Siyasət

Vətəndaşlara XƏBƏRDARLIQ: Ayıq-sayıq olun, əks halda ...

27 Yanvar 2022 12:44
Baxış: 6 610

"Bu gün ən aktual problemlərdən biri yeni ştamm olan Omikron ştammıdır. Biz mütəxəssisləri də, adi vətəndaşları da çox çaşbaş salıb".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.

Mütəxəssis bildirib ki, insanlar soyuqdəymə ilə Omikrona yoluxmanı səhv salır:

"İndi xəstələnən 10 nəfər test verirsə, onlardan ikisində pozitiv çıxır, qalanlarında neqativ çıxır. Niyə belə olur? Demək, öncəki ştammlarda temperaturla başlayırdı. bir gün də olsa belə yüksək hərarət olurdu, sonra düşürdü 37, 37.2-lərdə qalırdı. Ardınca kürək ağrısı, əzələ ağrısı, öskürək kimi əlamətlər baş verirdi. Temperatur olan kimi də həmən hamı təlaşlanırdı, yaxmaya müraciət olunurdu.

Bəs Omikron ştammında necədir?

Deməli, tibbdə hərkəsin orqanizmi müxtəlif olduğuna görə simptomlar da müxtəlif ola bilər. Özümün müşahidələrimə əsasən bildirmək istəyirəm ki, yeni Omikron ştammında ilk olaraq başağrıları, boğaz ağrıları, boğaz qıcıqlanmaları və qrip kimi asıqırıq, burundan su axma ola da bilər, olmaya da bilər. Vətəndaş bu simptomları özündə hiss edincə deyir ki, əşi, soyuğa vermişəm də, elə qripəm mən. Demək istəyirəm ki, hərarətin yüksəlməsi Omikronda həmən olmur, ona görə də təlaşlanmırlar. 3-5 gün keçir, 3-5 gündən sonra yenə baxırsan ki, öskürək başladı, halsızlıq, əzginlik, temperatur, hərarətin yüüksəlməsi olur və həkimə müraciət edir. Həkim də bildirir ki, yaxmanızı yoxlamaq lazımdır və beləcə biz burada vaxt itkisi müşahidə edirik. Yaxmanın verilməsində vaxt itkisi olduğu üçün test neqativ göstərir. 

Omikron ştammının əsas özəlliyi baş ağrısı, boğaz ağrısı, boğaz qıcıqlanması, - "boğazəmda tikan kimi nəsə var, elə bil ki, içəridən boğazımı qaşıyırlar", - xəstələrin şikayətləri belədir. Bu hal olan kimi tez yaxma vermək lazımdır. Yəni vətəndaşlarımız qrip kimi deyib keçirlər koldrex, qriphot, nemesil istifadə edirlər. Deyirlər "Bu dərmanları 2, 3, 5 gün içdim. Artıq bizə çatanda baxıram ki, pnevmaniya, ağciyər 30-40%, 50-60% zədələnib. Yəni mənim hər bir vətəndaşa bildirmək istədiyim budur ki, ayıq-sayıq olsunlar. Nəyə görə orqan zədələnməsi olsun? Yəni vaxtında düzgün diaqnoz qoyulub, düzgün virus müalicəsi aparılsa bu xəstələrdə ağırlaşma ilə qarşılaşmarıq. Və onu da deyim ki, boğazı ağrıyır, aptekə müraciət edir, aptekdə də xəstəyə həmən antibiotik məsləhət görürlər ki, hə, antibiotiki için, boğazınızın ağrısı keçəcək. Bu, yalnış fikridir!

Omikron ştammı COVİD virusu xəstəliyi olduğuna görə antibiotik burada heç bir rol oynamır, xəstəni ağırlaşdırır, nəyinki xəstəyə bir köməyi dəyir. Qətiyyən antibiotik olmaz. Boğaz, başağrınız varsa, mütləq yaxma verilsin. Mütləq ərazi üzrə polinklinikadakı sahə həkiminə müraciət olunsun, yaxud özəl tibb müəssisələrinə yaxınlaşıb yaxma verə bilərlər.

Bir nüansı da vurğulayım ki, insan var ki, xəstəliyi yüngül keçirir və sağalır. Heç bilinmir ki, o, COVİD tutdu ya tutmadı, belə də ola bilər. Amma xəstə var ki, boğazı ağrıyır, ağrıkəsici içir, özündən boğaz qarqaraları edir. İki-üç gün yaxşı olur, başlayır işinə-gücünə, artıq halsızlıq hiss etməyə başlayır. Beləcə iki gündə evdə vaxt itirir, türkəçarələr edir, yoluxmadan artıq 10 gün keçir. Artıq həkimin yanına gələndə baxırıq ki, ikitərəfli pnevmaniya, "buzlu şüşə" olub ciyərləri. Düzdür, əlimizdən gələni edirik, amma o qədər gecikmək olmaz, vaxtında müraciət etsinlər. Vaxtında yaxma götürülsün və düzgün diaqnoz qoyulsun ki, sonra gec olmasın və düzgün müalicə olunsun. 

Vətəndaşları özbaşına aptekə yaxınlaşıb, özbaşına dərman preparatları almaqdan çəkindirirəm. Sığorta sisteminə keçmişik, bütün ərazi üzrə polinklinikalar vətəndaşların xidmətindədir, müraciət edib bütün müayinələrdən keçsinlər. Şikayətləri nədirsə, vaxtında aşkar olunsun. Vaxtında düzgün diaqnoz qoyulduqda, düzgün müalicə aparıldıqda COVİD xəstəliyindən ölüm olmaz, can qurtarar. Mən bunu öz təcrübəmə istinad edərək bildirirəm".  

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics