Maraqlı

Ramazan ayı bizi qəflət yuxusundan oyatmağa gəlib

1 May 2021 23:55
Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək, nurani, əzəmətli İlahi ziyafət ayına - Ramazan ayına daxil olmuşuq. Bu ay hər bir kəsə mübarək olsun! Öz rəhməti, bərəkəti və məğfirəti ilə Ramazan ayı üzərimizə xoş gəlib!

Mübarək Ramazan ayı başdan-başa qəflətdən oyanış, ayılma ayıdır. Bu mübarək ayın ilk gününün duasının içərisində də ən mühüm ayıldıcı mövzu - qəflət yuxusundan oyanmaq mövzusudur. Ümumiyyətlə mübarək Ramazan ayının əsas qayəsi, əsas hədəflərindən biri - bizi qəflət yuxusundan ayıltmaqdır. Çünki, bu ayda biz təqvaya yiyələnə biləriksə, təqvaya yiyələnmək qəflətdən ayılmaqla mümkündür.

Bu ayda biz qəlbi aramlıq, qəlbi rahatlıq tapa biləriksə, bu, yalnızca qəflətdən ayılmaqla mümkündür.

Ona görə də Ramazan ayının birinci gününün duasında artıq Rəbbimizdən qəflət yuxusundan ayılmaq istəyirik. Çünki, biz qəflətdə olsaq, özümüzü unudarıq, öz fərqimizə varmarıq. Kimik, nəyik, nə üçünük, bizi kim yaradıb, nə üçün yaradıb, burada nə edirik, burada həyatın mahiyyəti nədir, buradan sonra nə olacaq? Qəflətdə olsaq, bütün bu suallar bizi düşündürməz.

Nə üçün qəflət insanın ən böyük düşmənidir?

Həzrət Əli (ə) buyurur: "Qəflət - düşmənlərin ən böyüyüdür". Nəyə görə qəflət düşmənlərin ən böyüyü hesab olunur? Çünki, görsənmir, gözümüzün qabağında deyil, gizlidir, yavaş-yavaş hasil olur, mərhələ-mərhələ həyatımıza daxil olur. Nə zaman ki, biz Allahı yad etməyi kənara qoyuruq, Allahın zikrini unuduruq, həyatımızda Allahla rabitədən çıxırıq - qəflət oraya daxil olur.

Qəflət bizi onlayn iman vəziyyətimizdən çıxardır. Necə ki, insan oflayn vəziyyətində heç bir texnoloji işləri görə bilmir və onlayn olmalıdır ki, işlərini görə bilsin - o cür də insan Allahı xatırlamadan çıxarkən, mənəvi oflayn vəziyyətinə düşür. Bunun adına qəflət deyilir. Qəflət, yəni bütün insani fəaliyyət potensialının sönməsidir.

Ramazan ayının ilk günündən Rəbbimiz bizə bu həqiqəti, bu mövzunu əziz Məsumların (ə) dili ilə çatdırır. Biz düşmənimizi tanımalıyıq. Düşmənimizin xüsusiyyətlərini, keyfiyyətlərini tanımalıyıq. Nə qədər bilgimiz artıq olsa, o qədər mövzular yerinə düşər, düşmənimizlə mübarizəmiz daha aydın ola bilər.

Həyatında qəflətin dominantlıq edən kəs, axirəti unudar

Əhli-Beytə (ə) nisbət verilən digər bir hədisdə buyurulur ki, o kəs ki, ona qəflət qələbə çalıb, həyatında qəflət dominantlıq təşkil edir - o, axirət səfərini unudar. Həmin şəxs unudar ki, bir köçə hazırlaşmalıdır və o, axirətə, Qiyamətə hazırlaşmaz.

Deməli, əgər həyatımızda qəflət baş verərsə, üstünlük təşkil edərsə, həyatımızı bürüyərsə - bu zaman axirət səfərimizi unudarıq, axirət səfərinə hazırlaşmarıq.

İnsan həqiqi səfəri unudaraq, həqiqi səfərə hazırlaşmağı yaddan çıxararaq, bu dünyada lazımi kimi yaşaya bilməz.

