Maraqlı

Xalq artisti vətəndaşlara, xüsusilə yaşlı insanlara evdən çıxmamağı məsləhət gördü

22 Mart 2020 13:12
2 Şərh     Baxış: 3 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hələ çox adam bu epidemiyaya zarafat kimi yanaşır, məsələnin ciddiyyətindən bixəbərdir".

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə üçün dövlət səviyyəsində bir sıra addımlar atılır: "Prezidentimiz sağ olsun, bu barədə çoxlu tədbir görülür. Nazirlər Kabineti yanında opertiv qərargah yaradılıb. Dövlət səviyyəsində bu xəstəliyin qarşısının alınmasına çalışırlar. Mən deyərdim ki, insanlarımız dövlətin verdiyi tövsiyələrə əməl etsinlər. Çox təəssüf ki, bəzi adamlar buna barmaqarası baxırlar. Deyirlər, keçib gedəcək, qrip kimi xəstəlikdi. Amma elə deyil, insanlarımız buna ciddi yanaşmalı, verilən göstərişlərə əməl etməlidirlər".

Xalq artisti vətəndaşlara, xüsusilə yaşlı insanlara evdən çıxmamağı məsləhət görüb: "Mən özüm təzə əməliyyat olmuşam. İmmunitetim demək olar sıfır dərəcəsindədir. Bu xəstəlik də immuniteti aşağı olan adamlarda daha ciddi fəsadlar yaradır. Buna görə də evdən çıxmamağa çalışıram. Evdə oturanlar kitab oxusunlar, filmə baxsınlar. Müxtəlif məşğuliyyətlər tapıb məşğul olsunlar. Xahiş edirəm, dövlətimiz bu pandemiya ilə mübarizəyə bu qədər əhəmiyyət verirsə, deməli, çox ciddi xəstəlikdir. Özü də tək bizdə deyil, bütün dünyanı ağzına alıb. Ona görə də dövlətin, həkimlərin, mütəxəssislərin dediklərinə əməl olunmalılar".

R.Balayev ev şəraitində də gigiyena qaydaların əməl etməyi tövsiyə edib: "Biz bir az səhlənkarıq, amma bu cür olmaz. Evdən bayıra çıxmaq lazım deyil, çıxmayaq. Zəruri ehtiyaclar üçün də marketə-aptekə gedəndə tibbi qaydalara riayət edək, küçədə-bayırda ara məsafəsi saxlayaq. Evə gələndən sonra yuyunaq. Xahiş edirəm, heç kəs buna barmaqarası baxmasın. Məsələ ciddidir, bir nəfərin məsuliyyətsizliyi yüzlərlə adamın xəstəliyə yoluxmasına səbəb ola bilər. Başda Prezident olmaqla dövlət orqanları bu xəstəliyin qarşısının alınması yolunda ciddi işlər görür, koronavirusla mübarizə üçün pul ayrılır. Ona görə də mənim xahişim budur ki, tələblərə ciddi əməl edək. Hər halda biz də görürük ki, tələblərə riayət olunan yerlərdə  virusun yayılması faizi azdır. Biz buna əməl etməklə koronavirus dəhşətindən xilas ola bilərik. Yəqin ki, Allahın köməyi ilə bunun dərmanı tapılacaq. Lakin hələlik xəstəliyin kütləvi yayılmaması üçün nə tələb olunursa, etməliyik. Xahişim, ricam budur ki, insanlar tələblərə riayət eləsinlər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.