Maraqlı

Allahın əziz bildiyi iki qətrə

11 Sentyabr 2021 23:10
0 Şərh     Baxış: 647

Bismilləhir-Rahmənir-Rahim!

Bəşər tarixində insan var olandan bəri özünə səadət və xoşbəxtlik axtarışındadır. Amma çox təəssüf olsun ki, insan illüziyalara aldanıb, zaman-zaman səadəti başqa ünvanlarda axtarır. Bütün axtarışlara, səylərə baxmayaraq, yenə də axtardığı o səadəti, rahatlığı tapa bilmir.

Bəs nə üçün insan axtardığı səadəti tapa bilmir? Çünki insan, səadətinin nüvəsi olan, onun baza prinsipi olan Allahın razılıq kriterisini unudur və ya görmür. Allah insan üçün səadəti başqa şeydə qoyduğunu deyir, insan isə onu bir başqa yerdə axtarır. Məsələn, Allah Təala insanın Allah yolunda qurban vermədikcə əbədi səadətə çatmayacağını buyurur, amma insan bu səadəti sərvət toplamaqda görür. Ona görə də bizlər gerçək insan səadətinin nə olmasını anlamaq üçün gərək Allahın nə əmr etdiyinə, Rəsulunun (s) nə buyurduğuna, İmamlarının (ə) nəyi tövsiyə etdiyinə diqqət etməliyik.

2 qətrə

Bu mövzuda İmam Səccadın (ə) bir buyuruşu var ki, bizlərə insanın gerçək səadətinin nə olmasını göstərir. İmamın (ə) belə buyurduğunu nəql edirlər: "Allahın dərgahında iki qətrədən daha sevimli bir qətrə yoxdur. Birincisi, Allah yolunda tökülmüş o qan qətrəsidir. İkincisi isə gecə qaranlığında Allah dərgahında axıdılan göz yaşı qətrəsidir".

Hədisə diqqət etdikdə, görürük ki, Allah Təala iki növ qətrəni Özü üçün əziz sayır. Biri, bəndənin Allah yolunda tökülən qan qətrəsidir. İkincisi isə zahirdə bir qədər rahat görünsə də, qorunub saxlanması o biri qətrədən qat-qat çətin olan, insanın ibadətində, tək halında tökülən göz yaşının qətrəsidir.

Birində insan mübarək hədəfləri üçün Allah Təala yolunda canını fəda etməklə zahirdə Allah Təalaya eşqinin tərənnümünü göstərir. İkincisində isə, insan öz vücudunun Allah yolundakı mücahidəsinin rəmzi olan, Allahla o ünsiyyətin bərəkəti olan göz yaşı qətrəsini təzahür etdirir. Bu, həmin göz yaşı qətrəsidir ki, əmələ gələnə qədər qəlbin qan olması, Allah üçün yanması sayəsində meydana gəlir.

Bir başqa tərəfdən də bu hədisə nəzər yetirdikdə, məlum olur ki, əslində, bəşərin inkişafı, səadəti - bu iki qətrədədir. Əgər bəndə Allaha bəndə olmaq istəyirsə, bilməlidir ki, bəndəlik göz yaşı qətrəsi olmadan mümkün deyil. Əgər bəndə öz yaşadığı mühitdə öz mövcudiyyətini qorumaq istəyirsə, Allah yolunda o mübarək şəhadət qətrəsindən də mümkün deyil ki, kənarda qalsın. Göründüyü kimi, Allah Təala bəşərin inkişafını, səadətini lazım gəlsə, Allah yolunda canını fəda etməkdə görür və bunu əslində vücudi yaşamanın bir simvoluna çevirir.

Nə çox diri olanlar ki, vücudi yaşamazlar, nə çox Allah yolunda öldürülənlər ki, əbədi yaşarlar, şəhadətləri ilə məktəb yaradarlar...

Diqqət etdikdə görürük ki, məhz bu iki qətrədir ki, digərləri tərəfindən İslamda həmişə tənqid atəşinə tutulub. Göründüyü kimi, insanın Allah dərgahında ağlamasını qorxaqlıq rəmzi kimi qələmə veriblər. Ağlamağı insanı zahirdə guya zəif göstərən bir amil kimi qiymətləndiriblər. Allah yolunda canını fəda etməyi isə elə bir ifrat formasında çatdırıblar ki, İslamın şəhadət fəlsəfəsi, şəhadət məktəbi radikallıq, müharibəpərəstlik kimi qələmə verilib.

Deməli, bu, çox dəqiq məsələdir ki, biz bir çox şeyləri düşməni narahat edən məsələlərə nəzər salıb öyrənməliyik. Aydın olur ki, şeytan (lən) və onun yer üzərindəki təzahürləri bəndənin onu Allah yanında əziz eləyən iki qətrəsinin cilvələnməsini istəmir, onun təzahür tapmasını istəmir. Bunu real həyatda birini qorxaqlıq kimi, acizlik kimi, o birini də müharibəpərəstlik kimi, radikallıq kimi qələmə verir. Şeytan (lən) bunu bizi istəməkdən etmir ki, onun yerdəki təzahürləri bunu bizə məhəbbətdən etmirlər ki?! Əsla. Onların qorxusu budur ki, bəndə Allah dərgahında o göz yaşı və qan qətrələri ilə bəndə olmasın.

Bəzən soruşulur ki, qəlbin dərmanı nədir? Qəlbin dərmanı - həmin o göz yaşıdır. Allah eşqindən, Allah xofundan axıdılan göz yaşıdır. Həmin o qətrələrdir ki, nəticədə insanı insan edir, insan yetişir və artıq Kərbəlada vücudunun o mübarək qanının qətrələri ilə də dünya üçün əbədi olaraq bir məktəb qoyur.

Bir bəhsə də işarə etməkdə fayda vardır. Biz İmamların (ə) həyatına baxdıqda, hərəsinin bir məktəb yaratdığının şahidi oluruq. Biri inqilab edir, biri sülh bağlayır, biri İmam Səccad (ə) timsalında göz yaşı qətrələrinin Allah dərgahında necə axıdılmasının ustadlığını edir və bəşəriyyətə öz misilsiz bəndəlik antologiyası olan "Səhifəyi-Səccadiyyə"si ilə göz yaşı qətrələrinin necə tərbiyələndirilməsini öyrədir.

İmam Hüseyn (ə) timsalında bir başqa əziz İmamız (ə) da Allah yolunda tökdüyü qanın qətrələri ilə Aşurada ustadlıq edir.

İnsanlar düşünə bilərlər ki, bunların biri-biri ilə nə əlaqəsi var? Amma bunların çox incə bağlılıqları var. İmam Səccad (ə) səcdə etməklə, göz yaşı axıtmaqla məşhur olub. Səcdə nəyin təzahürüdür? Əlbəttə, bəndəliyin. Səcdə - Allah dərgahında məsuliyyətin dərk olunmasının təzahürüdür, Allah üçün əziz olan həmin o göz yaşlarının təzahürüdür.

Eyni zamanda İmam Hüseynin (ə) Kərbəlası da Allah dərgahında məsuliyyətin bir başqa dərkidir. Bunlar həqiqətdə bir-biri ilə çox bağlıdır. Nə bu qətrələr onsuz mümkündür, nə də o qətrələr bunsuz mümkündür. Allah dərgahında göz yaşı axıda bilməyən insan, nəticə etibarilə, Allah yolunda öz qanını da axıda bilmir. Allah yolunda öz qanını axıtmağa hazır olmayan insan, Allah dərgahında göz yaşı da axıda bilmir. Axıtsa da, bunun fəlsəfəsinə varmadan axıdacaq, İmam Səccad (ə) kimi axıtmayacaq...

Bütün zamanların ən üstün insanı halına gələ bilmək...

İnsan fitri olaraq, başqaları müqabilində həmişə inkişafda olmaq istəyir. İnsan - hamıdan müsbət mənada fərqlənmək istəyən bir varlıqdır. Lakin gerçək üstünlüyün nə olmasının fərqinə varmadan, başqa məsələlər arxasınca vaxt ötürür. Amma biz İslam məntiqində gerçək üstünlüyün əslində insanın axtardığı nəsnələrdə olmadığını görürük. İmam Səccaddan (ə) belə nəql edirlər: "Həqiqətən qeyb dövründə (Zəmanə Sahibi İmam Mehdinin (ə.f) qeybi dövründə) yaşayanlar, o dövrü dərk edənlər, İmamım (ə.f) imamətliyinə etiqadları olanlar və İmamın (ə.f) gəlişinin intizarında olanlar - bu üç xüsusiyyət olan insanlar başqa zamanların insanlarından üstündür".

