"Prezident Bayden xarici hökumətlər tərəfindən dözümsüzlük və ayrı-seçkiliklə mübarizə aparmaq üçün alətlərə malikdir. O, Amerikanın Azərbaycana hərbi yardımını məhdudlaşdıran ABŞ Azadlığa Dəstək Aktının 907 -ci maddəsini tətbiq etməklə Azərbaycanda LGBTQ hüquqlarını qorumağa başlaya bilər".
Bu ifadələr xəstə təxəyyüllü birisinin və ya psixiatrik klinikanın pasiyentlərindən olan şəxsin sosial şəbəkələrdə paylaşdığı "manifest"i deyil.
İfadələr ABŞ-ın Los-Anceles şəhərində yaşayan, ABŞ-dakı Demokrat Partiyasının Kaliforniya ştatındakı ən böyük qruplarından olan "East Area Progressive Democrats"ın rəhbəri, "tanınmış" homoseksual Hans Consonun "LGBTQ Nation" resursunda dərc olunmuş "Baydenin LGBT hüquqları ilə bağlı cəsarətli bəyanatı Azərbaycanda sınaqdan keçir. O, nə edəcək?" (Biden's bold pledge on LGBTQ rights is being tested by Azerbaijan. What will he do?) məqaləsində yer alıb.
Müəllif Azərbaycanda cinsi azlıqların "hüquqlarının vəhşicəsinə pozulduğu və onların təqib olunduğu" üçün ABŞ rəhbərliyindən Azərbaycana qarşı "ən sərt sanksiyaların tətbiqi"ni tələb edir.
Absurd? Mənəviyyatsızlığın siyasətə inikas olunmuş paradoksu? Yoxsa incə hesablanmış ssenari çərçivəsində növbəti gediş?
Cavab sadədir: hər üçü.
Azərbaycanda "LGBT hüquqları" şüarı ilə ölkəmizə təzyiq göstərmək cəhdi məsələnin görünən tərəfidir.
Problemin batinində isə Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını darmadağın etmək, həmcinslərin nikahlarından tutmuş, Şərq insanı və müsəlman üçün yolverilməz sayılan yaşamla davranış modelini adiləşdirmək istəyi durur.
Homoseksualizmlə lesbiyanlıq fərdin azad seçimi deyil - bu, yaşam tərzi, düşüncə modeli, dünyagörüş müstəvisidir.
Sosial şəbəkələrdə hazırda Azərbaycana qarşı aparılan isterik kampaniya, bəlli beynəlxalq təşkilatların bəyanatları və s.-ni bəlkə də "insan hüquqları uğrunda mübarizə" pərdəsi ilə həmişəki təki, irəli atılan marionetlərin növbəti fəallaşması hesab etmək olardı.
Prosesdə ermənilər ən fəal şəkildə iştirak etməsəydilər.
Və həmişə olduğu kimi, ölkədəki LGBT fəallar, onları dəstəkləyən "demokrat ruhlu"lar və aksiyalara qatılaraq idiotik məzmunlu plakatları başlarının üzərinə qaldıranlarla həmin ermənilərin tələbləri az qala tam üst-üstə düşür.
Bakının mərkəzində, Fəvvarələr meydanında aksiya keçirməyə cəhd göstərənlərlə sosial şəbəkələrdə Azərbaycandakı cinsi azlıqların müdafiəsinə qalxan ermənilər faktiki olaraq eyni məzmunlu, kəlməli və ibarəli açıqlamalar verirlər.
Təsadüfdürmü? Düşünmürəm.
Tam əksinə, oxşarlığın ifrata çatmasını nəzərə alsaq bəyanatların eyni mənbələrdən paylaşıldığı və "tezis"lər formasında "ekspert"lərlə "fəallar"ın idarə olunduğu strukturlara paylandığı görüntüsü yaranıb.
Nədir LGBT?
1990-cı illərdə gündəmə gətirilmiş LGBT abbreviaturasından bütün cinsi azlıqları səciyyələndirmək üçün istifadə olunur: lesbiyanlar (Lesbian), geylər (Gay), biseksuallar (Bisexual) və transgenderlər (Transgender).
Kollektiv Qərbin Azərbaycanda homoseksuallığı normallışdarmaq niyyəti əslində insan haqları ideyasının məntiqi absurd həddinə çatdırılmasıdır.
Absurda çatdırılma texnologiyası çoxdan məlumdur - "Overton pəncərəsi" adı altında. Bu texnologiya "mümkün deyil - radikal-qəbul edilən - məntiqi - populyar-norma" sistem ilə ictimai şüurla effektiv manipulyasiya etməyin mərhələlərini araşdırmış amerikalı sosioloq Cozef Overtonun adını daşıyır.
Sistemin məqsədi istənilən məsələ ilə bağlı insanların mövqelərini köklü şəkildə dəyişmək imkanıdır.
