Maraqlı

Əməldə ixlas və yaxud dəyərlər inqilabi

18 Avqust 2019 22:45
0 Şərh     Baxış: 541

Əməllərdə ixlas və yaxud Allah yolunda görülən işlər İslamda böyük əhəmiyyət kəsb edir və buna əməl edən cəmiyyətdə səfa-səmimiyyət hökm sürür.

Şübhəsiz, məqsədsiz iş yoxdur və belə bir hal bir növ xəta və qəflət sayılır. Fərdi işlərdə məqsəd şəxsi xarakter daşıyır. Məsələn, ehtiyacını təmin etmək üçün işləyən insan işlədiyi zaman, onun bu işi bəyənilir və təriflənir. Amma işlər ictimai xarakter daşıdıqda, məqsəd tamamilə dəyişilməli, ilahi razılıq və yaxud ən azı insanlara qayğı və məhəbbətlə yerinə yetirilməlidir.

Milli.Az maide.az-a istinadən bildirir ki, Qurani-Kərim riyakarlıqla görülən işləri yarımçıq, ixlasla yanaşı olan işləri isə tamam sanaraq onlara dair misallar çəkir. O cümlədən, "Bəqərə" surəsinin 264-cü ayəsində ixlasdan kənar olan riyakarın xeyirxah işi, üzərində bir az torpaq olan saf daşa və qayaya bənzədilir. Ayədə buyurulur:

یا أَیهَا الَّذِینَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِی ینْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا یؤْمِنُ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَیهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لَا یقْدِرُونَ عَلَى شَیءٍ مِمَّا كَسَبُوا وَاللَّهُ لَا یهْدِی الْقَوْمَ الْكَافِرِینَ

"Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxsin halı, üzərində bir az torpaq olan saf daşa (qayaya) bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və onu çılpaq bir hala salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafir qövmü hidayət etməz!"

Ayədə riyakar insanın qəlbi mənəviyyatsızlıqdan saf daşa, zahirdəki infaqı da üzərindəki azacıq torpağa qarışan toxuma təşbeh edilir. Əkinçi o toxumdan məhsul götürmədiyi kimi, riyakar da qiyamət günü qəlbi və ruhuna hopmayan əməlindən bəhrələnməyəcək.

"Bəqərə" surəsinin 265-ci ayəsində isə Allahın razılığı naminə görülən işlər ikiqat artıq meyvə verən bağa bənzədilir və buyurulur:

وَمَثَلُ الَّذِینَ ینْفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِیتًا مِنْ أَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَینِ فَإِنْ لَمْ یصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِیرٌ

"Mallarını Allahın razılığı və ruhlarını (insani səciyyələrini) möhkəmlətmək yolunda sərf edənlər uca bir nöqtədə olan (saf havadan qədərincə bəhrələnən), gur yağışların suvardığı, ikiqat artıq meyvə verən bağa bənzərlər. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər və dağ daim təravətli qalar). Həqiqətən, Allah etdiyinizi əməlləri görəndir!"

İxlasın müxtəlif dərəcələri var ki, bəziləri yalnız övliyalara məxsusdur. Belə nəql edirlər ki, Seyid Mürtəza ilə Seyid Rəzinin atası dünyadan getdikdən sonra, qalan irs onların arasında bərabər bölüşdürüldü və bir Quran qaldı. Bölgü aparan Quranı onlardan birinə verməyi qərara alaraq dedi: "Sizdən hər kim yetkinlik həddinə çatdığı vaxtdan indiyədək günah etməyibsə, Quran onun olmalıdır." Bu zaman hər iki qardaş əlini Quranın üstünə qoydu. Bölgü aparan dedi: "Hansı biriniz indiyə qədər "məkruh" bir əməl yerinə yetirməyibsə, Quran onun olacaq." Hər iki qardaş əlini Quranın üstünə qoydu. Bölgü aparan dedi: "Sizdən hər hansı biriniz indiyə qədər "mübah" bir iş görməyibsə, Quran ona çatacaq." Bu zaman təkcə Seyid Mürtəza əlini Quranın üstünə qoydu.

Bölgü aparan soruşdu: "Mübah iş görməmək mümkündürmü?" Seyid Mürtəza dedi: "Mən yetkinlik həddinə çatdığım vaxtdan bütün işlərimi, hətta yemək-içmək və yatmağı da Allaha xatir, Allaha qulluq və itaət məqsədilə yerinə yetirmişəm!"

Ümumiyyətlə, yaxşı əməl iki şərtlə məna kəsb edir:

1. Əməl özü zatən yaxşı olub, hər hansı bir çətinliyi həll etsin;

2. Əməlin sahibində ilahi məqsəd və ya ən azı insanlıq hissi olsun. Bu iki şərtlə əməl yaxşı və onun sahibi xeyirxah adlandırılır.

Qurani-Kərimin üstünlüyü də məhz bu baxışdakı əhatəliyə görədir. Dinsiz məktəblər zahirə əsaslandığından əməlin kökünə yox, üzünə dəyər verirlər. Halbuki İslam həm əməlin kökünü, həm də üzünü qiymətləndirir. Məsələn, İslam müşriklərə məscid tikməyi qadağan edir və onu yalnız möminlərə məxsus bilir. Məscid Allaha ibadət məqsədi ilə tikilir və müşriklər isə bütlərə sitayiş edirlər. "Tövbə" surəsinin 17-ci ayəsində buyurulur:

مَا كَانَ لِلْمُشْرِكِینَ أَنْ یعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِینَ عَلَى أَنْفُسِهِمْ بِالْكُفْرِ أُولَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِی النَّارِ هُمْ خَالِدُونَ

"Müşriklərin öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tövhidə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) haqları yoxdur. Onların bütün (xeyir) əməlləri puçdur və onlar odda əbədi qalacaqlar."

Müşriklərə əks olaraq möminlərə niyyətlərinə görə məscid tikmə və s. haqlar verilir. "Tövbə" surəsinin 18-ci ayəsində buyurulur:

ِنَّمَا یعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْیوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ یخْشَ إِلَّا اللَّهَ فَعَسَى أُولَئِكَ أَنْ یكُونُوا مِنَ الْمُهْتَدِینَ

"Həqiqətən, Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də, onların hidayət olunmuşlardan olmalarına ümid vardır."

Bir sözlə, Qurani-Kərimdə riyakarlıqla edilən infaq və yaxşılıq pislənir. Belə infaq və yaxşılıq zahiri gözəl, batini isə çirkindir, gözəlliyi insanı çaşdırır və elə təsəvvür olunur ki, onu bu işə insani duyğuları və Allahın razılığı vadar edib. Lakin riyakar şəxs batində başqa məqsədlər güdür və onun qəlbi saf daş kimi möhkəm və bərkdir. İxlasla yanaşı və Allah rizası üçün yerinə yetirilən işlər isə uca bir nöqtədə saf havadan qədərincə bəhrələnən və ikiqat artıq meyvə verən bağa bənzədilir. ("Qurani-Kərimdə ibrətamiz məsəllər", Ayətullah əl-üzma Cəfər Sübhani, 7 və 8-ci məsəllər.)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.