Göründüyü kimi, hədisdə üç xüsusiyyət sadalanır. Birincisi, qeyb dövründə yaşamaq və onu dərk etməkdir. Dünyanın bugünkü vəziyyətinə nəzər salanda, bunun nə qədər həqiqət olduğuna şahid olursan.

İkincisi, İmamın (ə.f) imamlığına etiqadlı olmaqdır. Yəni Xanım Zəhranın (s.ə) balası olan İmam Hüseynin (ə) nəslindən 9-cu şəxs hazırda da zəmanənin İmamı (ə.f) olmasına, hazırda da bəşəriyyətin höccəti olmasına, bütün baş verən hadisələrə xüsusi nəzərinin olmasına etiqadlı olmaqdır. Bir başqa ifadə ilə desək, insanın etiqadı var ki, Allah Təala bəşərin bugünkü vəziyyətini on ikinci İmama (ə.f) tapşırıb. Əməllərimiz onun (ə.f) nəzarəti altındadır və ona təhvil verilir. Ona görə də qeyb dövründə yaşayanların İmamla (ə.f) qəlblərində bir ünsiyyəti olmalıdır. Şəfaət istəsək, İmamı (ə.f) vasitə qərar verməliyik. İnsan olmaq istəsək, İmamı (ə.f) vasitə qərar verməliyik.

Və nəhayət, üçüncüsü, İmamın (ə.f) intizarında olmaqdır. İmamın (ə.f) zühurunun intizarında olmaq o deməkdir ki, insan dinamik formada hər an öz üzərində işləyir. Yəni belə deyil ki, İmam (ə.f) beş gündən sonra gələcək və ya bir ildən sonra gələcək. Buna görə də hazır olaq. Əksinə, hər an İmamın (ə.f) zühuru, gəlişi mümkün olduğu üçün müsəlmanın boynunda vəzifə var ki, hər an o zühur anına hazır olsun. Və hədisdə də bu mətləb çatdırılır ki, əgər insan bu halla yaşasa, bütün zamanların insanlarından ən üstünü halına gələr. Niyə? Çünki ən ağır zamanlar - məhz qeyb dövrünə təsadüf edən zamanlardır. İnsanların çoxu bu zamanda azacaq, ən böyük sınaqlar bu zamanda olacaq. Bu zamanda ən çətin iş - səbirlə, hövsələ ilə insanın öz vəzifəsini dərk edib, İmamın (ə.f) intizarında ola bilməsidir. Bu, təkcə insanın dili ilə deyil, canı, ruhu və vücudu ilə gerçəkləşən bir haldır. Allah dərgahında bütün zamanların insanlarından ən üstünü hala gəlməkdən gözəl səadət varmı?!

Dövrümüzə da baxanda bir daha bəlli olur ki, doğrudan da qeyb dövrü - ən çətin dövrdür. Bu gün məscidlər Əqsa məscidi timsalında nalə çəkir, haqsız yerə insanlar öldürülür, dünyada min cür fitnəvari oyunlar oynanılır, bütün bunların hamısı insanda dəqiqliklə təsir qoyur. Ona görə də bu dönəmin insanı imtahanlarından uğurla çıxsa, ən üstün insan olacaq. Çünki bilmək və yaşamaq - fərqli-fərqli şeylərdir. Bir var insan bilir ki, nə vaxtsa İmam (ə.f) zühur edəcək, bir də var ki, insan hər anı, hər saniyəsi ilə, hər şəraitdə və imkanlarda intizarın fəlsəfəsi ilə yaşayır. Bunlar fərqli-fərqli şeylərdir.

İntizar fəlsəfəsini yaşayan adam, nə qədər çətinliyi olsa da, bir o qədər İmamın (ə.f) zühurunun zəruriliyinin fərqinə varır, bunu vücudən hiss edir və dilə gəlir: "İmamım (ə.f), haradasan?" Bu baxımdan bu ağır və məsuliyyətli bir zamanda insanlar ləyaqət və şərafətlə öz vəzifələrini yerinə yetirsələr, bütün zamanlarda olan insanlardan daha üstün hala gələcəklər. Buna görə də insan gərək hər bir işdə, hər əməldə İlahi meyarları əsas götürsün. Əslində intizarın fəlsəfəsi də elə bundan ibarətdir. Hər bir şeydə Allahın razılığını düşünən insan, şərəfli, abırlı, ləyaqətli olması ilə yanaşı, intizara hazır olan insandır.

