və antisemit meyilləri hökm sürür.

Ermənistanda ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görmək üçün orta məktəb dərsliklərinə nəzər salmaq kifayətdir. Ermənistan dünyada yeganə monoetnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi aparılıb. 

2014-cü ildə keçirilən ADL (The Anti-Defamation League; Antidiffamasiya Liqası) sorğusunun nəticələrinə görə, ermənilərin təxminən 58 %-i antisemitizm hisslərinə və qərəzlərə yol verir. Hesabata əsasən, Ermənistan Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü ən antisemit ölkədir. "Pew Research Center"in 2018-ci ildəki sorğusuna əsasən isə, ölkə əhalisinin 32 %-i yəhudiləri öz qonşuluğunda görmək istəmir.  İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin daha da pisləşməsi istisna edilmir. Nəzərə alsaq ki, İsrail-Azərbaycan tərəfdaşlığı Azərbaycanın hərbi potensialının İsraildən aldığı silahlarla gücləndirilməsi fonunda çox aydın şəkildə görünür, o zaman 44 günlük savaşda Ordumuzun istifadə etdiyi silahların məhz əksəriyyəti bu ölkənin hərbi sənayesinin məhsulu idi, demək ki, hazırda bu ölkədə antisemitizm meyilləri daha da güclənib.

Unutmaq olmaz ki, Vətən müharibəsi zamanı Ermənistan İsrailin Azərbaycana silah satdığını səbəb gətirərək bu ölkədəki səfirini geri çağırmışdı və bildirmişdi ki, İsrailin Azərbaycana ultra-modern silah tədarük etməsi Ermənistan üçün qəbuledilməzdir. İsrail beynəlxalq hüququ əsas götürərək Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona dəstək verir. İllər uzunu beynəlxalq təşkilatların, böyük dövlətlərin ədalətsiz mövqeyindən cəzasızlıq sindromu yaşayan Ermənistanın eyni addımı İsraildən də gözləməsi gülünc gözləntidən başqa bir şey deyildi. 

Bu müddətdən sonra Ermənistanda antisemitizm meyillərinin daha da gücləndiyini təsdiq edən məlumatı İsrailin Diaspor Nazirliyinin 2020-ci il üzrə dərc olunmuş illik hesabatı ilə tanış olarkən də aydın şəkildə görmək mümkündür. Məlumatda qeyd olunur ki, II Qarabağ müharibəsindən sonra Ermənistanda antisemitizm təhlükəli dərəcədə artıb. Antisemitizm əhval-ruhiyyəsinin ən bariz nümunəsi kimi Holokost memorialının ermənilər tərəfindən vandalizmə, təhqirə məruz qalması, yandırmağa cəhd və memorialın üzərində "əlləriniz qan içində" sözləri yazılmasıdır.   

Ermənistanda azlıq təşkil edən yəhudilər və yəhudi irsi son illər kəskin şəkildə azalıb. Bu gün bu fakt ABŞ Dövlət Departamenti tərəfindən də təsdiq olunur. Belə ki, ABŞ Dövlət Departamenti 2020-ci ildə Ermənistanda insan hüquqları barədə ölkələr üzrə hesabat yayıb və burada qeyd olunur ki, Ermənistanda yəhudi əhalinin sayı 500-1000 nəfər arasındadır, sosial şəbəkələrdə bəzi antisemit xarakterli paylaşımlar, fikirlər yer alsa da, həmçinin, ictimai nəqliyyatda yəhudi icmasının üzvlərinə qarşı antisemit ifadələr səsləndirilsə də Ermənistan hökumətinin bu cür fikirləri və əməlləri pisləməməsi, bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu bir daha sübuta yetirir.

Əslində nəzərə alsaq ki, antisemitizmin və neonasizmin populyarlaşdırılması Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsini təşkil edir, o zaman bu cür əməlləri də təəccübləndirməməlidir. Çünki hələ XIX əsrin sonundan başlanan erməni antisemitizmi ötən əsrin 30-40-cı illərinə keçərək, hazırda da XXI-ci əsrdə, artıq müstəqil Ermənistanda özünü yeni güclə göstərir. Faşist ideologiyası "njdeizm" adı altında Ermənistanın təhsil müəssisələrinin proqramına da daxil edilməsi növbəti faktdır.

Digər fakt isə Ermənistanın ikinci ən böyük şəhəri Gümrü başda olmaqla, Qafan və digər 17 ərazi vahidində antisemitizm ideyalarını tərənnüm edən şəxslərin adına küçə və abidələrin olduğu ilə bağlıdir. Araşdırma nəticəsində Cənubi Qafqaz regionunda antisemit və neonasistlərin adını daşıyan məkanların yalnız Ermənistanda olduğu isə heç də təsadüfü deyil.

Erməni xalqının başına gətirilən bütün bəlaların günahkarının yəhudilərin olduğunu deyən ermənilər (Romen Episkopyanın "Milli sistem" adlı kitabında - red.) vəziyyətə görə manevr etmək məqsədlərini də gizlədə bilmirlər. "Milli sistem" kitabında türkləri "sui-qəsdçilər xalqı", yəhudiləri isə "dağıdıcı millət" adlandıran müəllif "XX əsrin ən böyük saxtakarlığı" adlı fəsildə Holokostun bir mif olduğunu qeyd edir. Bu saxta məlumatlarla yəhüdilərə qarşı tarixi düşmənçiliyini gələcək nəsillərə ötürmək istəyən erməni "tarixçilər" unudurlar ki, nə qədər gizlənsələr də quyruqları qənşərdə qalır.

Belə ki, bu cür uydurmalar, yüzlərlə antisemitizm "nümunələrinə" rəğmən bu gün Ermənistan İsraildən "erməni soyqırımı"nın tanınmasını istəyir. Belə olacağı halda isə monoetnik ölkə olan Ermənistan neonasizm və antisemitizmə qarşı mübarizə aparmaqlarının şərt olduğunu da yaxşı anlayırlar. Amma onlar üçün absurd olan bu cür qəfil dəyişiklik mümkünsüz məsələdir. Təbii ki, Ermənistanın məqsədi 44 günlük müharibədən sonra Türkiyə ilə İsrail arasında müşahidə edilən yaxınlaşmaya xələl gətirmək, iki ölkənin diplomatik əlaqələrini pozmaqdır. Belə olacağı təqdirdə Ermənistan düşmənini zəiflətməyi və havadarlarının da tapşırığını icra etməyi düşünür. 

Bütün bu neqativ meyillər fonunda İsrail-Azərbaycan, İsrail-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu iki ölkə arasında qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsi İsrail-Azərbaycan münasibətlərindən narahat olan qüvvələri, dövlətləri hər zaman qıcıqlandıracaq. Lakin siyasi rəhbərliyi unutmamalıdır ki, faşizmi və şovinizmi dövlət siyasəti həddinə çatdıran Ermənistan heç vaxt İsrailin ertibarlı tərəfdaşı ola bilməz.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.