Siyasət

Rusiyanın SSRİ planı: sırada Özbəkistandır?

11 Yanvar 2022 11:28
2 Şərh     Baxış: 2 007

Qazaxıstanda yaşananların əsas səbəbi hansısa dövlətin birbaşa müdaxiləsi və ya iğtişaşlar ssenarisinin ölkə sərhədlərindən kənarda hazırlanması yox, yerli hakimiyyət və siyasət elitaları arasındakı mübarizə idi. Daha konkret olsaq, güc strukturlarının rəhbərləri dövlət başçısı Kasım-Jomart Tokayevə qarşı çıxmışdılar.

Tokayev hakimiyyətini tələsmədən möhkəmləndirməyə başlayaraq Təhlükəsizlik Şurasının artıq sabiq sədri, keçmiş prezident Nursultan Nazarbayevin kadrlarını ən önəmli postlardan kənarlaşdırır, onların yerinə öz adamlarını təyin edirdilər.

Nazarbayevin kadrları isə siyasi arxivə yollanmaq istəmədikləri üçün ölkədə "üsyan"a rəvac verdilər. Onlar güc strukturlarının və icra aparatının əhəmiyyəti qisminə rəhbərlik etməklə yanaşı, maye qazın bahalaşması səbəbindən Manqıstaudakı etirazlar təki "legitim" səbəbə malikdilər.

Vətəndaşların dinc etiraz aksiyaları qısa müddətdən sonra atışmalara və hücumlara çevrildi.

Ssenari müəllifləri Rusiyanın davranışını proqnozlaşdıra bilmədilər. KTMT qüvvələrinrin Qazaxıstana yeridilməsindən sonra Tokayevin devrilmə ehtimalı sıfıra endirildi. Tokayevə sadiq güc strukturları mənsubları isə Milli Təhlükəsizlik Komitəsinin sabiq rəhbəri Kərim Məsimovu həbs edərək onu dövlətə xəyanətdə suçladılar.

Hazırda Qazaxıstanın hakimiyyət elitaları arasında iqtidarın post-Nazarbayev modeli ilə bağlı alver gedir. Tokayev bu gün hökumətin yeni heyətint təqdim edib.

Növbəti addım isə parlament seçkiləri olacaq və bu, mütləqdir, çünki hazırda Qazaxıstan parlamentində "Nazarbayevin kadrı" kimi səciyyələndirilən deputatlar çoxdur.

Qazaxıstana yeridilmiş KTMT qüvvələrinin çıxarılacağı vaxtın bəlirlənməsi də önəmli məsələdir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlamentin iclasında bəyan edib ki, KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb. Onun sözlərinə görə, qoşunların mərhələli şəkildə çıxarılması bu il yanvarın 13-dən başlayacaq və təxminən 10 gün çəkəcək.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Prezident Kasım-Jomart Tokayev vəziyyətlə bağlı yanvarın 5-də KTMT-yə müraciət edib və KTMT-nin sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıblar.

KTMT qüvvələrinin çıxarılacığı müddətin açıqlanması spontan qərar deyil. Belarus, Tacikistan, Qırğızıstan və Ermənistan hərbçilərinin "müşayiət" funksiyasını yerinə yetirdiyi, əslində isə tam əksəriyyəti Rusiya desantçılarından ibarət olan KTMT qüvvələrinin yeridilməsi faktiki olaraq Qazaxıstanın suverenliyinə və müstəqilliyinə zərbədir.

Kasım-Jomart Tokayevin hakimiyyətini qorumaq üçün qəbul etdiyi bu qərarı qazaxlar ona bağışlamayacaqlar.

Bu, ehtimal sentensiyasıdır: reallıq isə odur ki, Qərbin, xüsusilə də Türkiyənin sərt bəyanatlarından sonra Tokayev rus hərbçilərinin ölkədən çıxarılmasına qərar verib.

Digər məqamsa MDB-nin Kollektiv Təhlükəsizlik Şurasının onlayn sammitində səslənən fikirlərdir. Daha dəqiq olsaq, KTMT-nin Orta Asiyada fəaliyyət müstəvisinin genişləndirilməsi, hadisələrə oparativ təsir və müdaxilə imkanlarının artırılması ilə bağlıdır.

Belarus, Tacikistan və Qırğızıstanın dövlət başçıları Aleksandr Lukaşenko, Emoməli Rəhmon və Sadır Japarov daxili siyasi arenada ciddi problemlərlə, sistemləşmiş müxalifətin sərt müqaviməti ilə üzləşiblər. Məhz sözügedən səbəbdən onların üçü də KTMT-yə üzv dövlətlərdəki kütləvi etiraz aksiyalarını yatırmağa səlahiyyət verən jandarm funksiyalarını verilməsini, habelə postsovet məkanında Çinə əlahiddə yer ayrılmasını istəyirlər.

Üstəlik, Rusiyanın təşəbbüsü və göstərişi ilə onların üçü də Özbəkistanın KTMT sıralarına qayıtmasını istədiklərinə çox açıq işarə vurublar.

Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üxrə komitəsinin sədri Leonid Kalaşnikovun Qazaxıstandakı proseslərlə bağlı açıqlaması da simvolik sayıla bilər.

