Maraqlı

Körpəniz yatmırsa, bu yollara baş vurun

16 Fevral 2019 20:55
0 Şərh     Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni doğulan körpələrin çoxu yuxuya getməkdə çətinlik çəkir. Və bu vəziyyət ananın ciddi probleminə çevrilir. Bəs bu problemi necə həll etmək olar? e-tibb.az körpənizi yatırmağın ən asan yollarını təqdim edir.

Əgər uşaq hər gecə çətin yuxuya keçirsə və siz artıq yorulursunuzsa, bu yollara baş vurmaqdan çəkinməyin. Körpə və ana ilk vaxtlar bir-birinə öyrəşməkdə çətinlik çəkə bilərlər ki, bu da çox normal hesab edilir. Ancaq unutmayın ki, hər gecə yata bilməyən körpə ilə birlikdə ananın da yuxu rejimi pozulur, bunun da ən çox zərəri uşaqlara dəyir.

1. İlıq hamam

Uşağı ilıq suda yumşaq bədən süngəri və zərif hərəkətlərlə, tələsmədən yuyun. Yuxudan əvvəl yaxalanmaq uşağı xeyli rahatladacaq və yatmasına kömək edəcək.

2. Birlikdə yatmaq

Birlikdə yatmağı dəstəkləyən və ya qarşı çıxanlar ola bilər. Ancaq araşdırmalar zamanı məlum olub ki, valideynlə yatan uşaqlarda özünə inam hissi güclü olur, daha az narahatlıq keçirirlər. Birlikdə yatmaq üçün beşiyi və ya uşağın çarpayısını öz yatağınızın yanına yerləşdirin. Körpə ilə birlikdə eyni yataqda yatmaq təhlükəli ola bilər.

3. Gözəl ətir

Bəzi uşaqlar gözəl ətirləri sevər. Kağız salfetin üstünə bir-iki damcı lavanda yağı damızdırın və yatağının yanına qoyun. Lavanda uşağı rahatladır. Amma 6 aydan kiçiklər üçün bunu etmək məsləhət deyil. Allergiyası olan uşaqlarla bağlı isə paltarların və döşək ağlarının yuyulmasında ətirsiz yuyucu maddələrdən istifadə edilməlidir.

4. Etibarlı yataq

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, uşaq yatan zaman yatağın içində nə varsa, hamısını kənara qoyun. Ədyal, oyuncaq, hətta yatağın ətrafındakı qoruyucular belə körpənin boğulmasına səbəb ola bilər. Üstünü örtmək üçün bir örtük kifayət edir. Hesab etsəniz ki, uşağa soyuq dəyər, onda isti tulum geyindirin.

5. Reflüks

Bəzi körpələrin yata bilməməsinin səbəblərindən biri də reflüksdür (mədənin ifraz etdiyi turşunun qida borusuna daxil olması). Bu, uşağı narahat edir. Qusma, dayanmadan ağlama, əmmə problemi, ya da əmərkən tıxanma reflüksün əlamətləridir. Bu əlamətləri hiss etsəniz, mütləq həkiminizlə məsləhətləşin.

6. Toxunuş

Körpəni yatağına yavaş hərəkətlərlə qoyun və əllərinizlə qarnına, qollarına və başına yumşaq formada toxunun. Bu toxunuşlar ona yaxınında olduğunuzu hiss etdirəcək, rahat formada yuxuya keçməsinə səbəb olacaq.

7. Yuxu saatı

Çox yorulmuş körpəni yuxuya vermək çətindir. Uşağın bəlli yuxu saatının olması önəmlidir. Mütəxəssislər deyir ki, 1 yaşına qədər uşaqlar üçün ən ideal gecə yuxusunun müddəti 6.30-7 saatdır. Bildirildiyinə görə, tez yatmaq tez də oyanmağa səbəb olmur, tam tərsinə, uşağın zamanında yatması yaxşı və uzun gecə yuxusuna getməsinə kömək edir.

8. Gecə geyimi

Sintetik geyimlər uşağı narahat edir. Mümkün qədər pambıqdan hazırlanan geyimlərə üstünlük verin. Yaxşı olar ki, bu paltar uşağın düz üstünə otursun, geniş, böyük ölçülü gecə geyimləri uşaqları narahat edir.

9. İdeal temperatur

Rahat yuxu üçün otaq nə isti, nə də soyuq olmalıdır. Körpələr üçün ideal otaq temperaturu 18-21 dərəcə hesab edilir.

10. Qaranlıq otaq

Otağın işığını söndürün ki, uşağınız yuxu vaxtının gəldiyini anlasın. Hətta gecə lampasını da söndürün, uşaq otaqlarında işığı keçirməyən tünd pərdələrdən istifadə edin. Uşaq günorta və ya gecə yuxudan oyananda isə mütləq pərdələri açın və günəş işığının içəri düşməsinə çalışın. Bu zaman uşaq gecə ilə gündüzün fərqini anlayacaq.

11. Yuxudan əvvəl masaj

Bir araşdırma nəticəsində məlum olub ki, yeni doğulanlar və balaca uşaqlar yuxudan 15 dəqiqə əvvəl masaj edilsələr, onlar daha rahat yatırlar. Körpələri uşaq yağları ilə masaj edə bilərsiniz.

12. Gündüz yuxusu

Uşağın fiziki və zəka cəhətdən inkişafı üçün gündüz yuxusu əsas məsələdir. Bəzi analar gecə daha uzun yatsın deyə, uşağı gündüz yatırtmaq istəmir. Amma onu bilin ki, gündüz yatmayan uşaqlar yorğun olduqları üçün gecələri daha narahat yatır, qısa müddətli yuxulara gedirlər.

13. Səs

Körpələr hələ ana bətnində olarkən səsləri eşidir və anasının səsini digərlərindən fərqləndirirlər. Yuxu vaxtı sakit səs tonu, yavaşca oxunan lay-lay körpənin rahatlaşmasına kömək edəcək. Bundan başqa, lay-lay və mahnı uşaqda stress səviyyəsini aşağı salır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.