Maraqlı

Hərarət salan bu iynə körpələr üçün risklidir – Pediatrdan XƏBƏRDARLIQ

13 Aprel 2019 19:50
0 Şərh     Baxış: 1 395

Uşaqlarda yüksək hərarət narahatlıq doğuran əsas əlamətlərdən biridir. Yaşından asılı olmayaraq, bütün uşaqlarda ilin bütün dövrlərində qızdırmanın olması mümkündür. Əksər valideynlər hərarət qalxan kimi təşvişə düşüb, nə edəcəklərini bilmirlər. Bir çox hallarda isə bununla bağlı yanlış addımlar atılır.   

Əslində uşaqlarda hərarət yüksələn zaman nə etmək daha doğru olar?

Milli.Az e-tibb.az-a istinadən bununla bağlı pediatr, uzman həkim Altay Abdullaoğlunun məqaləsini təqdim edir.

Hərarət bir çox səbəblərə görə yüksələ bilər. Ən çox infeksiyalar zamanı temperaturun yüksəlməsini görürük. Əslində hərarətin bir qədər yüksəlməsinin faydası var. Çünki bu zaman immun sistem aktivləşir və bədən o xəstəliyə (mikrob və viruslara qarşı) mübarizə aparır. Ona görə hərarətin bir qədər yüksəlməsi zamanı dərhal qızdırma salıcı dərmanlar verməyin.

Hərarətin ölçülməsi onun yeri və şəklinə görə də dəyişir. Yəni elektRon, civəli, sensorlu termometrlər vasitəsilə alından, ağızdan, qoltuqaltından, qulaqdan və sair yerlərdən ölçmək olar. Bu zaman hərarət də müxtəlif olur. Çünki bədənimizin fərqli yerlərində temperatur fərqli olur. Hərarətin qalxması zamanı da bir yer isti olub, bir yer soyuq ola bilir. Ona görə hərarəti ölçmək üsullarına görə dəyişir. Hər bir ölçmə metodunun özünün mənfi (çatışmayan) və müsbət tərəfləri var. Ancaq ən asan və praktik üsul elektron üsulla qoltuqaltından ölçməkdir. Bu zaman da qoltuqaltı nahiyənin quru olması, yəni nəmli olmaması vacib nüansdır.

Qoltuq altından edilən ölçmə zamanı hərarət 38-38.5 olduqda artıq hərarəti aşağı salmaq üçün tədbirlər görülməlidir. Çünki belə hərarət artıq bədənə zərər verməyə başlayır və bu isə ciddi problemlərə səbəb ola bilir. Xüsusilə də, körpələrdə hərarətə bağlı qıcolmalar ola bilər. Bu isə istəmədiyimiz, qorxuya və narahatlığa səbəb olan bir haldır.

Yüksək hərarət zamanı  istifadə etdiyimiz çox sayda qızdırma salıcı dərmanlar var. Onların tərkibi 2 növdür.

1. Parasetamol tərkibli siroplar və şamlar

2. İbuprofen tərkibli siroplar və şamlar.

Preparata görə dərmanın dozası da dəyişir. Bu dərmanlar 4-8 saat fasilələrlə verilə bilər. Bəzən valideynlər dərmanın siropunu verir, hərarət düşmədikdə isə həmin dərmanın şam formasından istifadə edirlər. Bu isə eyni tərkib olduğuna görə ikiqat doza deməkdir. Bu zaman fəsad ehtimalı artır. Bəzən də olur ki bütün tədbirlər görülsə də, hərarət düşmür. Bu zaman analgin (metamizol natrium) tərkibli dərman əzələ daxilinə və ya damar yolu ilə təyin edilə bilər.

Bunun xarici ölkələrdə ağız vasitəsilə qəbul olunan variantları olsa da, ölkəmizdə ən çox hər kəsin tanıdığı analgin iynəsi adı ilə bilinir. Burda da diqqətli olunmalıdır. Yadda saxlayın: analgin iynəsi ən son çarədir! Balaca körpələrə isə bu iynə daha risklidir. Ciddi allergik reaksiya verə bilər. Ona görə bilinməlidir ki, bu iynə həkim nəzarəti altında vurulmalıdır. Ya da evdə vurularsa, yarana biləcək fəsada müdaxilə edə biləcək, uşağı vəziyyətdən çıxara biləcək tibbi biliyi olan şəxs olmalıdır. Əks halda xəstəxanaya çatana qədər ciddi problemlər yarana bilər. Bu səbəbdən bu iynənin evdə vurulmağını məsləhət görmürük! Ya təcili tibbi yardım çağırılmalı, ya da xəstəxanada vurulmalıdır.

Dərman preparatlarından başqa hərarəti aşağı salmaq üçün başqa tədbirlər də etmək mümkündür.

Bunlar: Otağın sərin olması, uşağın nazik geyindirilməsi, uşağın bükəcəklərinə, alnına, qoltuqaltına su ilə isladılmış bezlərin qoyulması və ya ilıq duş edilməsi. Yüksək hərarət zamanı uşaqlarda titrəmə halları da qeyd oluna bilər. Bu zaman valideynlər uşaq üşüyür deyib üstünü örtür, qalın geyindirirlər. Bu isə düzgün deyil, çünki belə olduqda temperatur daha da qalxmış olacaq. Ona görə titrətmə olsa belə qalın geyindirmək olmaz. Bəzən valideynlər hərarətin yüksəlməsi zamanı "Başı alov kimi, əl ayağı buz kimi" ifadələrini işlədirlər. Bəli, uşaq eynən belə ola bilər. Bu zaman da əl ayağı ovuşdurmaq, corab geyindirmək, istitəhər su ilə yumaq olar. Bunlarla bərabər uşağa bol maye içirtmək də çox vacibdir. Yəni bu cür mexaniki üsullarla da hərarəti endirmək mümkündür.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.