Maraqlı

İsmət və həya pərdələrini yırtan 5 günah

18 İyul 2019 23:50
0 Şərh     Baxış: 1 846

"Kumeyl" duasında oxuyuruq:

اَللّهُمَّ اغْفِرْ لِي الذُّنُوبَ الَّتي تَهْتِكُ الْعِصَمَ

"Əllahumməğfir liyəz-zunubəl-ləti təhtikul-isəm." - "İlahiismət və həya pərdələrini yırtan günahlarımıbağışla!"

İmam Zeynəlabidindən (ə) belə nəql olunur: İsmət və həya pərdələrini yırtan günahlar bunlardır:

1. Şurbul-xəmr - Spirtli içki içmək:

Milli.Az maide.az-a istinadən bildirir ki, spirtli içki böyük günahlardandır. Təbabət elminin tanınmış simaları spirtli içkiləri insan orqanizmi üçün zərərli hesab edirlər. Alkoqolun beyin, mədə, ciyər, böyrək və digər daxili orqanlara dağıdıcı təsiri bir çox hallarda faciə ilə nəticələnir. "Butulka şeytan" olduqca təhlükəli və amansız bir düşməndir. Qurani-Kərim məstedici mayeləri, alkoqolu murdar sayır. Alkoqolun bəşəriyyətə vura biləcəyi zərbə nəzərə alınaraq, o, haram buyurulmuşdur. Bu əməldən tövbə etməyən şəxsi ağrılı axirət əzabı gözləyir.

İslam Peyğəmbəri (s) alkoqolla əlaqədar on nəfərə lənət oxumuşdur: şərab məqsədi ilə üzüm əkən, bu bağa bağbanlıq edən, meyvəni bu məqsədlə sıxıb suyunu çıxaran, onu içən, onu məclisə paylayan, onu bir yerdən başqa yerə daşıyan, onu təhvil götürən, onu satan, onu alan, onun qazancını yeyən. Şərabiçən şəxs Qiyamət günü Məhşər səhnəsinə üzü qara, ağzı əyri, dili çıxmış, susuz halda gətirilər. Ona zinakarların çirki ilə dolmuş quyudan içirərlər.

İmam Əlidən (ə) soruşurlar: "Siz buyurmusunuz ki, şərab oğurluq və zinadan pisdir?" Həzrət (ə) buyurur: "Bəli, demişəm.Çünki zinakar növbəti günaha getməyə də bilər. Amma şərab içən şəxs zina da edər, adam da öldürər, namazı da atar." ("Kafi", c.1, səh.403.)

İslam Peyğəmbəri (s) buyurur: "Allah mənim dilimlə şərabı haram elan etdikdən sonra şərabiçən şəxs elçiliyə gəldikdə, ona müsbət cavab vermək layiq deyil... Ona əmanət tapşırmaq olmaz. Şərab içənə əmanət tapşıran kəsə Allah tərəfindən zəmanət yoxdur." ("Vəsailuş-şiə", c.25.)

2. Vəl-lə`bu bil-qimar - Qumar oynamaq:

Böyük günahlardan biri də qumardır. "Bəqərə" surəsinin 219-cu ayəsində buyurulur: "Səndən məstedici maye və qumar haqqında soruşurlar. De ki, məstedici maye və qumar böyük günahdır."

Qumar alətlərini düzəltmək, onları düzəltmək üçün haqq almaq, onları satmaq və almaq haramdır. Böyük şiə fəqihlərinin əksəriyyəti hətta udub-uduzmadan bu oyunları oynamağa icazə vermir. Bu alətləri saxlamaq haram, məhv etmək isə vacibdir. Qumar məclisində oturub tamaşa etmək haram və bu məclisdən uzaqlaşmaq vacibdir.

3. Və təati ma yuzhikun-nasə minəl-ləğvi vəl-mizah - Xalqı güldürmək üçün görülən boş və bihudə işlər:

Boş işlər dedikdə, bu işi görən və bu işə tamaşa edən insanlar üçün dünya və axirət faydası olmayan, qiymətli ömrü puça çıxaran işlər nəzərdə tutulur. İnsan unutmamalıdır ki, ömrün hər dəqiqəsi milyardlarca amil hesabına başa gəlir. Şübhəsiz ki, qiymətli ömrünü boş yerə xərcləmək naşükürlükdür. Ömür Allah-Taalanın insana verdiyi ən böyük nemətdir. Bu nemətin şükrü onun hər dəqiqəsini qiymətli bilib ibadət və saleh işlərə sərf etməkdir.

Mühəddis Qumi "Mənazilül-axirət" kitabında yazır: "İbn Səməd adlı bir şəxs günün böyük hissəsini özünü hesaba çəkərdi. Bir gün ona məlum oldu ki, ömrünün altmış ili arxada qalıb. Altmış il 21900 gün edirdi. İbn Səməd fəryad çəkərək öz-özünə dedi: "Vay olsun mənə, əgər gündə bir günah etmiş olsam, Allahın görüşünə 21900 günahla gedəsiyəm". Bu sözlərdən sonra huşunu itirdi və dünyasını dəyişdi."

4. Və zikru uyubin-nas - Xalqın eyiblərini açmaq:

İslam dinində müsəlmanların və möminlərin təmiz adını qorumaq vacibdir. Möminin abır-həyası onun qanı kimi möhtərəm sayılır. Əgər xalqın abır-həyasına zərbə dəyərsə, cəmiyyətdəki etibar viran qalar.

