Maraqlı

İsveçlilərin çoxu...

12 İyun 2019 23:52
0 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə aeroportlarının uçuş zallarında sərnişinlərin sayı get-gedə azalır, çünki yerli sakinlərin çoxu təyyarə əvəzinə qatardan istifadə etməyə üstünlük verir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu il İsveç aeroportlarında sərnişinlərin sayı 8 faiz azalıb. Bununla əlaqədar İsveçdə təzə bir söz dəb düşüb: "flygskam", yəni "biabırçı uçuş". Bu dəyişikliklər İsveçdə iqlim dəyişmələrinə qarşı mübarizə səylərinin artması fonunda baş verir. İqlim dəyişmələri getdikcə aşkar göründüyü üçün isveçlilər ətraf mühitdən ötrü zərərli hesab etmədikləri səyahət üsulunu seçirlər. Bu vəziyyətin aviasiya bazarına təsiri daxili reyslərdə xüsusilə ciddi hiss olunur. Cari ilin aprel ayında bu reyslərlə uçan sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azalıb. Bu yaxınlarda aparılmış sorğuda iştirak etmiş isveçlilərin orta hesabla hər dörd nəfərindən biri "planeti xilas etmək üçün uçmamağı qərara aldığını" bildirib.

Skandinaviyada uzunsürən soyuq qışdan sonra canlarını qurtarmaq üçün uzaq məsafələrə səyahət edən isveçlilər Avropada ən çox uçan millətlərdən biri idi. İndi isə onlar hətta uzaq səyahətlərə də qatarla getməyə üstünlük verir.

İqlim dəyişmələrinə qarşı mübarizənin fəallarından olan məşhur isveçli məktəbli Qreta Tunberq bu ilin əvvəlində Dünya İqtisadi Forumunun illik yığıncağında çıxış etmək üçün qatarla 65 saatlıq səfərə çıxıb. Qreta bütün dünyadakı insanları "məktəb tətilləri" keçirməyə ruhlandırıb. Bu ideyanın mahiyyəti ondan ibarətdir ki, məktəblilər cümə günləri dərsə getmək əvəzinə küçələrə çıxır, beləliklə siyasətçilərin və ictimaiyyətin diqqətini iqlim böhranı probleminə cəlb etməyə çalışırlar.

Qreta Tunberq Davos görüşündəki çıxışında deyib: "Mənə sənin ümidlərin lazım deyil. Mən istəyirəm ki, siz təşvişə düşəsiniz. Mən istəyirəm ki, mənim hər gün keçirdiyim qorxunu siz də hiss edəsiniz. İstəyirəm ki, sən hərəkət edəsən. İstəyirəm sən özünü elə aparasan ki, sanki evimiz od içindədir. Ona görə ki, bu, belədir".

Ötən il İsveçdə iki milyon əlavə dəmiryol reysi yerinə yetirilib. Gözlənildiyi kimi, bunun üçün onların dilində ayrıca söz var: "Tagskryt". "Qatarlarda lovğalanma" mənası verən bu söz başqalarını da buna sövq etmək istəyənlər tərəfindən sosial şəbəkələrdə geniş istifadə edilir.

"Facebook" şəbəkəsində hətta ayrıca bir qrupa daxil olan isveçlilər qatarla beynəlxalq səfərlərə çıxmağa üstünlük verir və öz səfərlərinin xronikasını bu şəbəkədə paylaşırlar. Bəzi ailələr arasında bu meyil çox populyardır. Onlar deyirlər ki, uşaqlar İtaliya və ya İspaniya çimərliklərində istirahət üçün qatarla gedərkən yolboyu yeni ölkələr görməyi xoşlayır.

İsveç hökuməti bəyan edib ki, bütün Avropa şəhərlərinə yataq vaqonları ilə təchiz olunmuş gecə qatarları reyslərini bərpa etmək istəyir. Bu halda ekoloji üstünlüklərə və dəmir yollarının inkişafında yeni eranın dəbdə olmasına istinad edilir. Krallığın hökuməti təkcə bu il həmin layihəyə təqribən 5 milyon avro sərmayə qoymağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.