Maraqlı

Yer kürəsinin ən qeyri-adi yerləri - FOTO

15 Yanvar 2020 21:35
77 Şərh     Baxış: 2 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada əcaib, müəmmalı, bəzən isə qorxulu yerlər çoxdur. Milli.Az AZƏRTAC-a istinadən Yer kürəsinin ən qeyri-adi yerləri ilə tanış edir. Onların bəziləri təbiətin şıltaqlığının nəticəsi, bəziləri isə insan əməyinin bəhrəsidir.

20. Xallı göl, Britaniya Kolumbiyası, Kanada

Yayda Xallı gölün sularının bir hissəsi buxarlanır. Nəticədə minerallardan ibarət rəngbərəng kiçik ləkələr əmələ gəlir və bu ləkələrin üzərində hətta gəzmək olur.

19. Salar-de-Uyuni şoranlığı, Boliviya

Salar-de-Uyuni dünyanın ən böyük "duz qazanıdır". Qurumuş duzlu gölün səthinə nazik su təbəqəsi çıxanda, o, dünyada ən böyük təbii güzgüyə çevrilir.

18. Natron gölü, Tanzaniya

Dünyanın ən qəribə yerlərini axtarırsınız? Bəs bu qorxulu göl barədə nə düşünürsünüz? Burada tələf olan heyvanlar susuzlaşma nəticəsində heykələ çevrilir. Göldə natrium bikarbonatın miqdarı çox olduğuna görə bura düşən bütün orqanizmlər mumiyaya çevrilir.

17. Rakotsbrüke körpüsü, Almaniya

Planetimizin ən qəribə yerlərinin reytinqində növbəti yeri Almaniyada, Polşa ilə sərhədin 6 kilometrliyində, Kromlau parkının mərkəzində yerləşən Rakotsbrüke körpüsü tutur. Unikal dəqiq konstruksiyası ilə şöhrət qazanmış bu körpü bazaltdan inşa edilib. Müşahidə bucağından asılı olmayaraq, körpünün özü və onun əksi birləşərək ideal dairə əmələ gətirir.

16. Nəhənglər cığırı, Şimali İrlandiya

Altmış milyon il əvvəl püskürmüş vulkan öz təkindən ətrafa ərimiş bazalt kütləsi atıb, sonra bu kütlə bərkiyib və həcmcə kiçilib. Kütlə soyuduqca onda çatlar əmələ gəlib. Həmin çatlar bu gün də görünür. UNESKO-nun Dünya İrsi siyahısına daxil olan bu obyektdə təqribən 37 min ideal həndəsi formalı çoxbucaqlı sütun var.

15. Ölü Vley, Namibiya

Pas rəngli nəhəng qum təpələri ilə əhatə olunmuş susuz oazisdə günəş şüalarına qərq olmuş ölü meşə əsl sürrealist mənzərəyə bənzəyir. Susuzluq nəticəsində ağacların kökləri azacıq rütubət axtarışında sürünərək düz qumun üzərinə çıxır və sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə aparır.

14. Yaşıl göl, Avstriya

Alp dağlarında dəniz səviyyəsindən 776 metr yüksəklikdə füsunkar məkan var. Onun ortasında kiçik göl yerləşir. Aprel ayında bu yerlər əməlli-başlı dəyişir. Dağların yamaclarından gurultu ilə axan sular dərəyə dolur. Ətrafdakı hər şey - skamyalar, çiçək ləkləri, körpülər, çəmənliklər, ağac və kolluqlar suyun altında qalır. Dərinliyi 2-20 metr olan həqiqi sualtı park yaranır. Nə etməli, axı dayverlər də haradasa istirahət etməlidirlər.

13. Pamukkale, Türkiyə

Türkiyənin cənub-qərbində UNESKO-nun Dünya İrsi siyahısına daxil gözəl obyekt - Pamukkale yerləşir. Pamukkale bir vaxtlar möhtəşəm olmuş qədim şəhərin - İyerapolisin xarabalıqları ilə əhatə olunub. Təbii bulaqların əmələ gətirdiyi kalsium bikarbonatla zəngin gur şəlalələr ağappaq travertin terraslardan üzüaşağı axır, dünyada analoqu olmayan bəyaz səthli termal su hövzələri əmələ gətirir.

