Quranda Allah bəndələrinin sifətləri bəyan edilmişdir ki, onlardan biri də təvazökarlıq və müti olmaqdır. Təvazökarlıq dedikdə Sübhan Allahın əmrləri qarşısında təslim olmaq nəzərdə tutulur. İslam sözünün mənası da təslim olmaqdır. Təkəbbür sifətinin əksi təvazökarlıqdır. Təvazökarlıq nəfsi sındırar və qoymaz ki, özünü başqalarından üstün bilsin. (Tebyan)
"Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə)onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir". ("Furqan" 63).
İmam Sadiq (ə) buyurur: "O kəslərdirlər ki, yol gedən zaman təbiətlərində olduğu kimi addım atarlar. Qeyri-təbii və təkəbbürlə yol getməzlər".
"Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz". "Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs - ulaqların səsidir". ("Loğman" 18-19).
"Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən". ("İsra" 37).
Allah Təala Öz Peyğəmbərinə (s) buyurur: "Öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər". ("Hicr" 88).
"Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir". ("Şuəra" 215).
Allah Təala övladlara valideyn qarşısında təvazökar olmağı əmr etmişdir. "Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və "ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et" de!". ("İsra" 24).
"Çünki sizin Allahınız - tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver. O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən(çətinlik)lərə səbir edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər". ("Həcc" 34-35). Bəli, bu ayələrdə təvazö əhlinin dörd sifəti bəyan olunmuşdur: Allahdan qorxar, səbir edər, namaz qılar və infaq edərlər.
Təvazökarlıq - elə bir sifətdir ki, şeytan ona malik deyildir. Aləmin ən bədbəxt məxluqu olmasının səbəbi də elə buna görədir. Təkəbbür və qürur pərdəsi gözünün önünü elə tutur ki, cürət edərək Allaha belə deyir: "Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır)". ("Sad" 76).
Buna görə də demək olar ki, insanı bədbəxt edən ilk amil - təkəbbürdür. Halbuki, səadət yolunun ilk addımı - təvazökarlıq və Allahın əmrləri qarşısında təslim olmaqdır.
Milli.Az