Qəflətdə olanlar dünyanın yalnız zahirini görər

Bizlər əslində bütün Ramazan ayı boyunca qəflətdən ayılma nöqtəsinə diqqət etməliyik. Təkcə Ramazan ayında deyil, hətta bütün həyatımız boyunca buna diqqət etməliyik. Bütün müsibətlərimiz, bəlalarımız o zaman başlayır ki, biz qəflət xəstəliyinə düçar oluruq, qəflət bizi bürüyür və əgər bürüyürsə, məhv oluruq.

Allah Təala Qurani-Kərimdə, "Rum" surəsinin 7-ci ayəsində qəflətlə bağlı çox gözəl bir çatdırış edir: "Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər". Təəssüflər olsun ki, insanların çoxu bu vəziyyətdədir. Allah etməsin ki, bizlər də o zümrədən olaq. Allahdan istəyirik ki, bizlər bu halda olmayaq.

İnsan niyə qəflətdə olur? İnsan bu dünya həyatının zahirində ilişib qaldıqda, axirətdən qəflət etmiş olur.

Qəflət, təfsir güzgüsündə

Əziz müfəssirlərin buyuruşlarından çıxan bir neçə təfsiri nöqtələrə diqqət edək.

Birincisi, qəflətdə olanlar dar görər, geniş görməz, səthi baxar, dərin baxmaz, maddi, materialistik çərçivələrindən kənara çıxa bilməz. Qəflətin əslində mahiyyətində, kökündə bu dayanır. İnsan dar görər, geniş baxmaz, səthi baxar, nəticə etibarilə qəflətə düşər.

Təfsirlərdə gələn ikinci mühüm nöqtə budur ki, dünya özü-özlüyündə pis deyil, əslində axirətə laqeyd qalmaq pisdir. O dünya ki, insan o dünyadan bəhrə aparar və dünyadan bəhrə apararkən axirətə laqeyd qalar - o, pisdir. Dünya özü-özlüyündə Allahın bir nemətidir.

Axirətə əhəmiyyətə vermədən maddi dünyanın çərçivəsində qalmaq tənqid olunur. Allah Təala bizim, insanların o halını ki, maddi dünya çərçivəsində qalar və axirəti unudar - o vəziyyəti tənqid edir. Əgər insanın dünyanın yalnız üstdə olanını görsə, ancaq zahirdə olanını görsə - qəflətdə olar.

Dünya iki hissədən ibarətdir. Dünyanın bir zahiri tərəfi, bir də batini tərəfi var. Əgər insan dünyanın yalnız zahirini görsə, məhv olar.

Ayədən çıxan mühüm təfsiri nöqtələrdən biri də budur ki, dünyanın zahiri və batini var. Axirət dünyanın batini, canıdır. Dünyanın zahirində ilişib qalmayaq. Dünyanın ruhundan, canından, dünya həyatının hədəfindən qəflət etməyək.

Dünyanın zahirinə diqqət etmək - əslində axirətdən qəflət etmənin nəticəsidir. Biz axirətdən qəflət edən zaman dünyanın zahirində ilişib qalırıq. Biz dünyanın zahirinə diqqətlə özümüzü məhdudlaşdırarıqsa, bu, bizi qəflətə aparmış olur.

Allah bizlərə inayət etsin ki, dünyanın zahirində ilişib qalmayaq və axirətdən qəflət etmişlərdən olmayaq! Xüsusilə, bu bir ayda çalışaq ki, bütün haşiyələrdən kənarda olaq, əsas mətndə olaq.

Mətn çox sadədir. Biz yaranmışıq ki, özümüzü düzəldib Allah bəndəsi olaq. Şəxsi həyatımız, ailə həyatımız, ictimai həyatımız, iqtisadi həyatımız - bütün mövzularımız bu istiqamətdə olmalıdır. Bundan kənar hər şey bizi tənəzzülə aparır.

Allah bizləri tənəzzülə uğrayanlardan qərar verməsin!

Allahım, bizləri bu ayda oyananlardan qərar ver!

Allahım tövbələrimizi qəbul et və durumlarımızı islah et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.