Maraqlı

Cəməl savaşı

19 Fevral 2019 23:50
8 Şərh     Baxış: 5 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Əli ibn Əbu Talibin (ə) xilafətinin əvvəllərinə təsadüf etmiş ilk böyük döyüş hicri 36-cı il cəmadi əl-sani ayının 10-da (miladi 656-cı ilin dekabrı) İmam Əlinin (ə) başçılıq etdiyi qoşunla məşhur səhabələr Zübeyr ibn Avvam və Təlhə ibn Übeydullahın, eləcə də, ümmül-möminin Aişənin başçılıq etdikləri qoşun arasında baş vermiş Cəməl savaşıdır. "Cəməl" sözünün ərəb dilndən tərcüməsi "dəvə" deməkdir. Savaş boyunca ümmül-möminin Aişə Əskər adlı zirehli dəvənin belindəki kəcavədə oturduğu üçün həmin döyüşə "dəvə döyüşü" deyilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, hicri 35-ci ilin zilhiccə ayında qətlə yetirilmiş üçüncü xəlifə Osman ibn Affandan sonra müsəlmanlar böyük əksəriyyətlə Əli ibn Əbu Talibə (ə) beyət etdilər. Onu xəlifə kimi tanıyanların ön sırasında Zübeyr ibn Avvamla Təlhə ibn Übeydullah dururdular. Lakin zaman bunu göstərdi ki, bu iki səhabənin Əliyə (ə) beyəti müvəqqəti və təmənnalı xarakter daşıyırdı. Onlar xilafətin mühüm strateji əhəmiyyətə malik iki şəhərinin - Kufə ilə Bəsrənin valiliyini Əlidən (ə) tələb etdilər. İmam Əli (ə) onların həmin vəzifələrə layiq olmadıqlarını bildiyi üçün xahişə rədd cavabı verdi. Bundan narazı qalan Zübeyr və Təlhə ümrə ziyarəti etmək bəhanəsi ilə Mədinədən çıxdılar. Məkkədə onlar ümmül-möminin Aişəni də öz tərəflərinə cəlb etməyə nail oldular. İraq ərazisində yerləşən Bəsrə şəhəri silahlı çıxış üçün əlverişli məkan idi. Təlhə, Zübeyr və ümmül-möminin Aişə Bəsrəni ələ keçirib, orada öz ətraflarına tərəfdar yığmağa başladılar. Onların əsas şüarı üçüncü xəlifə Osman ibn Affanın qatillərini tapmaq və onlardan intiqam almaq idi. Halbuki, Osmanın qətli ilə nəticələnmiş hadisələrdə onların özləri də çox fəal iştirak etmiş, nəinki baş verənlərin qarşısını almağa çalışmamış, hətta vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdular.

İmam Əli (ə) vəziyyətdən xəbər tutan kimi qoşun toplayıb, Bəsrə istiqamətində hərəkətə başladı. Onun Kufəyə göndərdiyi şəxslər şəhərdəki qeyri-müəyyənlik mühitini aradan qaldırıb kufəliləri Əlinin (ə) tərəfinə cəlb etdilər.

Hicri 36-cı il cəmadiyüs-sani ayının 10-da (miladi 656-cı ilin dekabrı) Bəsrə yaxınlığında iki tərəf qarşılaşdı. Əli ibn Əbu Talibin (ə) tərəfdarlarının sayı 20 minə çatırdı. Təlhə və Zübeyrin silahdaşlarının sayı bundan da çox idi (30 min nəfər olduğunu yazırlar). Gərgin döyüşdə gah bu, gah da o biri tərəf üstünlük qazanırdı. Döyüşün qızğın çağında Təlhə ibn Übeydullah öz silahdaşı Mərvan ibn Həkəm tərəfindən oxla vuruldu (Təlhə Osmanın başına gələn hadisələrdə fəal iştirak etdiyi üçün Osmanın əmisi oğlu Mərvan intiqam məqsədilə onu öldürmüşdü). Oğlu Abdullah tərəfindən qızışdırılan Zübeyr ibn Avvam döyüş meydanında İmam Əli (ə) ilə üzü-üzə gəldi, Əli (ə) gələcəkdə Zübeyrin onunla döyüşəcəyi və bu zaman haqsız olacağı barədə Peyğəmbərin (c) hədisini ona xatırlatdı. Zübeyr öz əməlindən peşman olub, savaş meydanını tərk etdi, Mədinəyə doğru qayıdarkən yolda sui-qəsd nəticəsində öldürüldü.

Bəsrə qoşunu başsız qaldığını görüncə zəiflədi. Artıq döyüş halqası Aişənin mindiyi dəvənin ətrafında daralırdı. Dəvə sanki bəsrəlilərin döyüş bayrağına çevrilmişdi. Dəvənin ovsarını tutmuş döyüşçülər hər vasitə ilə onu qorumağa çalışırdılar. Nəhayət, İmam Əlinin (ə) tərəfdarlarından biri fürsət tapıb dəvənin ayaqlarını qılıncla kəsdi və dəvə yerə çökdü. Aişəni qoruyanlar bundan sonra təslim oldular. Döyüş Həzrət Əlinin (ə) tərəfdarlarının qələbəsi ilə başa çatdı.

Döyüşdən sonra İmam Əli (ə) ümmül-möminin Aişəni böyük ehtiramla qardaşı Mühəmməd ibn Əbu Bəkrin və kişi paltarı geyinmiş 40 nəfər döyüşçü qadının müşayiəti ilə Mədinəyə yolladı.

Cəməl savaşında həlak olanların sayı barədə məlumatlar fərqlidir. Hər iki tərəfdən 25 min və ya 15 min nəfərin həlak olduğunu yazırlar. Başqa bir məlumata görə, Cəməl qurbanlarının sayı 10 min nəfər olmuşdur ki, bunların yarısı İmam Əlinin (ə) qoşununa, yarısı isə qarşı tərəfə mənsubdur. Hər bir halda, İmam Əlinin (ə) qoşunundan həlak olanların sayı əksər rəvayətlərdə 5000 nəfər göstərilir. Qarşı tərəfdən ölənlərin sayının 10 minlə 20 min arasında olduğu bildirilir.

Cəməl savaşı İmam Əli (ə) ilə müxaliflərinin arasındakı düşmənçiliyi daha da şiddətləndirdi və daha böyük bir döyüşə - aylarla davam etmiş Siffeyn müharibəsinə şərait yaratdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.