Kartoflu xvorost

Tərkibi:
6 kartof
3 x.q. un
2 yumurta
duz
fritür üçün bitki yağı
Kartofu təmizləyib suda bişirin, püre hazırlayın. Duz vurun. Yumurtanın ağı ilə sarısını ayırın. Ağını köpüklənənədək çalın. Pürenin içinə həm yumurta sarısını, həm də çalınmış ağını əlavə edin, tədricən un səpə-səpə xəmir yoğurun.
Üstünə un səpilmiş lövhənin üstündə xəmiri nazik yayın. Romb şəklində doğrayın, hər rombun ortasında bıçaqla uzununa yarıq qoyun.
Hər rombun bir tərəfini bu yarıqdan keçirib çevirin. Hər iki əlinizlə rombu iki tərəfdən tutaraq azca dartın. Qaynar yağda qızılı rəng alanadək qızardın. Üstünə duz və istiot səpin. Üyüdülmüş çili, qırmızı istiot, zirə qarışığını da səpə bilərsiniz.
Böyütmək üçün şəkillərə klikləyin.


Şirin xvorost

Tərkibi:
500 q un
3 iri yumurtanın sarısı
1 x.q. xama
1 x.q. şəkər tozu
0,5 st. süd
2 x.q. araq
1/4 ç.q. duz
1 st. bitki yağı
Un, yumurta sarısı, süd, araq, xama, duz və şəkərdən xəmir yoğurun. Nazik yayın, şəridlərə kəsin. Yağı tavada qızdırın, xəmir şəridlərini yağda qızardın, kəfkirlə çıxarıb salfetin üstünə düzün ki, yağı çəkilsin. Üstünə vanilli şəkər pudrası səpə bilərsiniz.
Sadə xvorost

Tərkibi:
100 q xama, yaxud mayonez
1 yumurta
duz
aldığı qədər un
bitki yağı
şəkər pudrası
Xama və yumurtanı qarışdırıb, un əlavə edin, xəmir yoğurun. Nazik yayıb kvadratlara bölün. Hər kvadratın içində yarıq açın, kvadratın bir ucunu bu yarığın içindən keçirib çevirin.
Dərin tavada qaynar yağda qızardın. Kəfkirlə çıxarıb kağız salfetin üstünə qoyun. Sonra boşqaba qoyub üstünə şəkər pudrası səpin.
Südlü xvorost

Tərkibi:
2 yumurta
100 q süd
2 x.q. xama
4 x.q. şəkər tozu
1 x.q. konyak
400 q un (artıq da ola bilər)
Göstərilən ərzaqlardan xəmir yoğurun. 3-3,5 mm qalınlıqda yayın, romblar kəsin. Hər rombun ortasında yarıq açın, şəkildə göstərildiyi kimi bir ucunu o birinin içindən keçirin.
Fritürdə hər iki tərəfini qıardın. Üstünə şəkər pudrası səpin.




Kəsmikli xvorost

Tərkibi:
250-300 q kəsmik
0,5 st. şəkər tozu
1 yumurta
təxminən 400 q un
1 ç.q. soda
bitki yağı
Şəkər tozunu kəsmiklə qarışdırın. Yumurta, sirkədə söndürülmüş soda əlavə edin, qarışdırın, yoğun oxlovla azca döyün, içində lopalar qalmasın. Eynicinsli kütlə alınanadək beləcə döyə-döyə qarışdırın. Unu tədricən əlavə edin. Lövhənin üstünə boşaldıb, əlinizlə yoğurun.
Kündələyib 3-4 mm qalınlıqda yayın. Sonra kətəkəsənlə romblara doğrayın. Hər birinin ortasında bıçaqla yarıq qoyun. Rombun bir tərəfini bu yarıqdan keçirib dartın. Xəmiri yaxşı yoğurmusunuzsa, parçalanmamalıdır.
Yağı qızdırın, xvorostları əvvəlcə vam odda qızardın. Çalışın, xəmir parçaları yağın içinə "batsın". Belədə, daha yaxşı bişir.
Ətli xvorost

Bu yemək xırt-xırt olduğu üçün yox (xvorost - rusca çır-çırpı deməkdir), xvorost peçenyesinin bükülmə qaydasında hazırlandığı üçün belə adlanır.
Tərkibi:
600 q toyuq filesi
160 q nazik doğranmış bekon (bunsuz da olar)
3 x.q. xama, yaxud qaymaq
50 q konyak və ya 1/3 st. şirin çaxır
duz
istiot
Toyuq ətini 15 sm uzunluqda nazik şəridlərə doğrayın. Duzlayıb-istiotlayın. Bir az döyə də bilərsiniz. Hər toyuq əti parçasının üstünə eyni boyda bekon dilimi qoyun. Hər iki ət parçasının ortasını uzununa 2-3 sm çərtin. Şəridin bir tərəfini (toyuq ətiylə bekonu birlikdə) bu yarıqdan keçirib çevirin.
Alınan xvorostu qaynar yağda o üz-bu üz qızardın. Şərab, yaxud konyak əlavə edin. 1-2 dəqiqə sonra isə qaymaq və ya xama əlavə edin. Ocağı azaldıb, tavanın qapağını qoyun, hazır olanadək və sousu qatılaşanadək bişirin.
Bunu istənilən qarnirlə süfrəyə verə bilərsiniz.








Nuş olsun!
Milli.Az