Dünya

TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə baş tutacaq

14 Sentyabr 2026 10:00
Baxış: 184
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderlərinin növbəti, 8-ci görüşünün Türkiyədə keçirilməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən TDT Müsəlman dini liderlərinin 7-ci görüşündə açıqlama verib.

Şeyxülislam çıxışında bildirib ki, türk dövlətlərinin artan birliyi və əldə etdiyi nailiyyətlərdən narahat olan müəyyən qüvvələr mövcuddur.

Onun sözlərinə görə, belə bir şəraitdə dini liderlərin əsas vəzifələrindən biri dövlət rəhbərlərinin həyata keçirdiyi siyasətə mənəvi dəstək göstərmək, xalqlar arasında həmrəyliyi və qarşılıqlı hörməti gücləndirməkdir.

Qeyd edək ki, sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir. Görüşdə müsəlman dini qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, ailə institutunun qorunması və möhkəmləndirilməsi, elm və texnologiyaya İslamın yanaşması, eləcə də digər aktual məsələlər müzakirə olunacaq.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərləri Şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak edirlər.

Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.