Maraqlı

Astiqmatizm nədir, necə yaranır, necə müalicə edilir?

11 İyul 2019 23:05
0 Şərh     Baxış: 11 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astiqmatizm - gözün optik sisteminin defektidir. Gözün şüasındırma qüvvəsinin əsas meridianlarda eyni olmaması astiqmatizm adlanır. Astiqmatizmin əsas səbəbi buynuz qişanin qeyri-sferik olmasıdır, yəni əsas meridianlarda əyrilik radiuslarının fərqli olmalarıdır.
Gözdə iki əsas, bir-birinə perpendikulyar meridian var.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, bunlardan biri ən güclü şüasındırma qabiliyyətinə malikdir, ikincisi isə ən zəif. Bu meridianların şüasındırma qüvvəsində fərq böyük olduğu halda, torlu qişada əşyaların təsviri aydın alınmır. Əksər hallarda astiqmatizm anadangəlmə olur. Bəzən, o, gözdə aparılan əməliyyatlardan və ya buynuz qişanın xəstəliklərindən və travmalarından sonra əmələ gəlir. Həqiqətdə buynuz qişa heç zaman sferik olmur. Adətən, vertikal meridianda əyrilik radiusu horizontal meridiandan daha az olur.
 
 
Normal (fizioloji) astiqmatizmin miqdarı 0,5-0,75 dioptriyadan çox olmur. Bu, görmə itiliyini zəiflətmir. Maraqlısı ondadır ki, cavan insanlarda buynuz qişanın astiqmatizmi daha böyük olduqda belə, o, görməyə təsir etmir. Lakin, presbiopiyanın başlaması ilə belə gözlərdə astiqmatizm özünü göstərir. Bu, onunla izah olunur ki, cavan yaşlarında gözün uyğunlaşdırıcı mexanizmləri bülluru ayrı-ayrı meridianlarda qeyri-bərabər dartır. Yəni buynuz qişanın astiqmatizminə cavab olaraq büllurun astiqmatizmi yaranır. İllərlə gözün akkomodasiya qabiliyyəti zəifləyir və büllur buynuz qişanın astiqmatizmini kompensasiya etmək bacarığını itirir.
 
 
Astiqmatizm anadangəlmə olduğuna görə görmə sisteminin inkişafdan qalması müşahidə oluna bilər (ambliopiya). Buna görə də korreksiyadan daimi istifadə etmək lazımdır. Astiqmatizmin optik korreksiyasının bütün növlərinin çatışmazlıqları var. Eynəklə korreksiya zamanı məkanın pozulması və meridional anizeykoniya əmələ gəlir. Kontakt linzalarla korreksiyanın problemləri mövcuddur: standart linza yüksək astiqmatizm zamanı buynuz qişada dayanmır (sorucu effekt işləmir).
 
 
Astiqmatizmin korneal və lentikulyar növləri var. Korneal astiqmatizm anadangəlmə olur və ya  sonradan yarana bilər. Anadangəlmə astiqmatizmdə buynuz qişa şəffaf olsa da, asferik formada olur. Astiqmatizm yüksək dərəcədə olduqda göz tənbəlliyi yaranır.
Travmadan sonra buynuz qişada capıq əmələ gəldikdə, pterigium adlandırdığımız xəstəlik zamanı və keratokonus xəstəliyinin inkişafı zamanı ikincili astiqmatizm yaranır. Gözdaxili büllurda baş verən dəyişikliklər zamanı lentikulyar astiqmatizm yaranır.
 
 
Gözə düşən işıq şüaları gözün buynuz qişa, büllur, vitrus adlandırılan şüakeçirici mühitlərindən keçərək torlu qişa adlandırdığımız gözun daxili qatında fokuslanır. Astiqmatizm zamanı vahid  fokus nöqtəsi olmur və o üzdən həm yaxın, həm də uzaqgörmə qarışıq, yayğın şəkildə olur.
Astiqmatizm korreksiya edilməklə aradan qaldırılır. Müvəqqəti və daimi korreksiya mövcuddur.
 
 
Müvəqqəti korreksiya zamanı eynək ve kontakt linzalar təyin olunur. Daimi korreksiyanı isə eximer lazer vasitəsilə aparmaq mümkündür.
Buynuz qişanın göstəriciləri eximer lazerin aparılmasına uyğun gəlməzsə, o zaman göz içi linzalar refraktiv düzəltmə məqsədilə göz daxilinə yerləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.