Siyasət

Kamaləddin Qafarov: “Azərbaycanda yeni enerji növlərinin istehsalı üzrə ciddi işlər aparılır”

17 Yanvar 2022 12:35
Baxış: 1 093

"Ölkəmizin həyatında çox önəmli  hadisə baş verib.  Yanvarın 13-də Azərbaycanda xarici investorların maliyyə vəsaiti hesabına Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyulub. Prezident İlham Əliyev hələ yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsinin gedişində bu hadisənin anonsunu verərək qeyd etmişdi ki, bu möhtəşəm tikinti üçün tələb olunan vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər və  bu, əlbəttə ki, ölkəmizin inkişafına, gələcəyinə olan inamın təzahürüdür".

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkilinin fikrincə, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də bərpaolunan enerji növlərinin istehsalı kimi məsələlər dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdan da yeni inşa olunacaq Külək Elektrik Stansiyası (KES) həmin məsələlərin həllinə öz töhfəsini verəcəkdir.

"Yeni stansiyanın təməlqoyma mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Hazırda Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Bu isə o deməkdir ki, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib. Digər tərəfdən,  təbii qazın ildən-ilə artan ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Lakin ölkə əhalisinin artımı ilə, enerjiyə olan tələbat da artır. Buna görə də Azərbaycanda yeni enerji növlərinin istehsalı istiqamətində ciddi işlər aparılır. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində dövlətin gündəliyində duran əsas vəzifələrdən biridir. Təbii ki, bu gün bütün dünyada, o cümlədən Azərbaycana qonşu ölkələrdə və Avropa ölkələrində də enerjiyə olan tələbat durmadan artır. Buna əhalinin say artımı amili ilə yanaşı, həm də bəzi ölkələrdə atom elektrik stansiyalarının və kömürlə işləyən elektrik stansiyalarının bağlanması ilə bağlı qəbul edilən qərarlar da təsir edir. Buna görə də qonşu ölkələrə elektrik enerjisi ixrac edən Azərbaycan bu ölkələrin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır.

Bu gün bütün dünyada ətraf mühitin qorunması məsələsi ən vacib və əhəmiyyətli məsələlərdəndir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin - 10 min kvadratkilometr ərazinin "yaşıl enerji" zonası elan edilməsi son dərəcə təqdirəlayiq və önəmli bir haldır. Hazırda Cəbrayıl rayonunda böyük Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Dövlətimizin başçısı öz çıxışında bildirdi ki, aparılmış dəqiq təhlil nəticəsində işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalının mümkün olduğu müəyyən edilib və bu da əlbəttə ki, çox böyük potensialdan xəbər verir", - deyə K.Qafarov bildirib.

Millət vəkili bu məqamı da vurğulayıb ki, bu gün Azərbaycanda formalaşmış gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq və təhlükəsizlik xarici investorlar üçün Azərbaycanı cəlbedici edir. Həmçinin Azərbaycanda xarici investisiyaların qorunmasının ən yüksək səviyyədə olduğunu da bütün dünyada yaxşı bilirlər.

"Məlum olduğu kimi, bu böyük bərpaolunan enerji layihəsinin icraçısı və investoru Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətidir və bu müəssisə enerji sahəsində dünyanın ən böyük şirkətidir. Qeyd olunmalıdır ki, hazırda Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri, Səudiyyə Ərəbistanı Kralı və Vəliəhdi ilə keçirdiyi görüşlər də ölkələrimiz arasında olan dostluq və qardaşlığın təzahürüdür. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla, ümumiyyətlə, diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir, qardaşlığın əlamətidir. Əlbəttə ki, dünyanın ən böyük enerji şirkətinin Azərbaycana investisiya qoyuluşunda maraqlı olmasında Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli dövlətlərarası əlaqələrin rolu çox böyükdür. Lakin bununla yanaşı, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya  mühiti, ölkəmizin uğurlu inkişafı, ictimai-siyasi sabitlik, investisiyaların qorunması, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı - bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Buna görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub və bu gün hətta dünyada hökm sürən maliyyə böhranı, pandemiya ilə bağlı iqtisadi fəallığın azalması kimi mənfi amillərin fonunda belə, ölkəmizə sərmayə qoyuluşu davam edir", - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics