Kulinariya

Günün təamı - ekzotik mürəbbələr - FOTO

6 İyun 2012 07:00
8 Şərh     Baxış: 24 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qarpız mürəbbəsi



Tərkibi:

1 kq qarpız qabığı
1,2 kq şəkər tozu
3 ç.q. soda
vanil
1 limon
3-3,5 st. su
hil (istəyə görə)

Qarpız qabığının yaşıl üst və qırmızı iç hissəsini soyun (içini qaşıqla da qaşıya bilərsiniz). Ağ mətini fiqurlu bıçaqla doğrayın, çəngəlləyin. 3 ç.q. sodanı 3 l soyuq suya qarışdırın. Qarpız qabıqlarını buraya tökün, ağzına qapaq qoyub 4-6 saat saxlayın. Sonra aşsüzənə yığıb yuyun. 30 dəqiqə soyuq suda saxlayıb, yenidən yuyun. Sonra bu proseduru bir dəfə də təkrar edin (yəni 30 dəqiqə suda saxlayıb çıxarın). Şəkər tozunun yarısı və sudan şərbət bişirin. Qarpız qabıqlarını əlavə edib bişirin, qaynara düşəndən sonra daha 20 dəqiqə bişirin. Ocağı söndürüb 8-12 saat saxlayın. Sonra yenə ocağın üstünə qoyun, qaynara düşəndə şəkər tozunun qalanını da əlavə edib 20-30 dəqiqə bişirin. 8 saat saxlayıb, üçüncü dəfə yarımşəffaf olanadək bişirin. Sona yaxın limon, yaxud portağal sedrası, bir, yaxud iki limonun şirəsini, vanil, hil əlavə edin. Tam soyudub bankalara yığın.




Şokoladlı albalı mürəbbəsi



Tərkibi:

5 kq çəyirdəksiz albalı
2 kq şəkər tozu
1 qutu kakao

Albalı ilə şəkər tozunu qarışdırın. Saxlayın. Suyu çıxandan sonra vam odda 30 dəqiqə bişirin. Sonra soyudun. Sonra daha iki dəfə tam soyutmaqla 30 dəqiqə bişirin. Lap sonunda kakao əlavə edib qarışdırın. İsti-isti bankalara doldurub ağzını bağlayın.

Xiyar mürəbbəsi



Tərkibi:

1 kq xiyar
0,5 kq şəkər tozu
1 portağal
1 limon
zəncəfil kökü

1 kq xiyarın qabığını soyun, xırda doğrayın, dənələrini çıxarıb atın. Xiyarı qazana doldurub üstünə 500 q şəkər tozu səpin. 1 stəkan sü töküb bişməyə qoyun.

20 dəqiqə qaynayandan sonra bir portağal və bir limonun şirəsi ilə birlikdə sedrasını da əlavə edin, orta itilikdə ocaqda daha 20 dəqiqə bişirin. Zəncəfil kökünü sürtgəcdən keçirib əlavə edin (bütöv bişirib sonra çıxarmaq da olar).

Göy pomidor mürəbbəsi



Tərkibi:

1,5 kq göy pomidor
0,5 vanil budağı
1 limonun sedrası
600 q şəkər tozu

Pomidorları yuyub doğrayın. Qazana yığıb üstünə şəkər tozu səpin. Ən azı 8 (daha yaxşısı 12) saat saxlayın. Sonra qazanı ocağın üstünə qoyun, limon sedrasını əlavə edib qaynadın. 10 dəqiqə qaynayandan sonra ocağı söndürün. 6 saat saxlayın. Sonra yenə ocağın üstə qoyun, vanil əlavə edin, qaynara düşəndən sonra 5-10 dəqiqə qaynadın. Vanili çıxarın. Mürəbbəni 12 saat saxlayın. Sonra yenidən ocağın üstünə qoyub limon şirəsi əlavə edin, 30-60 dəqiqə bişirin. Ya diri-diri, ya da blenderdən keçirib bankalara yığın.

Qırmızı pomidor mürəbbəsi




Tərkibi:

1 kq pomidor
1,2 kq şəkər tozu
0,2 l su
vanil

Su və şəkər tozundan şərbət bişirin. Xırda qırmızı pomidorları bu şərbətə salın (doğrayıb çəngəlləmək lazım deyil). Vam odda 30 dəqiqə qaynadın. Sonra 24 saat soyuq yerdə saxlayın. Sonra yenə qaynadın, kəfini yığın, vanil əlavə edib bir sutka saxlayın. Üçüncü gün astaca qarışdıraraq hazır olanadək bişirin.

Zəncəfilli qırmızı pomidor mürəbbəsi



Tərkibi:

1 kq qırmızı pomidor
3 st. şəkər tozu
1 portağal
yarım limon
yarım budaq vanil
zəncəfil kökü

Pomidorların üstünə qaynar su tökün, sonra isə soyuq suya salaraq qabığını soyun. Kubik doğrayın. Limonla portağalı yuyun, dənələrini çıxarın, qabığını soyun. Bunları da doğrayın.
Vanil və zəncəfili doğrayın. Hamısını qarışdırıb üstünə şəkər tozu səpin. 1 saat saxlayın. Sonra ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı azaldın, zəif odda 5 dəqiqə qaynadın.  
Mürəbbəni ocaqdan götürüb 1 saat saxlayın. Sonra yenə ocağın üstə qoyun, qaynara düşəndən sonra 35-45 dəqiqə bişirin.
İsti-isti bankalara yığıb ağzını bağlayın.

Badımcan mürəbbəsi (marmelad)



Tərkibi:

3 kq xırda badımcan
9 st. su
4,5 kq şəkər tozu
1 ç.q. limon turşusu
1 ç.q. soda
mixək, hil, darçın və s. xoşunuza gələn ədviyyat

Badımcanları yuyub qabığını soyun. Sonra dərhal sodalı suya qoyun. 4 saat saxlayıb yuyun, çəngəllə deşin.

Qazanda su qaynadın. Badımcanları qaynayan suya salıb təxminən 5 dəqiqə bişirin. Sonra aşsüzənə yığıb soyudun.

Su və şəkər tozundən şərbət bişirin. Badımcanları ləyənə yığıb üstünə şərbəti tökün. Yarım saat bişirin. Ədviyyatı bez torbaya doldurub mürəbbənin içinə salın. Mürəbbəni ocaqdan götürüb tam soyudun. Sonra limon turşusu əlavə edib yenə qaynadın. Bu qayda ilə badımcanları tam hazır olanadək bişirin: badımcanlar şəffaf, suyu isə qəhvəyi olmalıdır.

Ədviyyat dolu torbanı mürəbbənin içindən çıxarın. Badımcanları sterilizə edilmiş bankalara yığın, üstünə şərbət töküb ağzını bağlayın.


Badımcan mürəbbəsi



Tərkibi:

25 ədəd badımcan (maksimum 5-6 sm uzunluqda)
2 kq şəkər tozu
30 q söndürülmüş əhəng
0,5 x.q. zəy
vanil

Badımcanları yuyub qabıqlarını soyun, uzununa çərtin. Çərtdikcə soyuq su ilə dolu qazana qoyub ağzına qapaq qoyun. Hamısını çərtdikdən sonra sudan çıxarıb üstünə əhəng səpib su tökün. 1,5 saat saxlayın. Axar suyun altında bir neçə dəfə yuyun. Qaynayan suya salıb 3 dəqiqə sonra aşsüzənə yığın. Suyu qaynadın, zəy əlavə edin, badımcanları töküb üç dəqiqə bişirin, yenə aşsüzənə yığın. Sıxın ki, artıq suyu çıxsın.

Qazanda su qaynadın, 0,5 st. şəkər tozu əlavə edib qarışdırın. Şəkər tozu əriyəndə badımcanları əlavə edib 5 dəqiqə qaynadın. Aşsüzənə yığın. Ləyənə şəkər tozu və 1,5-2 st. su tökün.  Şəkər tozu əriyəndə badımcanları əlavə edib hazır olanadək bişirin. Hazır olana beş dəqiqə qalmış vanil əlavə edin.  


Yerkökü mürəbbəsi



Tərkibi:

800 q yerkökü
1 kq şəkər tozu
1 portağal
1 limon
0,5 l su

800 q təmizlənib, 1-1,5 sm qalınlıqda doğranmış yerkökünün üstünə qaynar su tökün, azca saxlayıb aşsüzənə yığın, tam soyudun. Şərbət hazırlayıb yerkökünü içinə tökün, qaynara düşəndə qabığı ilə birlikdə xırda doğranmış portağal və limonu əlavə edib, arada soyutmaqla iki dəfəyə bişirin.

Nuş olsun!

Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.