Maraqlı

Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunub - QİYMƏTİ

24 Oktyabr 2021 23:25
0 Şərh     Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google şirkəti rəsmi şəkildə Pixel 6Pixel 6 Pro smartfonlarını təqdim edib. Təqdim edilmiş yeni Pixel 6 modellərinin əsas fərqləndirici özəlliklərindən biri də odur ki, onlar Snapdragon prosessoru ilə deyil Google şirkətinin fərdi prosessoru ilə təchiz olunublar. Bundan əlavə olaraq yeni smartfonların kameraları da təkmilləşdirilib. Əvvəlki Pixel modelləri kimi yeni Pixel 6-lar xarici görünüşcə digər şirkətlərin smartfonlarından fərqlənirlər. Ön hissədən smartfonlar yastı ekran ilə əhatə olunublar. Lakin ekranların çərçivələri digər smartfonlardakı ekran çərçivələri ilə müqayisədə o qədər də nazik deyillər. Yeni smartfonların arxa panelləri isə iki hissəyə ayrılıblar. Arxa panelləri iki hissəyə ayıran faktor isə arxa kameraların mövcud olduqları sahələrdir. Arxa panelin ayrılmış hissələri öz aralarında müxtəlif rənglər ilə fərqlənirlər. Bununla yanaşı smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunurlar. Təqdim edilmiş Pixel 6 və Pixel 6 Pro modelləri öz aralarında ekran ölçüsü, RAM yaddaşı, kamera və batareya göstəriciləri ilə fərqlənirlər.

    Adi Pixel 6 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.4 düym OLED ekran, Pixel 6 Pro isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 3120x1440 piksel keyfiyyətli 5.7 düym OLED ekran ilə təchiz olunub. Hər iki smartfonun ekranı Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə edilib və mərkəzi hissədən ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntıya sahibdir. Barmaq izi skanı texnologiyası hər iki smartfonda ekrana inteqrasiya edilib. Yeni Pixel modellərində Google şirkətinin Tensor adlı fərdi prosessoru istifadə olunur. Bu prosessorda həmçinin 20 nüvəli GPU da reallaşdırılıb. Şirkətin verdiyi məlumata əsasən Pixel 6 Tensor prosessoru sayəsində Pixel 5-dən 80% daha yüksək performans sərgiləyir. Bununla yanaşı Google öz fərdi prosessorunda əsas diqqəti machine learning texnologiyasına ayırıb. Bunun sayəsində yeni Pixel modelləri fotoları daha sürətlə emal edir və Google Assistant ilə qarşılıqlı əlaqədə yeni imkanlar təqdim edirlər. Tensor-a həmçinin Titan M2 adlı təhlükəsizlik prosessoru da daxildir.

    Digər göstəricilər baxımından adi Pixel 6 modeli 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.85 diafraqma, OIS, 82 dərəcə bucaq təsviri, 7 qat Super Res Zoom)+ 12 MP (f/2.2 diafraqmalı və 114 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) ikili arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma, 84 dərəcə bucaq təsviri, 30 fps sürətində 1080p keyfiyyətli videoların çəkilişi) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4614 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı Pixel 6 modeli həmçinin 21 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Pixel 6 Pro modelinə gəldikdə isə o, 12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP (f/1.85 diafraqma, OIS, 82 dərəcə bucaq təsviri, 7 qat Super Res Zoom) + 12 MP (f/2.2 diafraqmalı və 114 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) + 48 MP (f/3.5 diafraqma, 23.5 dərəcə bucaq təsviri, 4 qat optik zoom, 20 qat Super Res Zoom, OIS) üçlü arxa kamera, 11.1 P-lik (f/2.2 diafraqma, 94 dərəcə bucaq təsviri və 4K keyfiyyətində video çəkilişi) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5003 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı Pixel 6 Pro modeli 23 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir.

    Google smartfonları foto və videoların emal olunmaları məsələsində həmişə güclü alqoritmlərə sahib olublar. Bunun sayəsində Pixel smartfonları yüksək keyfiyyətli foto və videolar çəkə bilirlər. Yeni Pixel 6 modelləri də istisna olmayıblar. Bu cür yüksək keyfiyyətin əldə olunmasında süni zəka alqoritmlərindən istifadə olunur. Məsələn süni zəka alqoritmləri vasitəsilə istifadəçi çəkilmiş fotodakı kənar şəxsləri aradan qaldıra bilər. Motion Mode adlı rejim fotolara əlavə dinamika verə bilər. Real Tone adlı funksiya isə insan dərisinin təbii rənginin fotoda əks olunmasına imkan verir. Yeni smartfonlar Android 12 vasitəsilə çalışırlar. Google bildirib ki, Pixel 6 modelləri 5 il ərzində təhlükəsizlik yenilənmələrini və növbəti 3 Android versiyasını əldə edəcəklər. Bu isə o deməkdir ki, smartfonlar 2024-ci ildə Android 15-i da əldə edəcəklər. Smartfonlar 28 oktyabr tarixində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimidir:

- 128 GB yaddaşa sahib Pixel 6 - 599$

- 256 GB yaddaşa sahib Pixel 6 - 699$

- 128 GB yaddaşa sahib Pixel 6 Pro - 899$

- 256 GB yaddaşa sahib Pixel 6 Pro - 999$.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.