"Qazaxıstandakı hadisələr fonunda Özbəkistan KTMT sıralarına qayıda bilər. Daşkənd artıq anlamalıdır ki, bundan sonra güvənəsi qüvvə qalmayıb. Özbəkistan bir zaman KTMT-ni tərk edib. Amma indi qayıda bilər. Bunu istisna etmirəm. Özbəkistanın hakimiyyət dairələri çox yəqin ki, dediklərimi anlayırlar".

KTMT-nin onlayn sammitində də Daşkəndə xəbərdarlıq refren kimi təkrarlanıb, "dövlət çevrilişinə cəhdlə bağlı problem sadəxə, Qazaxıstan üçün səciyyəvi deyil. Özbəkistan da baş verənlərdən nəticə çıxarmalıdır" deyilib.

Rusiya prezidenti Vladimir Putinin isə Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin "qətiyyətli və iradəli davrandığını" söyləməsi təsadüfi deyil. Putin əslində bütün dünyaya mesaj verdi ki, Kremldəki Sistem qərarını verib, Tokayevlə işləməyə hazırdır.

Amma Kreml tələsib, çünki bir sıra geosiyasi amillər və Qazaxıstanın daxilindəki situasiya Tokayevin yürüdəcəyi siyasətə ciddi əlavələlərlə düzəlişləri qaçılmaz edir.

KTMT sammitində Kasım-Jomart Tokayevin özünü narahat hiss etməsi, gərgin olması, ölkəsində elitalar arasında qarşıdurmanın yoxluğunu göstərmək üçün dəqiq və lakonik danışmağa çalışması da maraqlı idi. O, anlayır ki, KTMT sammiti əslində onu məhz bu təşkilatın və Kremldəki Sistemin hesabına legitimləşdirir.

Beləliklə, Rusiyanın postsovet məkanında, KTMT çərçivəsində "terrorizmlə mübarizənin vahid məkanı" yaratmaq cəhdi aydın sezilir. "Mübarizə" əslində siyasi fəallığın, ictimai narazılığın və hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarnını qarşısının sərt şəkildə alınmasını ehtiva edir.

İroniyaya bax ki, son aylara qədər Rusiya, Çin və Qərb arasında barraj vuran, Türk Dövlətləri Şurasına qatılan, "yeni Sinqapur"a dönmək niyyəti ilə bağlı mifi yayan Qazaxıstan rəhbərliyi indi KTMT-nin faktiki olaraq "Sovetlər Birliyinin miniatur variasiyası" strategiyasının təşəbbüskarını, Rusiyanı dəstəkləyir.

Paytaxt Nur-Sultandakı hakimiyyətin zəifliyi Qazaxıstanı Tacikistan və Qırğzıstandakı axsaq rejimlərlə daha sıx əməkdaşlığa, ələlxüsus da Rusiyadan geosiyasi asılılığa vadar edir.

Vladimir Putin son vaxtlara qədər Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİCS birliyinin kollektiv Qərbə meydan oxuyacağını, alternativ olacağını deyirdi. İndi bu bəyanatlar irreal təsir bağışlayır, çünki Çin heç bir halda geosiyasi planlarını Rusiya ilə uzlaşdıran deyil.

Postsovet məkanında mövqelərini gücləndirmək, xüsusilə də Özbəkistanı öz təsir orbitinə cəlb etmək üçün Rusiya indi Tacikistan, Qırğızıstan, Ermənistan kimi "geosiyasi nəhəng"lərin, əslində uğursuzların klubunda liderliklə kifayətlənmək məcburiyyətindədir.

Bir-birlərini kütləvi etiraz aksiyalarından və dövlət çevrilişi cəhdlərindən xilas etmək niyyətində olan üzvlərin yığışdığı həmin klub "terrorizmlə mübarizə" şüarı ilə fəaliyyət məkanını genişləndirmək niyyətindədir.

Sırada Özbəkistandır.

Rəsmi Daşkənd isə KTMT-yə qoşulmaq niyyətində deyil. Özbəkistan rəhbərliyi lokal təhlükələr yaranarsa KTMT-yə yox, birbaşa Rusiyaya müraciət edə biləcəyini vurğulayır.

Orxan Hun
Milli.Az

 

Şərh yaz:

2 Şərh:

  • Anonim
    asi · 11 Yanvar 12:3920

    Məqalədə kiçik bir səhv var, Qazağıstanda Özbəkistan yox, şərmənistan hərbiçiləri var..Ktmt-yə müraciətlə rusiyaya müraciət arasında fərq nədir ki??..Həqiqətən anlamadım fərqini..Ktmt da rusiya deməkdir, o biriləri oyuncaqlardı..Bir təşikalatın ki, hərbçi göndərəni ermənistan ola..Ola bilməz ki, lokal vəziyyət yaransa, Özbəlistan özü həll etsin və ya lokal vəziyyətin yaranmasını önləsin..??..Çürük hakimiyyətlər milyonlarla əhalidən ibarət bpyük ölkələri vassala çevirir,..

    Cavab yaz
  • Anonim
    Cavid · 11 Yanvar 17:0710

    Rusiya SSRİ-ni bərpa edə bilməyəcək. Çünki, əvvəlki gücü qalmayıb. Get-gedə tükənir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.