Ermənistan-Azərbaycan münaqişəsi

Laçının işğalından 18 il keçir

17 May 2010 16:50
Baxış: 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
On səkkiz ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Rayon icra hakimiyyətinin şöbə müdiri Məhəmməd Şahbazov bildirib ki, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər sağlamlığını itirib əlilə çevrilib.

Yetişməkdə olan nəslin doğma torpağı unutmaması üçün rayonun ümumtəhsil məktəblərində "Laçını necə təsəvvür edirəm", "Vətənə getməyim gəlir" mövzularında inşa yazı müsabiqələri, "Laçın rayonu haqqında bildiklərimiz" adlı disputlar keçirilir. Bundan əlavə, "Laçın şəhidləri and yerimizdir", "Laçınlı milli qəhrəmanlar" fotostendləri hazırlanır, Qarabağ müharibəsi iştirakçıları və rayon ziyalıları ilə müntəzəm görüşlər təşkil olunur. Taxtakörpü qəsəbəsində Qarabağ müharibəsində həlak olmuş laçınlıların xatirəsinə abidə kompleksi ucaldılıb.

On səkkiz illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.

/AzərTAc/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.