Bir dəfə bir kişi Peyğəmbərin (s) yanından keçirmiş. Peyğəmbərin (s) səhabələri görür ki, bu adam çox fəal və cüssəli bir adamdır. Peyğəmbərə (s) müraciət etdilər ki, ya Peyğəmbər (s), nə yaxşı olar ki, bu güclü şəxs güc və fəallığını Allah yolunda sərf etsin. Peyğəmbərimiz (s) cavabında buyurur: "Əgər onun əməli, çalışması kiçik övladları üçün də olsa belə, yenə də Allah yolundadır. Əgər onun çalışması qoca ata və anası üçün də olsa belə, yenə də Allah yolundadır. Əgər onun çalışması şərəfli, abırlı, ləyaqətli bir həyat yaşamaq üçün olsa belə, yenə də Allah yolundadır. Amma əgər onun çalışması, fəaliyyəti riyakarlıq, insanlara özünü göstərmək üçün olsa, o zaman şeytan (lən) üçün olur".

Buradan bu nəticə çıxır ki, əziz dinimiz insanı tərki-dünyalıqdan qəti uzaq saxlayır. Ona həyatın içində olmağı tövsiyə edir, amma hər bir əməlində Allah razılığını düşünmək şərti ilə. Dinimiz həyat üçün zəruri olan, insanın etməli olduğu şeyləri Allah yolunda sayır, yetər ki, bunu başqalarına göstəriş üçün etməyəsən.

Hədisdən göründüyünü kimi, əgər insanın əməlləri başqaları üçün olsa, başqalarına göstərmək üçün olsa - bu zaman etdiyi istənilən əməl tam başqa keyfiyyət əldə edir və şeytan (lən) üçün olur. Amma həyatın içində olmasına baxmayaraq, zahirdə ibadət kimi görünməyən işlər etməsinə baxmayaraq, əgər Allah üçün olsa, ibadət hökmündədir və şeytan (lən) o əməlin zay olunmasından naümiddir.

Burada toxunulası bir məsələ də bundan ibarətdir ki, bəzən insanlar zahidliyi dünyadan imtina etməkdə, ondan üz döndərməkdə görürlər. Amma həqiqətdə isə, imtahanlardan qaçmış olurlar. Bu mövzuda İmam Əlidən (ə) bir hədis nəql edirlər. İmam (ə) buyurur: "Dünyada zahid o adamdır ki, haram onun səbrinə qalib gəlməsin və halal onu şükür etməkdən ayrı salmasın".

Zahidliyin tərifini vermək istəsək, gərək İmam Əlinin (ə) bu hədisinə baxaq və İmam Əli (ə) məntiqində zahidliyin nə olmasını anlayaq. İmam (ə) bu hədisdə insanın dünyada həmişə iki istiqamətdə təsir altında olmasını incə bir ifadə ilə çatdırıb. İstiqamətin biri - haramlar tərəfdən, digəri isə halallar tərəfdəndir.

İmam Əlidən (ə) nəql edilən hədisindən anlaşılan budur ki, bu dünyada həm haramın təhlükələri var, həm də halalın. İnsanın harama bulaşması da, nemətlərə şükür etməməsi də - hər ikisi zahidliyin aradan getməsinə və əməllərin şeytani bir hədəfə yönəlməsinə səbəb kimi zikr olunub. Zahid o adamdır ki, bunların hər ikisinə riayət edər. Haram onun səbrinə qalib gələ bilməz, halal da onu şükürdən saxlamaz.

Allahım, bizim işlərimizin tədbirini Öz üzərinə götür!

Allahım, bizə Səni tanımağı nəsib et!

Allahım, bizə Səni tanıyaraq ibadət etməyi nəsib et!

Allahım, Zəmanə Sahibinə (ə.f) mərifətimizi kamil et ki, Səni tanımağımız kamil olsun!

Allahım, bizə çətinliklər müqabilində səbir əta et!

Allahım, bizlərə zöhdün, zahidliyin həqiqi mahiyyətini dərk etməyi nəsib et!

Allahım, bizlərə həm göz yaşlarımızı, həm də qanlarımızı Sənin yolunda axıtmağı nəsib et!

Allahım, o kəs ki, qəlblər onun intizarındadır - Mövlamızın (ə.f) zühurunu təcil et!

Allahım, bu məmləkətin Zəmanə Sahibinin (ə.f) xüsusi nəzarətində olmasını nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.