İran

İran səfiri Kəlbəcərdə nə axtarırdı?

4 Avqust 2021 10:56
1 Şərh     Baxış: 4 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan mətbuatı İranın Ermənistandakı səfirinin Ermənistan-Azərbaycan sərhədinə səfəri ilə bağlı xəbər yayıb. Xəbərdə qeyd olunur ki, "İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti ilə Geqarkunik bölgəsinə səfər edib. Hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Səfir və attaşe Verin Şorja kəndi yaxınlığındakı sərhədi də ziyarət ediblər. İki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə edən Zokuri hər iki tərəfin təmkinli olmasının və sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb". Hətta o da qeyd edilir ki, heyət son toqquşmalarda ölən hərbçilərin ailələrinə də başsağlığı verib.

Beləliklə, qonşu dövlətlə bağlı bu xəbər təəccüb doğurmaya bilməz. Və bu səfər haqlı olaraq Azərbaycan ictimaiyyətində yenə də əsaslı suallar doğurur. Çünki bundan əvvəl Ermənistan-Azərbaycan sərhəddini yalnız ABŞ və Fransanın Ermənistandakı səfirləri ziyarət edib. Onlar da "əzabkeş" qonşumuza rəğbətini gizlətmir, bölgədə monitorinq missiyalarını yerləşdirməyə çalışıblar. Lakin Azərbaycanı "qardaş" adlandıran cənub qonşumuz İranın rəsmi nümayəndəsinin ora gəlişi çoxlu suallar doğurur. Səfirin şəkilləri də adamda ikrah doğurur. Dürbünlə Azərbaycan mövqelərinə elə diqqətlə baxır ki, sanki, dost Azərbaycanın deyil, hansısa düşmən ölkənin ərazisinə, məsələn, 8 illik müharibə apardığı İraqa baxır.

Zoxuridən soruşmaq istərdik - cənab səfir, təsadüfən özünüzü fransız və ya amerikalı hiss etdinizmi? Əminik ki, Paris və Vaşinqton sizin davranışınızı, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə həddindən artıq marağınız xoş gələcək. Və bu arada, həddindən artıq təəssübkeşlik haqqında. Xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu açıq şəkildə bəyan etmişdi. İndi görürük ki, İran öz səfirini sərhədə necə göndərir. Göründüyü kimi, Tehranı öz problemlərindən daha çox Ermənistanın "ərazi bütövlüyü" narahat edir - ərəb qonşuları ilə çətin münasibətlər, cənub-şərqdəki narkotika, terror təhlükəsi, bölgələrin üzləşdiyi su təchizatı və s.

Xatırladaq ki, Ermənistan üçün bu qədər narahat olan İran, 30 illik Azərbaycan ərazilərini işğal etdiyi müddətdə müsəlman Azərbaycana bənzər qayğı göstərmədi. İran elitası Qarabağdakı müsəlman ziyarətgahlarının dağıdılması, azərbaycanlıların məzarlarının təhqir edilməsi və məscidlərin heyvanlar üçün tövləyə çevrilməsindən utanc hissi keçirmədi. Əlbətdəki, Tehran bundan xəbərsiz olmaya bilməzdi. Azərbaycan ərazilərinin işğalı illərində nə qırmızı, nə ağ, nə qara, nə də digər xətləri demədən susmağa üstünlük verdi.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.