Maraqlı

Qablaşdırılan qidaları alanda nələrə diqqət olunmalıdır?

11 İyul 2020 19:10
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günümüzdə qablaşdırlan qida məhsullarından çox geniş itifadə olunur. İndiki dövrü qablaşdırılan məhsullarsız təsəvvür etmək də mümkün deyil. Məhsulların yığıldığı qablaşdırma məmulatı onun keyfiyyətinə necə təsir edir? Həmin məmulatlar sağlamlıq üçün nə qədər ziyanlıdır?

Milli.Az bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisinin hazırladığı maarifləndirici məlumatı təqdim edir:

Qida və qeyri-qida məhsullarının qablaşdırılmasının tarixi qədim dövrlərə gedib çıxır. Qədim dövrlərdə qablaşdırmadan əsasən məhsulların saxlanması və daşınması üçün istifadə edilirdi. Qablaşdırma məmulatları ilk dövrlər kustar üsulla taxta, qamış, dəri, gil və digər materiallardan istifadə edilməklə hazırlansa da, sonralar əhəmiyyəti nəzərə alınaraq daha geniş çeşiddə və sənaye üsulu ilə istehsal olunmağa başladı. Qeyd edək ki, 18-ci əsrin sonuna qədər metal, kağız, şüşə və digər materiallar əsasında qablaşdırma məmulatlarının istehsalı artaraq kütləvi hal almışdır. Son 100 ildə bütün dünyada əksər qida məhsullarının saxlanması, daşınması və marketinqi qablaşdırılmış halda həyata keçirilməyə başlanmışdır. Hazırda plastik, metal, ağac, kağız, karton, şüşə, keramika əsasında və ya onların bir neçəsindən eyni zamanda istifadə edilməklə yüzlərlə çeşiddə qablaşdırma məmulatı istehsal olunur. Son illər bütün dünyada qablaşdırma materiallarının istehsal səviyyəsinin kəskin artması və istifadədən sonra həmin materialların tullantı şəklində təbiətə vurduğu zərər qlobal səviyyədə müzakirələrə səbəb olmuşdur.

Qablaşdırma məmulatlarının istehsalında istifadə edilən plastik materiallar ekoloji cəhətdən daha çirkləndirici xammal hesab edilir. Plastik tullantıların təbiətdə çürüyərək torpağa qarışması 10 illər ərzində baş verir. Həmçinin günəş şüalarının təsirindən plastik tullantıların təbiətə buraxdığı uçucu toksiki maddələr uzun illər atmosferə çirkləndirici təsir göstərir. Buna baxmayaraq, hazırda dünyada plastik qablaşdırma materiallarının istehsalı milyard tonlarla ölçülür. İstehsalının ucuz başa gəlməsi, asanlıqla təkrar emal edilməsi, geniş spektrdə və fərqli formalarda tətbiq edilə bilməsi onların geniş yayılmasına şərait yaradır. Son illərdə təbiətə vurduğu zərərin qarşısını almaq məqsədilə bir sıra dünya ölkələri plastik qablaşdırma məmulatlarının istehsalından mümkün qədər imtina edilməsi üçün qərarlar qəbul edir.

Qablaşdırma məmulatlarının ekologiyaya vurduğu zərərlə yanaşı, qida məhsullarının keyfiyyətinə də təsiri böyükdür. Belə ki, qablaşdırma materialları qida məhsulları ilə uzun müddət bilavasitə təmasda olduğu üçün onlardan qidanın tərkibinə zərərli maddələrin miqrasiyası mümkündür. Məhsulların qablaşdırılmasında istifadə edilən materialların qida üçün təhlükəsiz və təsirsiz olması son illərdə daha da aktuallaşdığı üçün bu sahədə geniş tədqiqatlar aparılır.

Elmi araşdırmalar nəticəsində bir sıra qablaşdırma materiallarının, o cümlədən plastik qablaşdırmaların məhsulların keyfiyyətinə təsir etdiyi, onların istehsalında istifadə edilən maddələrin bir qisminin qidanın tərkibinə miqrasiya etdiyi aşkar olunmuşdur. Məlum olmuşdur ki, sintetik xammaldan istifadə etməklə hazırlanan, xüsusən müxtəlif məqsədlər (sərtliyin və elastikliyin əldə edilməsi, müxtəlif rəngli məhsulların istehsal edilməsi və s.) üçün istehsal edilən qablaşdırma məhsullarından toksiki maddələr qidaya miqrasiya edir.

Qablaşdırma materiallarından qidanın tərkibinə miqrasiya edə bilən maddələrə ftalatlar, "Bisfenol A", vinilxlorid, formaldehid, ağır metallar və onlarla digər maddələri misal göstərmək olar ki, bu maddələrin çox az səviyyəli qatılıqları insan orqanizminə mənfi təsir göstərə bilər. Belə ki, formaldehid, "Bisfenol A", ftalatlar insanda daxili sekresiya vəzlərinin fəaliyyətində və endokrin sistemdə bir sıra pozuntuların yaranmasına, sinir sisteminə kəskin toksiki təsir göstərməsinə, eləcə də xərçəng riskinin artmasına gətirib çıxarır.

Bütün bunları nəzərə alaraq, hər bir istehlakçı məhsulu alarkən qablaşdırılmasına diqqət yetirməli, təbii xammaldan (şüşə, keramika, kağız və s.) hazırlanmış qablarda satılan qidaya daha çox üstünlük verməlidir.

Dünya ölkələrində olduğu kimi, ölkəmizdə də son illərdə keyfiyyətsiz qablaşdırma materiallarının istifadəsinin minimuma endirilməsi üçün bir sıra tədbirlər görülməkdədir. Belə tədbirlərdən biri də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində qablaşdırma materiallarında təhlükəsizlik göstəricilərinin təyini üzrə sınaqlar aparan ixtisaslaşmış xüsusi laboratoriyanın fəaliyyət göstərməsidir. Qeyd edilən laboratoriyada bütün növ qidaların qablaşdırma məmulatlarında miqrasiya sınaqları aparılır və həmin məhsulların istifadəyə yararlılığı, o cümlədən qida məhsullarının təhlükəsizliyi baxımından yararlılığı müəyyən edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.