Daha sadə yazsaq, insanların mövqeyinə çox ciddi sosial təzyiq göstərirlər.
Mavi-çəhrayı demokratiya
Dünyadakı LGBT təşkilatlarının siyasi dayağı ABŞ-dakı Demokrat Partiyasıdır.
Birləşmiş Ştatlarda cinsi azlıqlar ənənəvi olaraq demokratları dəstəkləyirlər.
Son statistik məlumatlara görə, ABŞ-da lesbiyanların 66,7 faizi və geylərin 62 faizi Demokrat Partiyanın üzvləridir.
ABŞ-dakı son prezident seçkilərində isə Cozef Baydenə 14,2 milyon gey və lesbiyan səs vermişdi.
Məhz demokratların sayəsində dövlət qurumlarından tutmuş, polisə və orduya qədər bütün qurumlarda cinsi azlıqların hüquqları "Soruşma, danışma" (Don't ask, don't tell) prinsipi ilə qorunur: yəni cinsi azlıq mənsubuna kimsə onun orientasiyası barədə sual vermək ixtiyarında deyil.
"Azad nikah" yalanı
Bütün dünyadakı cinsi azlıq mənsublarının, o cümlədən Azərbaycandakı "mavi"lər və "çəhrayı"ların fasiləsiz təkraladıqları, mantra kimi cəmiyyətə sırımağa çalışdıqları bir şüar var: "Azad və demokratik ölkədə həmcins insanların nikahları yasaq olmamalıdır!"
Onlar bu şüarı səsləndirəndə presedent qismində "ilk azad nikah məkanı" olmuş ABŞ-ı nəzərdə tuturlar. Sən demə, kişinin kişi, qadının da qadınla ailə qurmasına qanuni icazə verilmiş ilk ölkə ABŞ olub.
Bu, çox bəsit və abdal manipulyasiya cəhdidir.
Belə ki, 1787-ci ildə, Birləşmiş Ştatların Konstituasiyası qəbul ediləndə orada xüsusi olaraq "nikah yalnız əks cins mənsubları arasında bağlana bilər" yazılmamışdı. Çünki o vaxt kimsə ağlına belə, gətirə bilməzdi ki, vaxt olacaq, kişi kişi ilə, qadın da qadınla evlənəcək.
Zaman keçdi, ABŞ-da həmcinslər arasında ilk nikahlardan sonra bir çox ştatlar, o cümlədən Kolorado, Arizona və Kaliforniya təcili olaraq nikah məcəllələrinə dəyişikliklər etdilər, yazdılar ki, nikah yalnız heteroseksual cütlüklər, yəni kişi və qadın arasında ola bilər.
Lakin 2003-cü ildə Massaçusetsin Ali Məhkəməsi qərar verdi ki, homoseksual cütlüklərə ailə statusu (marriage status) almağa mane olan qanunlar vətəndaşların konstitusion hüquqlarını pozur.
İndi ABŞ-da həmcinslər arasında nikahlar leqallaşdırılıb.
LGBT təhlükəlidirmi?
Homofobiya, yəni cinsi azlıqlara nifrət pisdir, razıyam. Amma cinsi azlıqların təriflənməsi, bunun az qala yaşam tərzi təqdim edilməsi də iyrəncdir.
Çünki indi homoseksualizmə "normal baxış"ı tələb edən liberastların qarşısı alınmasa, bir müddət sonra onlar uşaqbazlığa (pedofiliya), zinaya (insest) və digər parafiliyalara "dözümlü, tolerant yanaşma" istəyəcəklər.
Proses dayandırılmazsa, nekrofilərlə nekrofaqlar da "huquqlarını" tələb edəcəklər.
Bundan başqa, "haqlarının tanınması"nı, "hüquqlarının qorunması"nı və "anlayışla qarşılanmaları"nı istəyən LGBT mənsubları demokratiyadan, insan haqlarından və azad cəmiyyətdən bol danışmağı sevirlər. Lakin onların özləri opponentlərinə qarşı dözülməz, isterik və aqressiv davranış nümayiş etdirirlər.
Absurd o həddə çatıb ki, ABŞ-da və ya Avropa İttifaqı ölkələrinin birində hansısa alim, yaxud tədqiqatçı LGBT-yə rəğbətlə yanaşmırsa, onun elmi araşdırması ciddi nəşrlərdə dərc olunmur, "homofob" adlandırılır və lənətlənir.
Qərbdə vəziyyət gerçəkdən də, acınacaqlıdır. Ənənəvi ailə dəyərləri, mühafizəkar mənəvi orientirləri müdafiə edən siyasətçi və ya ictimai xadim karyerası ilə vidalaşa bilər.