12. Sevgi tuneli, Ukrayna

Ukraynanın sənaye dəmir yolunun Klevan qəsəbəsi yanından keçən məntəqəsində ağac və kolların bir-birinə dolaşmış budaqlarının əmələ gətiridiyi yaşıl tunel var. Adama elə gəlir ki, bu tunel hansısa gözəl nağıl üçün dekorasiyadır.

11. Hillier gölü, Qərbi Avstraliya

Göl bütün ilboyu tünd çəhrayı rəngdə olur. Bəzi alimlərin fikrincə, bu, gölün suyunun yüksək duzluluğu və burada "Dunaliella salina", çəhrayı rəngli qalobakteriyalar kimi duzlu yosun növlərinin olması ilə bağlıdır.

10. Mansellanın dəniz istehkamları, İngiltərə

Temza və Mersi çaylarının sularında İkinci Dünya müharibəsi dövründə almanların hava hücumlarından müdafiə olunmaq üçün inşa edilmiş dəniz istehkamlarının dirəklər üzərində qalırları qalır.

Müharibədən sonra istehkamlar piratlıqla məşğul olan bir qrup radiooperatorun sevimli məkanına çevrilib. 1967-ci ildə istefada olan polkovnik Peddi Roy Beyts onları oradan qovub. O, istehkamlardan birini - Rafs-Taueri ələ keçirərək Silend Knyazlığı adlanan müstəqil dövlət yaratdığını elan edib. Bu addımının uşaq oyununa oxşamaması üçün özünə I Roy Beyts adını götürüb, konstitusiya işləyib hazırlayıb və Silendin milli rəmzlərini düşünüb. O, ailəsini və dostlarını bu platformaya gətirib. Sonra "qondarma lemurlar kralının", yəni yeni knyazın Britaniya hökuməti ilə məhkəmə prosesi başlayıb. Məhkəmənin qərarı Britaniya hökumətinin xeyrinə olmayıb.

Silend Knyazlığı 2006-cı ilə qədər mövcud olub. Sonra generatorda qısa qapanma səbəbindən baş vermiş yanğında məhv olub. Knyazlığın bərpası külli miqdarda vəsait tələb etdiyinə görə onun sahibi miniatür dövlətini satışa çıxarmaq qərarına gəlib.

9. Yeddi nəhəng, Rusiya

Planetimizin ən qeyri-adi yerlərindən biri də Sibirdədir. Bu yer "Yeddi nəhəng", yaxud Mansı müqəvvaları adı ilə məşhurdur.

30-42 metr hündürlüyündə nəhəng daş sütunlar Uraldan qərbdə - Manpupunyor dağında yerləşir. Bu müqəvvalar insan tərəfindən yaradılmayıb, uzun əsrlər ərzində buz və qardan formalaşıb.

8. Montiçello bəndi, Kaliforniya

Məlumdur ki, göllərdə suyu "canına çəkən" nəhəng "nov" olmur. Amma Beriyes adlanan süni göl istisna təşkil edir

Güclü yağışlar nəticəsində suyun təzyiqi artanda gölün səthində fantastik gözəl, qeyri-adi çökək əmələ gəlir. Amma bu çökək nə qədər gözəl olsa da, çətin ki, ora düşmək istəyən adam tapılsın.

"Şöhrət çuxuru" adlanan unikal suaşırma konstruksiyası bir saniyədə 1370 kubmetrə bərabər artıq suyu buraxmağa imkan verir. Novun dərinliyi 21 metrdir.

7. Ra Poletta mağaraları, Nyu-Meksiko

1990-cı ildə Ra Polett adlı bir nəfər bel və külüng götürərək Nyu-Meksiko səhrasına yollanıb ki, burada şəklini asanlıqla dəyişən qum dağlarından xarüqaladə mağaralar yaratsın. Onun əllə qazdığı mağaralar əcaib naxışlarla bəzədilmiş yeraltı qalerayalardan ibarətdir. Bu naxışlar Ra Polettin ağlına elə iş prosesində gəlir.