Yalnız peyğəmbərlər, imamlar və övliyalar eyibsiz olmuşdur. Bütün qalan insanların gizli eyibləri vardır. Çox az insanlar üçün təmiz ad əhəmiyyətsizdir. Əksər insanlar eyibləri açıqlandığı zaman narahat olurlar. Başqalarının istənilən bir eybini açıb-ağardanlar böyük günaha yol verir və axirət əzabı qazanırlar. İmam Baqir (ə) və İmam Sadiq (ə) belə buyurmuşlar: "İnsan üçün küfrə ən yaxın əməl odur ki, bir şəxslə din əsasında qardaşlıq əqdi bağlayıb, onun səhvlərini öyrənsin və sonradan bu səhvləri açıb-ağartmaqla danlaq vursun." ("Kafi", c.2, səh.354.)

İmam Sadiq (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Ey dildə İslamı qəbul edib, qəlbinə iman nüfuz etməyənlər! Müsəlmanları məzəmmət etməyin, onlarda eyib axtarmayın. Hər kəs müsəlmanlarda eyib axtarsa, Allah da onda eyib axtarar, Allahın eyib axtardığı kəs isə evində belə rüsvayçılıqdan gizlənə bilməz." ("Kafi", c.2, səh.354.)

5. Və mucalisətu əhlir-riyb - Əqidəsiz insanlarla yoldaşlıq:

Hər bir insan oturub-durduğu şəxsin təsiri altına daha tez düşür. Ona görə də Qurani-Məciddə və Əhli-beyt (ə) rəvayətlərində dost seçiminə münasibətdə çox ciddi göstərişlər vardır. İslam kitabxanasında sırf bu mövzudan bəhs edən kitablar kifayət qədərdir. İslam dini insanları kafir, müşrik, günahkar şəxslərdən uzaqlaşmağa çağırır. Məqsəd möminlərin mədəniyyətini, əxlaqını, xarakterini şeytani təsirlərdən qorumaqdır. İmam Sadiq (ə) buyurur: "Əgər mömin şəxs Allaha itaətsizlik olunan məclisin istiqamətini dəyişməkdə gücsüzdürsə, bu məclisdə oturmaq ona yaraşmaz." ("Kafi", c.2, səh.374.)

Əbu Haşim Cəfəri deyir: "İmam Rza (ə) mənə buyurdu: "Nə üçün səni Əbdürrəhman İbn Yəqubla görürəm?" Dedim: "O mənim dayımdır." İmam buyurdu: "O, Allah haqqında qeyri-məqbul sözlər danışır. Onun sözləri Quran və Əhli-beyt göstərişləri ilə uyuşmur. O, Allahı əşya kimi təsvir edir. Sən ya onunla qalıb bizdən uzaqlaşmalısan, ya bizimlə qalıb onu tərk etməlisən." Ərz etdim ki, o, hər nə deyirsə desin. Mən ki, onun dediklərini təkrar etmirəm. Həzrət (ə) buyurdu: "Ona gəlmiş əzabın səni də bürüyəcəyindən qorxmursanmı? Özü Həzrət Musa (ə), atası isə Fironla dost olanın əhvalatını eşitməmisən? Fironun qoşunu Musa və onun ardıcıllarını təqib edib çaya yetişdikləri vaxt oğul atasını nəsihət etmək üçün ona yaxınlaşdı. Bu an Fironun qoşununa gələn bəlaya oğul da düçar oldu. Bu xəbəri eşidən Həzrət Musa (ə) buyurdu: "Günahkara gələn bəla onun yanındakıları da bürüyər. Amma mömin olan oğul Allahın rəhmətindədir." ("Kafi", c.2, səh.374.)

İmam Əli (ə) buyurmuşdur: "Allah və Qiyamət gününə imanı olan kəs şəkk-şübhəli yerdə dayanmamalıdır." ("Kafi", c.2, səh.377.)

İmam Sadiq (ə) buyurur: "Allah dostlarına qara yaxılan yerdə oturan kəs Allaha itaətsizlik etmişdir." ("Kafi", c.2, səh.379.)

Həzrət İsa-Məsih (ə) buyurmuşdur: "Allahla dostluğunuzu günahkara pis münasibətinizlə göstərin və onlardan uzaqlaşıb Allaha yaxınlaşın. Onların qəzəbi əvəzində Allahın razılığını istəyin." Soruşdular ki, belə isə kiminlə yoldaşlıq edək? Həzrət İsa (ə) buyurdu: "O şəxslə əyləşin ki, görüşü Allahı xatırlatsın, danışığı elminizi artırsın, rəftarı ilə sizi axirətə rəğbətləndirsin." ("Məhəccətul-bəyza", c.3, səh.288.)

Bəli, təqva, paklıq, təvazökarlıq, sədəqə, ibadət insanla bəla arasında pərdə çəkirsə, alkoqol, qumar, təlxəklik, qeybət, böhtan bu pərdələri aradan qaldırır. Əlbəttə ki, şeytan vəsvəsələrinə və nəfsinin istəklərinə uyan insan min bir günaha batmaqla öz əli ilə bəlaların qarşısını almış pərdələri yırtır. ("Kumeyl duasının şərhi", Ustad Hüseyn Ənsarian, 1-ci cild, səh.81-86.)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.