Maraqlı

Allah yanında əziz olan insanlar

17 Oktyabr 2021 23:10
0 Şərh     Baxış: 659

O kəslər ki, həyatın çətinliklərini səbir və Allaha imanla arxada qoyurlar, bu yolda zəiflik göstərmirlər, kamal və fəzilətə çatırlar - Allah bu insanları daha çox sevir və əziz tutur.

İnsan xilqətin lap əvvələrindən İlahi imtahanla üzləşmişdir. Bu İlahi imtahanlar hər bir insana aiddir, istisna yoxdur. İlahi peyğəmbərin (ə) imtahanı adi insanların imtahanından daha çətin olmuşdur. Onlar bu imtahandan həmişə iftixarla və başıuca halda çıxmış və öz İlahi risalətlərini bu yolla təsdiq etmişdilər.

İlk İlahi imtahan olan insan Adəm (ə) olmuşdur. "Və dedik: "Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız"". ("Bəqərə" 35).

"Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik". ("Əraf" 163).

İlahi imtahan insanı həm cismi və həm də ruhi cəhətdən gücləndirər və kamala çatdırar. İmam Sadiq (ə) buyurur: "Allah o zaman ki, bəndəsini sevər, onu təlatümlə dənizdə qərq edər".

Əslində bu qədər imtahan və çətinliklər ona görədir ki, insanın dəyərli gövhəri üzə çıxsın. Başqa bir tərəfdən isə insanı kamala tərəf hidayət edər. Ruhunu paklaşdırar, iradəsini gücləndirər.

Ona görə də həm bugünkü çətinliklərlə üzləşək və ona səbir edək və həm də əvvəlki imtahanlardan ibrət alaq, nəticə çıxardaq. "Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)". ("Zuha" 6). Bu ayə tərbiyəvi bir ayədir və çətinliklərin insan tərbiyəsindəki rolundan bəhs edir. Əgər belə olmasaydı, İlahi imtahanın fəlsəfəsini necə izah etmək olardı ki?

"Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver". ("Bəqərə" 155). Bu ayədən göründüyü kimi, İlahi imtahan hamıya aiddir. Ona görə də bu imtahandan necə iftixarla çıxacağımızı gərək düşünək. Bu yolda bizə yardım edə bilən əməllər:

Səbir və hövsələ.

Allah bu imtahandan iftixarla çıxmaq üçün növbəti ayəni nazil etmiş və buyurmuşdur: "O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə "həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq" deyərlər". (156).

Yəni, ancaq sabirlər bu İlahi imtahandan qalib çıxa bilərlər. Necə ki, Nuh (ə), Eyyub (ə), İbrahim (ə) çıxmışdı.

Namaz.

Namaz Allahla ünsiyyət olduğu üçün insanın ruhunu gücləndirər. İmam Sadiq (ə) buyurur: "Nə zaman dünya qəmi ilə üzləşsəniz, dəstəmaz alıb, məscidə gedin. Namaz qılıb dua edin, çünki Allah əmr etmişdir ki: "(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin". ("Bəqərə" 45).

Hadisələrin keçici olmasına diqqət etmək.

İnsan əgər bilsə ki, bu dünyada baş verən hadisələr keçicidir və hər çətinlikdən sonra rahatlıq gələr, bu zaman çətinliklərə səbir edər ki, rahatlıq gəlib çatsın.

İman qüvvəsi.

İman batini müsbət qüvvə kimi çətinliklərdə bizə doğru yolu göstərər. Möminlər üçün bu çətinliklər onları məğlub edə bilməz. Bu möhkəm iradə hər bir çətinlik qarşısındakı səddir.

Tarixdə keçmişdəkilərin halından ibrət götürmək.

Əgər tarixə nəzər salsaq, görərik ki, peyğəmbərlərin (ə) imtahanı biz adi insanların imtahanından çətin olmuşdur. Bu imtahanlardan ibrət götürməyə çalışaq. "Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbir etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi". ("Ənam" 34).

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.