Maraqlı

Boom Overture - Supersonik təyyarələrin qayıdışı - FOTO

1 Avqust 2020 19:30
Baxış: 563

Supersonik, yəni səsdən sürətli təyyarələr hər zaman insanların xəyallarında xüsusi yerə sahib olublar. Concorde 70-ci illərdən 2003-cü ilə qədər minlərlə adamın xəyalını reallaşdırıb və onları səsdən 2 dəfə çox sürətlə uçurub. Lakin 17 ildir ki, göyə heç bir supersonik təyyarə qalxmır. Concorde-un uçuşlarına son verilməsinə bir çox səbəb olmuşdu ki, bunların ən əsasları əməliyyat xərclərinin həddən artıq yüksək olması, istehsalı çoxdan dayandığı üçün ehtiyat hissə problemi və 2000-ci ildəki o məşhur qəza idi.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bu sektordakı boşluğu görən 2014-cü ildə yaradılmış Boom Technology şirkəti supersonik təyyarələr üzərində çoxdandır işləyir. Şirkətin Boom Overture layihəsi hamı tərəfindən maraqla gözlənilir. Bu yazımızda sizi  2025-2027-ci illərdə uçuşlara başlaması planlaşdırılan təyyarə ilə tanış etmək istəyirik.

Boom Overture 2300 km/saat (2.2 Mach) sürətə, 8300 km mənzilə, 55 sərnişin tutumuna malik olacaqdır. İndidən onun hər gün təxminən 500 istiqamətdə uçacağı proqnozlaşdırılır və 2017-ci ilə qədər 76 sifariş (bu sifarişlərin hamısı rəsmiləşməyib) aldığı bildirilir.

Təyyarə Concorde-un əfsanəvi delta qanad formasına sahib olacaq, lakin ondan fərqli olaraq, tamamilə kompozit materiallardan hazırlanacaq ki, bu da çəkini əhəmiyyətli dərəcədə aşağı salacaqdır. Ölçülərinin isə Concorde-nun 3/4-ü qədər olması planlaşdırılıb.

Təyyarə yüksək sürətinin köməyi ilə Nyu-Yorkdan Londona 3 saat 15 dəqiqəyə uçacaqdır. Maksimal uçuş məsafəsinin 8300 km olması transpasifik uçuşlarda yanacaq bərpası ehtiyacını yaradır. Bununla belə, San-Fransisko ilə Tokio arasındakı məsafəni 5 saat 30 dəqiqəyə, Los-Anceles ilə Sidney arasındakı məsafəni isə 6 saat 45 dəqiqəyə qət edə biləcəkdir.

London - Nyu-York reysi üçün bir biletin qiymətinin təxminən 5000 dollar olacağı gözlənilir ki, bu da Concorde-un o vaxt təyin etdiyi qiymətin indiki dəyərindən 4 dəfə aşağıdır. Standart 55 sərnişin oturacağı olsa da, şirkətlər biznes sinfi də sifariş edə bilərlər. Lakin Overture üçün nəzərdə tutulan standart oturacaqlar da xeyli komfortludur - onlar 190 sm uzunluğunda yatağa çevrilə bilirlər. Xeyli böyük pəncərələr isə sərnişinlərə əvəzsiz uçuş həzzi yaşatmalıdır.

Şirkət Overture-un qiymətini 200 milyon dollar təyin edib. Növbəti 10 ildə bu təyyarədən 1000-2000 arası sifariş qəbulu gözlənildiyindən, şirkət illik 100 təyyarə istehsalını hədəfləyib və bu rəqəmi daha da çoxaltmağı istisna etmir.

Yuxarıda qeyd etdiyimiz 76 sifarişdən 25-i rəsmidir. Belə ki, Virgin Groups-un rəhbəri Riçard Branson 2016-cı ildə 10 təyyarəlik sifariş verdiklərini və proqramın inkişafına dəstək olacaqlarını rəsmən elan edib. Başqa bir adı çəkilməyən Avropa şirkəti isə 15 ədəd Overture sifariş edib. İki müqavilənin ümumi məbləği 5 milyard dollardır. Japan Airlines-ın da Boom-dan Overture istədiyi bildirilir.

Təyyarə əvvəl daha balaca düşünülsə də, sonra 47 metrə qədər uzatmağı qərara alıblar. Lakin bu da son olmayıb və nəhayət, Overture-ın 52 metr uzunluğunda olacağına qərar veriblər. 2017-ci ildə onun təqdimatı 2023-cü ilə təyin olunsa da, bir il sonra 2025-ci ilə təxirə salınıb.

Boom şirkəti Overture proqramının inkişaf etdirilməsində XB-1 prototipindən istifadə edəcək. Bir neçə gün əvvəl prototipin 7 oktyabrda təqdim ediləcəyi açıqlanıb. Prototip eyni dizayna malik olsa da, Overture-dan təxminən 3 dəfə balacadır. Uzunluğu 21 metr, qanadların uc nöqtələri arasındakı məsafə isə cəmi 5.2 metrdir. XB-1 testlərə 2021-ci ilin əvvəllərində başlayacaq.

Boom Overture təqdim edildiyində bütün digər sərnişin təyyarələrindən 2 dəfə sürətli olacaq. Aviasiya həvəskarlarının 2003-cü ildə sönmüş ümidləri bir neçə il sonra reallığa çevriləcək...

Texniki göstəriciləri:

Uzunluğu: 52 m

Qanadların kənar nöqtələri arasındakı məsafə: 18 m

Maksimum qalxış ağırlığı: 77 111 kq

Mühərrik: 3 ədəd medium-baypass sonradanyanma olmayan (Concorde-un əksinə) mühərrik (Hansı firmaya aid olacağı hələ dəqiqləşməyib)

Maksimum sürəti: 2.2 Mach

Maksimum uçuş məsafəsi: 8300 km

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.