Maraqlı

Oyunların birbaşa beyinə translyasiyası üçün neyrointerfeys hazırlanacaq

30 Yanvar 2021 23:15
Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Valve" şirkətinin həmtəsisçisi və prezidenti Qeyb Nyuell beyini birbaşa kompüterə qoşmağa imkan verən interfeyslərə maraq göstərməsini açıqlayıb. Onun sözlərinə görə, belə sistemlər insanın imkanlarını genişləndirə, yuxunun keyfiyyətini yaxşılaşdıra, eləcə də virtual reallığa tam dalmaq hissi yaradaraq virtual reallıq qarniturlarından istifadə zamanı yaranan başgicəllənmə, ürəkbulanma, məkanda oriyentasiyasını itirmə və digər kənar təsirləri aradan qaldıra bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət rəhbərinin sözlərinə görə, hazırda insanın oyun təcrübəsini duymaq qabiliyyəti fiziki bədənlə məhdudlaşıb. Onun fikrincə, beyin-kompüter interfeysi (BCI) bu maneəni aradan qaldıraraq insanlara oyunda tam açılmağa imkan verəcək. "Real dünya birbaşa beyin vasitəsilə hiss edilən təcrübə ilə müqayisədə düz, rəngsiz, qeyri-müəyyən görünəcək", - Q.Nyuell Yeni Zelandiyanın "1 News" telekanalına müsahibədə bildirib.

Bununla yanaşı, Q.Nyuell etiraf edib ki, bu gün neyrokompüter ideyası elmi fantastikadan fərqlənmir, lakin tərtibatçılar tərəfindən bu sahə nəzərə alınmasa, "böyük səhv"ə yol veriləcək.

"Valve" artıq "BCI" sahəsində müəyyən işləmələrə malikdir. Q.Nyuellin sözlərinə görə, şirkət tərtibatçılar üçün insanların beynindən gələn siqnalları başa düşməyi sadələşdirəcək açıq çıxış kodlu proqramların yaradılması ilə məşğuldur.

Proqram ən sadə formada istifadəçinin oyundan zövq aldığını anlamağa və oyun təcrübəsini uyğun şəkildə tənzimləməyə imkan verəcək (məsələn, oyunçu üçün cansıxıcı olanda çətinliyi artırmaq). Gələcəkdə "BCI" texnologiyalarının oyunları birbaşa beyinə "yükləməyə" imkan verəcəyi istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.