İran

"Səsimizi almaq üçün namizədlərə Şəhriyarın şeirlərini oxudurlar"- İranlı soydaşlarımız kimi seçəcək?

17 İyun 2021 19:54
Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 18-də İran sayca 13-cü Prezidentini seçəcək. Seçkidə 6 siyasətçi iştirak edir, əslən azərbaycanlı, Marağadan olan Möhsün Mehrəlizadə öz namizədliyini geri çəkib. Ölkənin ən böyük etnik qrupu olan azərbaycanlılar/türklər seçkiyə qatılacaqlarmı və onların bu seçkidən gözləntiləri nədir?

BBC News Azərbaycanca bəzi İran azərbaycanlıları ilə danışıb. Müsahiblərin ad və soyadları onların xahişi ilə şərti ad və soyadlarla əvəzlənib. Müsahibə alınan zaman Möhsün Mehrəlizadə hələ namizədliyini geri götürməmişdi.

Azərbaycanlı namizədlər

Salmasdan olan tibb bacısı Aynaz Amiriyə görə, seçki "dövlət tərəfindən təşkil olunmuş bir şou"dur: "Namizədlərin ikisinin azərbaycanlı olması məni maraqlandırmır. Çünkü o namizədlər də rejimə bağlı olduqlarından Azərbaycanın mənafeyini düşünməyəcəklər". Aynaz Amiri səsverməyə getməyəcəyini deyir və bunu "ölkədə hər mənada ədalətsizlik" olması ilə əlaqələndirir: "Bir qadın və ana olaraq özüm və ailəm üçün umudsizəm. Əlimdə olsa, uşağım üçün başqa ölkəyə gedərəm".

Ərdəbil sakini, sənətkar Rahib Anvari Azərbaycan əsilli namizədlərin qeydə alınmasını sırf azərbaycanlıların səsverməyə qatılması üçün "düşünülmüş bir oyun" sayır: "Onlar, sadəcə, seçkidən-seçkiyə azərbaycanlıları xatırlayırlar. Bizim də səsimizi almaq üçün namizədlərə Şəhriyarın şeirlərini oxudurlar. Mən düşünürəm ki, bu seçkilər İran İslam Respublikası tarixində seçicilərin ən az iştirak etdiyi prezident seçkisi olacaq".

Zəncandan olan müəllim Aydın Mohammadinin qənaətinə görə, bu seçkilər hakimiyyət üçün "bir dönüş nöqtəsidir".

"Bütün siyasi qurumları nəzərə almadan bir seçki keçirirlər. Bu, o deməkdir ki, bunlar İranı Çin kimi idarə etməyə çalışırlar, amma buna nail ola bilməyəcəklər,"- o deyir.

"İran dünya müsəlmanlarının ümüdidir"

Mərənd sakini, vəkil Həmid Doroste seçkidə iştirak edəcəyini, bunu vətəndaşlıq və dini vəzifə saydığını söyləyir: "Namizədlərdən hansı dövlətə və xalqa faydalı olacaqsa, ona səs verəcəyəm. İran dünya müsəlmanlarının ümüdidir. Ölkəmizin düşmənı çoxdur. Ölkədə birlik olsa, bütün problemlərimiz həll olar. İşsizlik belə qalmaz".

Astara sakini, tələbə Pərvanə Şiri hesab edir ki, artıq seçkilərdə "xalq fikrinin əhəmiyyəti" yoxdur: "Onsuz da, Prezidenti dini lider seçib ve xalq boşuna seçkilərə gedir. Azərbaycanlı namizədlərin varlığı səs sayısının çox olması üçündür . Əvvəlki məclis seçkilərində Mehrəlizadənin millət vəkilliyinə namizədliyi təsdiq olunmamışdı. Necə oldu ki, indi prezidentliyə layiq görüldü?"

"Əlimiz xəmirli, qarnımız acdır"

Pərvanə Şiri indiyədək seçkilərdə aktiv olduğunu xatırladır, deyir ki, bu dəfə seçkiyə getməkdə tərəddüd edir: "Misal üçün, səs verdim, bir şey dəyişəcəkmi? Bir gənc olaraq gələcəyə umudum yoxdur. İranda olmayan bilməz nə çəkirik. Əlimiz xəmirli, qarnımız acdır. Universiteti boşuna oxuyuram, amma çarəm də yoxdur".

"Xırda işıqlara sarılmalıyıq"

Bu seçki Urmiyadan olan təqaüdçü Nemət Şahabə üçün "növbəti bir siyasi oyun"dur: "Seçkilərdə iştirak etməyəcəm. Bu rejimin ən başlıca dərdi öz siyasi ömrünü uzatmaqdır. İki namizədin türk olduğunu etiraf etməsi rejimin bizlərə-türklərə möhtaç olmasıyla bərabər, İranda türk düşüncə və fikrinin önəmli olduğunu bir daha göstərir".

Təbriz sakini, informasiya texologiyaları üzrə mütəxəssis Babək Hatəmxani deyir, səsverməyə getməyəcək: "Artıq hamı bilir ki, bu seçkilərdə vətəndaşların fikri önəmli deyil. İşsizlik, bahalıq və ədalətsizlik baş alıb gedib. Bir Azəri türkü olaraq, bizə təzyiq və ayrı-seçkilik var. Səs verməyi özümə və bütün xalqa xəyanət kimi görürəm. Görəcəksiz, bu dəfə 90 faz insan səs verməyə getməyəcək".

Bostanabad şəhərindən olan Siyamək Əsədi seçkiyə qatılacaq, çünki gözləntiləri var: "Ölkənin ümumi vəziyəti heç yaxşı deyil. Ancaq xırda işıqlara sarılmalıyıq. Bilmirəm, səsimin təsiri olacaq, ya yox, fəqət islahatçıları dəstəkləməliyik. Radikallar gələrsə, dünya ölkələri ilə əlaqələrimiz indikindən daha pis olacaq. Nəticənin mənfi tərəfi isə xalqımıza yansıyır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.