"Tell Mike it was only Business..." Əfsanəvi kinorejissor Frensis Ford Koppolanın "Godfather" ("Xaç atası") filmində Salvatore Tessio obrazı "Mayka deyin ki, bu sadəcə, biznesdir" ifadəsi ilə yadda qalmışdı.
Filmdə həmin obrazı yaratmış aktyor Eyb Viqoda 94 yaşında vəfat edib.
O, "Barney Miller" serialındakı detektiv Fil Fiş rolu ilə də məşhurlaşmışdı.
Aktyorun qızı Kerol Viqoda Fuksun dediyinə görə, atasının ölüm səbəbi qocalıqdır. "O, heç vaxt xəstələnməyib".
Eyb Viqoda ömrünün son illərini Nyu-Cersi ştatında, Vudlend Park şəhərindəki evində keçirmişdi.
Abraham Çarlz Viqoda 1921-ci ildə Nyu-Yorkda, rusiyalı mühacirlərin ailəsində doğulub. Karneqi-Holldakı dramatik sənət məktəbində oxumuş Viqodanın kinematoqrafdakı debütü 1965-ci ildə rejissor Marsel Karnenin "Manhettendə üç otaq" filmində olub.
Viqodanın ən məşhur rolu Mario Pyuzonun romanı əsasında çəkilmiş "Xaç atası" filmindəki Tessio obrazıdır.
Milli.Az