Siyasət

Qazaxıstanda etirazçılar terrorçular deyil - İnqilabın ƏSL SƏBƏBİ ...

11 Yanvar 2022 00:15
Baxış: 3 376

"KTMT-nin Türk Dövlətləri Təşkilatından (TDT) fərqli olaraq münaqişə və təcavüzlərə qarşı birgə mübarizə sahəsində böyük təcrübəsi var".

Bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, internet dövründə ziddiyyətli ideologiyaları olan dövlətləri zor yolu ilə vahid mərkəzə nəinki birləşdirmək, onu 5 il belə əldə saxlamaq mümkünsüzdür:

"Qazaxıstan və Rusiya hərbiçiləri plan üzrə ardıcıl hərbi təlimlər keçirirlər. Və nəhayət, TDT-yə müraciət bir presedent kimi Qazaxıstanın parçalanmasına da gətirib çıxarda bilərdi. Rusiyanı narazı salacaq hər bir addımın sonrası Qazaxıstanın şimalının ayrılmasını müşahidə edə bilərik. Unutmayaq ki, Qazaxıstan rusdilli əhalinin sayına görə postsovet məkanından ilk yerləri bölüşür. Orada elə şəhərlər var ki, əhalisinin böyük əksəriyyəti etnik ruslardır. 

Qazaxıstan inqilabının əsil səbəbləri avtoritar sistemin yaratdığı sosial - siyasi vəziyət olub ki, fürsətdən istifadə halları da istisna edilmir. Mən Tokayevin inqilabı terrorla əlaqələndirməyini müdafiə mexanizmi, siyasi qərarlarına haqq qazandırmaq cəhdi kimi dəyərləndirərdim. Mitinqlər birmənalı şəkildə personaya xidmət edən avtoriatar rejimə qarşı olub ki, o hadisələr zamanı nə dini, nə irqi şüarlar səsləndirilməyib. Bu gün xəsarət alan və saxlanılanların böyük əksəriyyəti yerli əhalidir. Rəsmi iddia edilən 20 min terrorçu məsələsi - manipulyasiyadır. 

Köhnə SSRİ-nin qurulması şansı sıfıra bərabərdir. İnternet dövründə ziddiyyətli ideologiyaları olan dövlətləri zor yolu ilə vahid mərkəzə nəinki birləşdirmək, onu 5 il belə əldə saxlamaq mümkünsüzdür. Baxın, Moskvanın bütün xalqlara təqdim edə biləcəyi vahid ideologiya yoxdur. Mən hazırki hadisələrlə 20-ci əsrin 20-ci illərində aparılan səthi tarixi paralelləri manipulyasiya hesab edirəm. 1920-ci ildə bir "İzvestiya" var idi, və bir "Pravda" və bir də "n" sayda savadsız kütlə istər mərkəzdə və istərsə də ucqarlarda. İnternet və qloballaşma dövründə 20-ci illərin siyasətini yeritmək mümkünsüzdür. 

Bir də ki, SSRİ-nin qurulması 1920-30 cu illərin narrativlərinin bərpası deməkdir. Bu isə Cavad xan, Məmməd Əmin Rəsulzadə, Ənvər Paşa haqda yenidən düşmən obrazı yaratmaq cəhdidir. Mən internet dövründə belə gedişatı təsəvvürümə gətirə bilmirəm. Rusiyadan edilən çıxışlara gəldikdə isə tövsiyə edirəm ki, Kremlin mövqeyindən savayı verilən bəyanatlara əhəmiyyət verməyək. 

Unutmayaq ki, Rusiya siyasətində istismar edilən ideologiyalardan biri də millətçi-slavyan kimliyidir. Ona postsovet milli kimliyi də demək olar. Millətçi, mağara vətənpərvərliyi səviyyəsində Jirinovski, Xamzaev kimi deputatların səsləndirdiyi  fikirlər sözügedən auditoriya üçün nəzərdə tutulub".

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.