Maraqlı

Formula 1 əfsanəsinin qərərgahından Milli.Az yazır - VİDEO - FOTO

20 İyun 2017 10:20
0 Şərh     Baxış: 799

Britaniya dedikdə insanın ağlına gələn ilk şeylər -  "London taksisi", "Big Ben" "Tower körpüsü" və bu kimi digər tanınmış məkanlar.

Ancaq bəlkə də bir çoxlarınız bilmirsiniz ki, Britaniya həm də, Formula yarışı ilə məşhurdur. 

Britaniyada ilk dəfə Qran-pri 1926-cı ildə keçirilib və həmin illərdən ölkənin tanınmasında əsas vasitələrindən birinə çevrilib. Hal-hazırda Formula 1-in mənzil qərargahı və yarışlarda iştirak edən məşhur klubların zavodu Britaniyada yerləşir. 

Ötən həftələrin birində sözügedən klublardan "Red Bull Racing"-in Milton Kins şəhərində yerləşən zavoduna media-turumuz baş tutdu. Bir neçə yerli jurnalistləri qəbul edən klub üzvləri maraqlı açıqlamalar verərək milyonlarla qiyməti olan bolidlərin hazırlanmasından danışdılar. 

Jurnalistlərə dolğun məlumat verərək bələdçilik edən Viktoriya adlı xanım turu ilk olaraq "Red Bull Racing"in "mətbəx"indən başladı. Onun sözlərinə görə, bu il komanda pit-stopda yeni rekorda imza atıb.

"Növbəti yarışlarda isə bolidin təkərlərinin enli olmasından vaxtda bir az dəyişikliklər nəzərdə tutulur, nəticə baxımından pit-stop 2.33 olacaq. Mexaniklər, demək olar, hər gün saat 15:00 radələrində burada məşqlər edirlər". 

Kubokların məkanı dedikdə insanın ağlına gələcək yeganə yer buradır: Resepşn bölməsinə girdikdə qonaqları ilk qarşılayan insanlar deyil, klub pilotlarının qazandığı kuboklar olur. Bura sanki, "Red Bull Racing"in xatirə güşəsidir.

Viktoriya deyir ki, 2014-cü ilin yeni il axşamı buraya basqın olub: "Qarətçilər gecə vaxtı kubokları oğurlamaq üçün bazaya basqın etmişdilər. Onlar kubokların qızıl olduğunu düşünüb onları oğurlamışdılar, ancaq qarətçilər kubokların sadə metaldan hazırlandığını anladıqdan sonra onları yaxınlıqdakı gölə ataraq ərazidən uzaqlaşmışdılar. Polislər isə bir müddət araşdırmadan sonra qarətçiləri yaxalayıb barmaqlıqlar arxasına göndəriblər".

Daha sonrakı ekskursiyamız sistemləşmə otağına idi, burada ağ xalatlı işçilər bolidlərin daxili "orqan"larını hazırlamaqla məşğul idilər və demək olar ki, milyonlarla qiyməti olan bolidlər burada yaranmağa başlayır: 

"Əsas maraqlı olanlardan biri isə bir çoxlarının bilmədiyidir. Bir bolidin içərisində 7 km-lik naqil yerləşir. Zavodda işləyənlər isə 45 dəqiqdən bir çölə çıxıb azacıq dincəlir və yenidən işə qayıdırlar. Bu, məkanın əsas qanun-qaydalarından biridir". 

Siz heç düşünmüsünüzmü ki, bir bolidin üzərindəki rəngləmə işləri hansı üsulla hazırlanır və bu rənglənmə sürətə hansı nəticələr verə bilər? Yarışlarda iştirak edən komandalar hər il, demək olar, durmadan bu üzlənmə ilə bağlı yeni-yeni "gizli" icadlar edirlər ki, bolidin küləyə qarşı olan sürətində problemlər yaranmasın. 

Bir bolidin rənglənməsi düşünülməyəcək qədər uzun zaman aparır, bunun səbəbi isə odur ki, hər bolidin üzlənməsi mat rənglərlə əl işləridir. 

"Bolid starta çıxmamışdan öncə hər bir hissəsi yoxlanılır, o cümlədən də çəkisi nəzərə alınır. Adi hallarda bu göstərici təkərlərsiz 722 kiloqram edir" - Viktoriya bildirib. 

Daha sonrakı məkanlardan biri avtomobilin detallarının hazırlanma otağı idi. Otaq dedikdə buranı balaca bir yer kimi təsəvvür etməyin. Sözügedən məkanın özü də, sanki, bir zavoddur. Əsas 3D printerlərlə hazırlanan detallar bir neçə gün ərzində öz formasını alır. Elə məkanda olduğumuz vaxtda da printer bolidin hansısa detalını hazırlamaqda idi. 

Növbəti üz tutduğumuz yer bolidin özü deyil, təkərlə bağlı olan məkandır. Burada təkərlərə bağlanan detalların hazırlanması ilə məğul olurdular. Zavod işçiləri bizə həmin detallardan bir neçəsini təqdim edərək onların çəkisindən də söz açdılar. 

Onlar bizə eyni detaldan iki cür olanını təqdim edərək çəkisinə baxmağı istədilər: Dəmir və aliminium. Əlbəttə ki, dəmir aliminiumdan çox idi. Bu eksperimentlər isə onun üçün idi ki, göstərici olaraq bildirsinlər ki, əgər detallar dəmir parçasından olsa, bolidin ağırlığı normalda olan 722 kiloqramdan qat-qat çox olar. 

Yan otaqda yenə də ağ xalatlı insan iş başında idi. Viktoriyanın sözlərinə görə, həmin yerdə bir qram da belə toz yoxdur. Orada olan şəxslər isə hər 45 dəqiqədən bir istirahət üçün çıxıb qayıtdıqdan sonra yoxlanışdan keçirlər. 

Mən ömrümdə ilk dəfə idir ki, bu ölçüdə isidici pressləmə aparatı qarşısında dayanmışdım. Bu gördüyünüz çənə bənzər isidicilər, bolidin yaradılmasında böyük rol oynayır. Qatlarla hazırlanan hissələri biri-birinə sıxılaraq sobalara göndərilir, onun içərisində isə temperatur ağlasığmaz dərəcədədir. 

Sonda isə "Red Bull Racing" klubu haqda qısa məlumat vermək istərdim:

Tarixi uzaq keçmişə söykənməsə də, klub 12 illik fəaliyyətində 4 dəfə dünya çempionu və konstruktorlar kubokunu əldə etməyi bacarmışdı. 

"Red Bull Racing" F1 çempionatında iştirak edən Avstriya komandasıdır. Klub 12 illik fəaliyyətində, 2010-2013-cü illərdə dalbadal konstruktorlar kuboklarının qalibi olub. 

"Red Bull" konservinin sahibi Ditrix Mateşiç yaratdığı komandanın bazası yuxarıda qeyd etdiyim kimi, İngiltərənin Milton Kins şəhərində yerləşsə də, "Red Bull Racing" Avstriya lisenziyası ilə çıxış edir. 

Hazırda komandaya bir müddət əvvəl saytımıza müsahibə verən Kristian Horner rəhbərlik edir. 

Ceyhun Ələkbərov

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Formula 1 əfsanəsinin qərərgahından Milli.Az yazır

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.