Maraqlı

“İnbox”umuza gələn İlahi mesaj

31 Mart 2020 23:58
4 Şərh     Baxış: 3 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həqiqətən, insan ziyan içərisindədir!"

(Əsr, 2)

Əzəldən iki müddəanı aksiom kimi qəbul edək: 1. Bu dünyada heç bir, hətta çox xırda və əhəmiyyətsiz saydığımız hadisə də təsadüfi baş vermir və hər şey Allahın iradəsindən irəli gəlir, hər işin öz hikməti, açması var; 2. Allah heç bir yaratdığı bəndəsini heç zaman özbaşına, sərgərdan buraxmır və o yolunu azdıqda, haqqa qayıtmaq üçün dəfələrlə ona dəvət göndərir. Belə...

İndi dünyada bəlkə də ancaq qundaqdakı körpələr koronavirusun tüğyan etməsindən bixəbərdirlər. Bu nə deməkdir, nə baş verir, haradan qaynaqlanıb - bunları təkrarlamağa ehtiyac yoxdur. Amma yuxarıda qeyd etdiyimiz kimi, bu bəlanın bir açması, bir izahı olmalıdır. Yəni Tanrının bəşərə mesajı var. Özü də bu mesaj həm cəmi bəşərədir, həm də hər kəsə ayrı-ayrılıqda, necə deyərlər, fərdi. Lap müasirləşdirsək, "inbox"umuza Rəbbimizdən məktub gəlib. İndi oğul lazımdır ki, onu düzgün oxusun, düzgün dəyərləndirsin! Əvvəlcə ümumi, cəmi insanlara aid olanı barədə düşünək.

İnanıram, hazırda dünyada xeyli sayda adam var ki, "axı bizim günahımız nə idi ki, bu bəla qapımızı döydü" deyərək ah-zar edir. Əcəb! Bəşərin üzdə olan bəzi günahlarını, lap cüzi hissəsini sadəcə xatırlayaq.

Allah Quranda buyurur ki, "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (Zariyət, 56). Bu qədər aydın, bu qədər sadə, bu qədər qəti! İllərini həyatın mənasını aramağa həsr edən həmplanetlim, heyf bu suala cavab tapmaq üçün sərf etdiyin zamana, ömrünün bir parçasına! Al, bu da sənə cavab. Özü də ayədəki "ancaq" sözünə xüsusi diqqət yetir. Yəni Allaha ibadət etmirsənsə, yaradılışına, xətrinə dəyməsin, bir qoz. Planetin böyük hissəsi Allaha arxa çevirib. İbadəti bir yana, hələ nə qədər qətllər, nə qədər cinayətlər törədir! Bunun vəbalını isə hamımız ödəməliyik. Kimisi öldürüb, kimisi də görüb susub. Bəs elə isə hansı üzlə "günahımız nə idi ki, bu bəla qapımızı döydü" sualını veririk? Allah Rəhimli Allahdır, ona görə hələ cəzanın ən yüngülünü seçib, göydən yerə elə Yer boyda kosmik cisim düşməyib.

İndi keçək "inbox"umuza. Həə, burda artıq hər kəs özü səy göstərməlidir ki, İlahi mesajı oxuya bilsin. Bu karantin günlərini bütövlüklə günahlarımızın tövbəsinə həsr etsək, yenə də çatdırmarıq. Nəinki karantin e, buna heç ömür yetməz. Vicdanı qəlbinin dərinliklərində tam boğmayan hər kəs bununla razılaşar. Odur ki, bu mesajı diqqətlə incələyək, düşünək, düşünək... və tövbə edək.

Və nəhayət demək istədiyimiz sonuncu sözümüz, Allahın heç bir yaratdığı bəndəsini özbaşına buraxmamasına dair. Bu koronavirus həm də hər kəs üçün atılmış xilasedici halqadır. Bəziləri üçün ilk, bəziləri üçün növbəti, bəziləri üçün isə, nə qədər üzücü olsa da, sonuncu. Hər kəsə bir daha dünyanın faniliyi barədə düşünməyə, ölümün qaçılmazlığını göz önünə gətirməyə şans verildi. Şübhəsiz ki, bu halqaya sarılıb barlardan, gecə klublarından, əyyaşlıqdan, sərxoşluqdan, zinadan, rüşvətdən qurtulub Allaha tərəf üz tutanlar olacaq. Eyni zamanda ümid edək ki, namazında səhlənkarlıq edənlər, dünyəvi işlərində bəzən Allahın qanunlarını tapdayan, bəzən qul haqqına girən dindarlar da bu hadisələrdən nəticə çıxaracaqlar.

Allah bəşəriyyətə rəhm eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.