Maraqlı

İradəcə zəif insanlar həmişə eyni ssenarini təkrarlayırlar

13 Oktyabr 2015 21:40
1 Şərh     Baxış: 3 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəmiyyətimizdə və dünyada yaşanan problemlər bir insan olaraq hər birimizə təsir edir. Amma kimisi bundan daha çox, kimisi də daha az təsirlənir. Eyni hadisənin iki insana necə fərqli təsir göstərdiyini hər birimiz görmüşük. Ekspertlər bu fikirdədirlər ki, bütün bunlar insanların ruhi sağlamlığı ilə də bağlı olan bir məsələdir. Yəni insan var ki, kökündən qurumuş ağac kimidir, bir zərbə lazımdır ki, yıxılsın. Yaxud insan var ki, istismar müddəti başa çatan ev kimidir, adi bir titrəyiş uçub dağılması üçün bəsdir.

Bir də həyatın bütün çətinliklərinə rəğmən, hər zaman ayaqda durmağı bacaran, optimist, əhvali-ruhiyyəsi yerində olan insanlar var. Biz də həmin insanlardan biri ola bilmərikmi? Bunun üçün nəyimiz çatmır, nə etməliyik?

Türkiyəli psixiatr Elif Mutlunun fikrincə, "zəif insanlar"ın həyatına diqqət yetirsək görərik ki, onlar yaxın münasibətlərdə, qərar vermə anlarında həmişə eyni ssenarini təkrarlayırlar.

Halbuki nəticənin dəyişməsi üçün, sadəcə, digər insanların, çevrənin, şərtlərin dəyişməsini gözləmək çox vaxt işə yaramır - özümüzün də dəyişməyimiz lazım gəlir.

Bədənimiz kimi, iç dünyamızın da sərhədləri vardır. Məsələn, qələbəlik bir yerdə tanımadığımız bir insan bizə çox yaxınlaşsa, gözləmədiyimiz qədər isti münasibət göstərsə, narahat olarıq. Eyni şey əlaqələrimiz üçün də keçərlidir. Bəzi əlaqələrimiz daha yaxın, bəziləri daha uzaqdır və məsafəni biz müəyyənləşdiririk. Hər nə qədər yaxın olsaq da, başqaları ilə eyni ruhun daşıyıcıları deyilik. Bu mənada, bizim qəmgin olmağımız başqalarının da qəmgin olacağı mənasına gəlmir. Sıxıntılarımızı başqalarının aradan qaldırmasını gözləmək, bizimlə tam olaraq eyni şeyi hiss etməsini, hətta bizim yerimizə addım atmasını gözləmək, bir müddət sonra çarəsizlik hissi meydana gətirir.

Eyni şəkildə başqalarının sərhədini də qəbul etmək önəmlidir. Bunlar nəzərə alındıqda başqalarının sərhədlərini qəbul etmək problem ola bilməz.

İnsan çox şey istəyə bilər. Amma içimizdən gələn şeylər üçün tez hərəkətə keçməmək, öncə özümüzə imkan, vaxt vermək deməkdir. Bu isə çox zaman faydalıdır.

Azadlığın istədiyimiz hər şeyi edə bilmək olduğunu düşünürük. Halbuki azadlıq istədiyin hər şeyi edə bilmək deyil, bəzi şeyləri istəsən də etməməyi seçməkdir...

 Əngəllər

Həyatda hər an əngəllərlə qarşılaşırıq. Zəng vurduğumuz insan telefonu açmaya bilər, çox çalışdığımız bir imtahanı keçməyə bilərik, ən layiq olan biz olsaq da, tərifi başqaları ala bilər. Arzuladığımız maşını almağa pulumuz çatmaya bilər. Amma bu, həyatın sonu demək deyil. Əngəlləri və itkiləri qəbul etdiyimiz zaman toparlanıb yola davam etmək üçün daha çox şansımız olacaqdır...

"Yox" deyə bilin

İstəmədiklərimizə "yox" deyə bilmək sərhədlərimizi qorumanın bir yoludur. Bəzən başqalarının könlünü xoş edə bilmək üçün hər şeyə "hə" deyirik. Amma bu, heç də həmişə məqbul sayıla bilməz. Başqalarının sevgi və təsdiqini itirməmək üçün ağına-bozuna baxmadan hər şeyi qəbul etmək sevgini davam etdirməyi təmin etmədiyi kimi, insanda çarəsizlik, canı sıxılma kimi hisslərə də yol aça bilir.

Məhsuldar olun

İnsanın bir məqsədinin olması, bir işə sahiblənməsi, əmək sərf etməsi doyumlu bir həyat üçün çox önəmlidir. Aparılan bir araşdırmaya görə, həyatda bir məqsədi olan insanlar daha uzun ömür sürürlər.

Keçmiş və gələcək arasında tarazlıq qurun

Keçmişi düşünmək bir mərhələyə qədər faydalıdır. Gələcək üçün planlar qurmaq bundan sonrakı yol xəritəmiz üçün vacibdir. Ancaq keçmişlə həddindən artıq şəkildə məşğul olmaq, keçmişdə etdiklərimiz, ya da başımıza gələnlərlə əlaqədar davamlı peşmançılıq hissi özünə qapılmağa gətirib çıxarır və biz bu düşüncələrlə məşğul olarkən bugünkü günümüz də axıb gedir.

Keçmişdə ilişib qalmaq və gələcəyə fokuslanma arasında tarazlıq qurub, indiki zamanın fərqində olmaq hədəfdən yayınmamağın, şansları dəyərləndirməyin yoludur.

 Düşüncələrinizi paylaşın

Ünsiyyətcil olmaq, öz fikirlərini, baxışlarını, duyğularını başqalarına zərər verməyəcək şəkildə ortaya qoya bilmək deməkdir. Bir çox insanlar başqalarına ayıb olacağı, ya da başqalarını üzəcəyi düşüncəsi ilə özünü ifadə etməkdən qaçırlar.

Halbuki hisslərimizi və düşüncələrimizi ortaya qoymağımız, insanlarla təmasda olmağımız, özümüzün fərqinə varmağımızın yoludur. Üstəlik, duyğuları ifadə etmək daxili tərəddüdlərə əngəl olur və özünü ifadə edən insanlar çox vaxt başqalarının gözündə dəyər və sevgilərini itirməzlər. Əgər əksini düşünürsünüzsə yanılırsınız.

Özünü ünsiyyətcil kimi təqdim edə bilməyən insanlar sonra passiv, ya da aqressiv davranırlar ki, bunlar da uğur gətirmir.

 Zehni və fiziki sağlamlığınıza önəm verin

Ruhi sağlamlıqla fiziki sağlamlığın ayrı şeylər olduğu düşünülsə də, əslində, zehnimiz və bədənimiz bir-biri ilə sıx əlaqədədir. İç dünyamızdakı aqressiyanın, gərginliyin, narahatlığın bir qismi əgər başqa bir ifadə yolu tapmırsa, fiziki simptomlar şəklində özünü göstərir. Bədənimizdə baş verənlər özümüzü necə hiss edib, necə düşünməyimizə çox vaxt təsir göstərir. Sağlamlığımızı qorumaq üçün zehnimizə və bədənimizə bir arada diqqət göstərməli və onların müstəqil olmadıqlarının fərqinə varmalıyıq.
"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.