İranın ali dini liderinin baş müşaviri Əli Şamxani Vaşinqtonun ölkədə baş verən etirazlara müdaxilə ehtimalına sərt reaksiya verib. Onun sözlərinə görə, ABŞ-nin bu cür cəhdlərinə imkan verilməyəcək.
Milli.Az xəbər verir ki, Şamxani mövqeyini "X" sosial şəbəkəsindəki paylaşımında ifadə edib.
O bildirib ki, İran cəmiyyəti ABŞ-nin "yardım" adı altında hansı nəticələrə səbəb olduğunu yaxşı xatırlayır. Şamxani İraq, Əfqanıstan və Qəzzəni misal çəkərək qeyd edib ki, hər hansı xarici müdaxilə cəhdi qətiyyətlə dəf ediləcək.
Onun sözlərinə görə, İranın milli təhlükəsizliyi müzakirə mövzusu deyil və bu məsələ sosial şəbəkələrdə səsləndirilən populist bəyanatlarla hədəfə alınmamalıdır.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edərək, İranda dinc nümayişlərin zor gücü ilə yatırılacağı təqdirdə Vaşinqtonun prosesə müdaxilə edə biləcəyini bəyan etmişdi.
Hazırda İranda ağır iqtisadi durum fonunda genişmiqyaslı etiraz aksiyaları davam edir. Qeyri-rəsmi məlumatlara görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində ölən və yaralananlar var.
Kənan
Milli.Az