Mediada da LGBT tənqidi minimal həddə enib. Bu baxımdan LGBT hərəkatı faşizm və ya kommunizmi xatırladır: "bizdən olmayan bizə qarşıdır" kimi yaramaz fəlsəfə cinsi azlıqların hüquqlarından danışanların az qala düşüncə tərzini təşkil edir.
LGBT cəmiyyətin qatili kimi
Qərb ölkələrində demoqrafik vəziyyətin acınacaqlı olması, ölənlərin sayının doğulanların sayından artıqlığı əhalinin tədricən, amma davamlı şəkildə azalmasına səbəb olub.
Vəziyyəti əhəmiyyətli dərəcədə ağırlaşdıran amillərdən biri də LGBT mənsublarıdır. Onlar adi, orta statistik vətəndaşlarla müqayisədə həkimlərə daha çox müraciət edirlər: LCBT mənsubları arasında depressiya, intihara meyl və narkotik maddələrdən asılılıq halları normadan dəfələrlə çoxdur.
Qərb ölkələrindəki ekspertlər və analitiklər artıq təlaşa düşüblər. Onların dediklərinə görə, cəmiyyətdə LGBT təsiri artdıqca, dünyaya uşaq gətirmək istəyənlərin sayı daha sürətlə azalacaq.
Səbəb bəsitdir: Azərbaycandakı LGBT fəallarının fasiləsiz təkrarladıqları, Qərbdə isə artıq meynstrimə çevrilmiş "cinsi orientasiya sadəcə, fərdi seçimdir" fikri uşaqlara məktəblərdə aşılandığı üçün Qərb ölkələrində homoseksual hərəkat genişlənir.
"Üçüncü dünya ölkələri" sayılan dövlətlərə LGBT hücumu bütün sahələrdə, xüsusilə də şou-biznes, TV və mediada daha fəaldır.
Məsələn, Hollivud prodüserləri bəyan ediblər ki, yaxınlarda istisnasız olaraq bütün kino və animasiya personajlarının ən azı 10 faizi LGBT mənsubları olacaqlar.
Məhz bu səbəbdən son illərdə Hollivudda çəkilmiş filmlərdə cinsi azlıq fərdi olan personajların, "baş qəhrəman"ların sayı artır.
Nəticə göz qabağındadır.
ABŞ-da keçirilmiş sorğuların sonuclarına görə, məktəblərin ilk siniflərində təhsil alan uşaqların artıq 11 faizi özlərini LGBT mənsubu hesab edirlər.
Nə etməli?
Ritorik sualdır və cavabı sadə deyil. Təbii ki, Azərbaycanda da cinsi azlıq mənsubları var və onlara qarşı total təqiblər, qısnamalar yolverilməzdir. Onlar ölkə vətəndaşlarıdır və bütün hüquqları qanunlar tərəfindən qorunur.
Cəmiyyət bu insanların mövcudluğu ilə barışmalıdır.
Fəqət, sadəcə, barışmaq, onlara toxunmamaq, hüquqlarını pozmamaq, təqib etməmək.
Bütün bunlar heç bir halda LGBT "fəlsəfəsi"nin və cinsi azlıqların şüarlarının təbliği, homoseksualizmin "adi yaşam" sayılması, ən nəhayət həmcinslər arasında nikahların leqallaşdırılması deyil.
Homofobiya pisdir, amma cinsi azlıq mənsublarını Qərbdəki bəlli strukturların Azərbaycanda gerçəkləşdirməyə çalışdıqları ssenarilərin alətinə çevrilməsinə, hətta ölkədəki radikal müxalifət liderlərinin belə, Bakının mərkəzində özlərini şəstlə "petux" adlandıranların "yürüş" cəhdini məmnunluqla izləyərək təqdir etmələrinə, biologiyanın qanunlarına zidd olan irreal istəkləri "rutinlik" hesab olunmasına göz yuma bilmərik.
Cəmiyyətin mənəvi dayaqlarını sarsıtmağa, xalqın adət və ənənələrini unutdurmağa yönəlmiş belə cəhdləri nihilizmin, yaxud kosmopolitizmin təbliği sayaraq sadəlövh olmamalıyıq.
LGBT propaqandasının məqsədi, Bakıda "yürüş" keçirmək cəhdlərinin mahiyyəti başqadır: hədəf Azərbaycanı içdən dağıtmaqdır.
Pafos deyil, gerçəkdir: cinsi azlıqlara verilən dəstək əslində onları sonradan cinsi çoxluğa çevirmək və beləcə, ölkəni bütün ideoloji, mənəvi, sosial yönlərdən məhrum edərək asan idarə edilən kütləyə döndərməkdir.
"LGBT sərhəd tanımır!" şüarı məhz bu idefiksin bəyanıdır.
Onlar sərhəd yox, dövlət, adət, ənənə tanımırlar və cəmiyyəti də özünü tanımaqdan imtina edən toplum kimi görmək istəyirlər.
Elçin Alıoğlu
Milli.Az