6. Qan şəlaləsi, Antarktika

"Bu buzlaqdan qan damır?" Rossa şelf buzlağından şərqdə yerləşən Teylor buzlağına baxanda belə bir tamamilə ağlabatan sual yaranır. Buzlaqdan axan maye onu qırmızı rəngə boyayır. Bu hadisənin məntiqli izahı var. Qırmızı maddə milyonlarla il ərzində buzlağın altında toplaşan mikroblarla dolu yüksəkduzlu sudan ibarətdir. Su səthə yaxınlaşdıqca oksigenlə zənginləşir, nəticədə Yer kürəsinin 20 ən müəmmalı yeri siyasında yer almağa layiq olan pas rəngində şəlalə yaranır.

5. Şən məzarlıq, Rumıniya

İnsanların çoxu üçün ölüm dəhşətli və kədərli hadisədir. Lakin bəziləri hesab edirlər ki, dünyasını dəyişən insanları ağlayaraq deyil, təbəssümlə xatırlamaq lazımdır.

Rumıniyanın Sepıntsa kəndində yerləşən məzarlıq ölümə qeyri-standart yanaşma nümunəsidir. Müxtəlif rəngdə olan başdaşıların hər birində altında basdırılmış insanın həyatından məzəli lətifə yazılıb. Ovqatı yüksəldən illüstrasiya ilə müşayiət olunan lətifələrdə çox vaxt ölənin vəfatının təfərrüatı verilir. Başdaşılarındakı yazılar və onların parlaq rəngləri bu məzarlığı dünyanın qəribə yerlərindən birinə çevirir.

4. Badab-e-Surt, İran

Şimali İranda yerləşən, min illər boyu dəniz səviyyəsindən 1840 metr yüksəklikdə formalaşmış travertin terraslar inanılmaz gözəl təbiət obyektidir. Travertin axar suda kalsium çöküntüsündən əmələ gəlmiş əhəngdaşı növüdür. Terrasların qeyri-adi qırmızımtıl rəngini bulaqların birində dəmir oksidinin miqdarının çox olması ilə izah etmək olar.

3. Naska xətləri, Peru

Peruda Naska yaylasına həkk edilmiş heyvan fiqurları və həndəsi naxışlar Cənubi Amerikanın ən böyük sirlərindən biridir. Onları kim və nə üçün yaradıb? Alimlərin cavabı yoxdur, yalnız müəyyən təxminlər var.

Təsvirlər yalnız səmadan və yaxınlıqdakı müşahidə qülləsindən aydın görünür. Bəzilərinin uzunluğu 200 metrə çatan geoqliflərin hər birinin konturu arasıkəsilmədən yeganə xətlə çəkilib.

2. Sokotra adası, Yəmən

Altı milyon ildən çox əvvəl Afrikanın materik hissəsindən qopmuş bu ada elmi-fantastik filmin dekorasiyasına bənzəyir. Sokotranın bioloji müxtəlifliyinin inanılmazlığı və unikallığı bundadır ki, dünyanın heç bir yerində təsadüf olunmayan bitkilər və ağaclar bu adada bitir. Budaqları bir-birinə sarılmış "Əjdaha qanı" ağacı, habelə "Göbələk ağac" xüsusilə qəribə təəssürat yaradır.

1. Pişiklər adası, Yaponiya

Bəzən zarafatla deyirlər ki, dünyanı əslində pişiklər idarə edir. Bu, bir zarafatdır, amma "hər zarafatın bir ucu həqiqətdir" deyirlər. Çünki Yaponiya adalarından birini həqiqətən pişiklər "ələ keçirib".

Bunun üçün Yaponiyanın şərq sahilində bərəyə oturub Tasiro adasına getməlisiniz. Təqribən 100 sakini olan bu adada pişik əlindən tərpənmək olmur.

Məsələ bundadır ki, yerli sakinlər ipəkçiliklə məşğul olurlar. Baramanın təbii düşməni isə siçanlardır. Odur ki, adada pişik saxlamaq həmişə təşviq edilib. Təbii ki, itlər bu adaya buraxılmır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.